Onlayn ictimai-siyasi qəzet
Bununla neçənci dəfədir, supermarketdə alış-veriş edib kassaya yaxınlaşanda kassirin yanında dayanmış gözəl bir qız “müəllim, siqaret çəkənsinizmi” deyə mənə müraciət edir.
Hər dəfə də klassik dərs hissə müdirləri kimi deyirəm: “Xeyr, siqaret çəkən deyiləm, heç kimə də siqaret çəkməyi məsləhət görmürəm”.
Gözəl qızlar yüngülvari məyus olurlar, çünki onlar alıcılara siqaret tövsiyə etmək üçün orada durublar və bu canlı reklam işinə də sırf gözəl olduqları üçün seçiliblər.
Mənfur kapitalistlər hələ yüz il öncədən bu zəhərli tüstünü insanlara gözəl qablaşdıraraq, gözəl-gözəl reklam edərək satırlar. Düzdür, son illər tütün məmulatlarının reklamı rəsmən qadağan edilib, amma qlobal tütünçülər də onu bazarlamağın alternativ yollarını tapıblar.
Budur, siqaretlə bağlı iki xarici xəbər var: 1. Yeni ilin gəlməsi ilə Türkiyədə siqaretin qiymətlərində artım olub və artıq qardaş ölkədə ən ucuz siqaret 81 lirədir (bizim pulla 3.89 qəpik); 2. Özbəkistan parlamenti ölkədə elektron siqaretlərə tam qadağa qoyulan qanun qəbul edir.
Siqaret aludəçilərinin gözündən iraq, siqaret elə baha olsa, yaxşıdır. Bəlkə bu minval ilə siqaret çəkənlərin sayı bir az azalar. Hərçənd hər şeyə qənaət edən, amma siqaretə lazımi qədər pul verənlər N saydadır.
Hamısı da bilir ki, siqaret cana, cibə, hər şeyə ziyandır, amma yenə də çəkirlər. Bir oxumuş tanış var, tam əminliklə deyir ki, son min ildə bəşər oğlunun iki ən böyük pis icadı var, biri atom bombasıdır, o biri də... Artıq bildiniz, nədir.
Adamla razılaşmamaq olmur. Siqaret tüstüsü az qala ildə Xirosimada ölənlər qədər adam öldürür, amma yenə də bəşəriyyətin ən sevimli istehlak məmulatı olaraq qalır. Sirri-xudadır, fenomendir, nədirsə, belədir.
Bir ara, elektron siqaretlər təzə çıxan vaxt adamlarda belə qənaət vardı ki, bu, ənənəvi siqaretlərlə müqayisədə daha az zərərlidir. Yarpaq tütündən elektron mayeyə transfer edənlər vardı. İndi dünyanın 120 ölkəsində elektron siqaretlərin istifadəsini ya məhdudlaşdırıblar, ya da qadağan ediblər. Bu, daha zərərli imiş.
Dəli şeytan deyir, inanma ki, bu yeni növ siqaretlər dədə-baba siqaretindən daha zərərli ola, bu qadağanı güman ki, milyarder tütünçülər etdirir, bazar intriqasıdır.
Mütəxəssis olmadığım üçün dəqiq deyə bilmərəm, bildiyim odur ki, ikisi də zərərlidir. Ola bilər, 50/50-yə deyil, biri 51, o biri 49 faiz nisbətdə zərərlidir. O 1 faizə görə durub tərəf tutası, lobbiçilik eləyəsi deyilik. Bizimki odur ki, oxucu-alıcılara tövsiyə edək, çəkməsinlər.
Bunu tələbə vaxtı təşərlənib əvvəlcə “Rodopi”, sonra “Kosmos”, lap axırda “Marlboro” alıb dadına baxmış və 1 ayın içində heç birindən dad almamış, axırıncı markadan olan siqaretin, demək olar ki, dolu qutusunu (-2 ) Qasım kişinin yataqxanasının eyvanından atmaq istəmiş biri kimi deyirəm. (Fəqət otaq yoldaşlarım o dolu qutunu əzib atmağa imkan vermədilər, əlimdən alıb özləri çəkdilər, ona görə də yuxarıdakı cümlədə “atmış” yox, “atmaq istəmiş” feilindən istifadə edəsi oldum).
Yəni bunların ən yaxşısı o tərifli, ağ-qırmızılı qutuda satılan tütün məmultaıydısa, anti-reklam olmasın, o da bir zəhrimar deyil. Hətta üstündə dəvə şəkli olan sarı qutudakı da zəhərdir, eləcə motosikletçi gədənin reklam etdiyi şoqərib də.
Amma neynirsən, bütün ölkələrin səhiyyə nazirlikləri ha xəbərdarlıq edir ki, siqaret sağlamlıq üçün zərərlidir, yenə xeyri yoxdur, çəkən çəkir. Bəzi siqaret qutularının üstünə nikotinin pis günə qoyduğu ağciyər şəkli də həkk edirlər ki, bu, antireklama görə siqaret satışı bir az azalsın. Yenə xeyri yoxdur.
Son məlumata görə, əksər ölkələrdə yeniyetmələr və gənclər böyüklərə nisbətən elektron siqaretdən 3 dəfə çox istifadə edirlər. Bəlkə də ona görə ölkələrin parlamentləri elektron siqaretləri yasaqlayır ki, gənclər dədə-baba ənənəsinə sadiq qalsınlar.
“Dədə-baba ənənəsi” demişkən, bizim kənddə bir çox ağsaqqal veteranlar tütünü qəzet kağızına büküb çəkirdilər – müharibə dövrünün “maxorka” çəkilişinə sadiq qalırdılar. Cavan nəsil onlara ya “Avrora”, ya da filtrli siqaretlər təklif edirdilər, amma ağsaqqallar deyirdilər, bunlar yaxşı papuruz deyil, söndürmür. Axıra qədər də təmbəkiyə sadiq qaldılar. İndi onların nə qədər yaşadıqlarını da yaza bilərəm, amma tütünün reklamı kimi çıxa bilər deyə yazmıram. Sadəcə, onu deyə bilərəm ki, o möhkəm kişilər yüz faiz 100 yaşı vura bilər, onun ətəyində qalmazdılar - əgər vaxtında “maxorka”da imtina etsəydilər.
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ