İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atı arabanın arxasına qoşmaq” istəyənlərin məkri - İrəvanla danışıqların anlamı qaldımı?

“Kapitulyant ölkənin Qarabağın ermənilər yaşayan hissəsində Azərbaycan hakimiyyətini tanımaq fikri yoxdur...”

Xəbər verildiyi kimi, avqustda Moskvada Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyaların nümayəndələrinin iclası keçiriləcək. Bu barədə “Sputnik Ermənistan”a Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisində məlumat verilib. “Lakin görüşün dəqiq tarixi hələ dəqiqləşdirilməyib”, - ofisdən bildirilib.

Ancaq elə eyni gündə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqroyan müsahibəsində bildirdi ki, daha Ermənistandan Qarabağa hərbi çağırışçılar göndərilməyəcək, amma “Dağlıq Qarabağda yerli çağırışçıların separatçıların ”müdafiə ordusu"nda xidmətə çağırışı davam edəcək".

Yəni İrəvan Azərbaycanın ərazi bütövlüyünü nəinki tanımamağa, üstəlik, Qarabağ anklavında qanunsuz şəkildə möhkəmlənməyə davam edir. Belə olan surətdə 2-3 aydan bir toplaşacaq sərhəd komissiyalarının işi nə fayda verə bilər? Bu, izafi vaxt itkisi deyilmi? Ondansa yaxşı olmaz ki, əsas diqqət sülh müqaviləsinin imzalanmasına yönəldilsin? Yəni “atı arabanın arxasına yox, qabağına bağlamaq” haqda düşünülsün.

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, sözügedən komissiyanın üzvlərinin növbəti görüşü ərəfəsində Mqer Qriqoryanın verdiyi iki açıqlama diqqəti cəlb etdi: “Ermənistanın Qarabağa hərbi çağırışçılar göndərməyəcəyi barədə deyilənlər həqiqətə çevrilsə, bu, yaxşı haldır. Eyni zamanda Qarabağdakı Ermənistan silahlı birləşmələrinin çıxarılacağı barədə deyilənlər də müsbətdir. Ancaq Ermənistanın dövlət rəsmisinin yenə də ”Qarabağın müdafiə ordusu"ndan danışması İrəvanın ikibaşlı oyun oynamasının göstəricisidir.

Bu, artıq Ermənistanın yeni-yeni variantlar ortaya atmaqla məsələni uzatmaq və Ermənistan ictimai rəyini sakitləşdirməyə hesablanıb. Çünki Ermənistan yaxşı bilir ki, Qarabağda çox cüzi sayda erməni əhali yaşayır və o cüzi əhalinin “çağırışçıları”nın sayı heç bir “müdafiə ordusu” filanı yaratmaq üçün yetərli deyil. Azərbaycan Ordusu bir neçə saata həmin “müdafiə ordusu”nu məhv etmək imkanındadır. Ermənistan, sadəcə, yenə də prosesləri uzatmaq istəyir. Mən hesab edirəm ki, Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasına məcburən gedəcək və sonra da sülh sazişinin imzalanması istiqamətində real iş başlanacaq. Bunun üçün Rusiya da artıq Ermənistana müəyyən təzyiqlər etməyə başlayıb". 

Akif Nağı: “Rusiya Ukraynanı itirdi”

Akif Nağı 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Ermənistanla danışıqların aparılması vaxt itkisindən başqa bir şey deyil: “Onlar  danışıqlardan vaxt qazanmaq, indiki ağır durumdan əlverişli şərtlərlə çıxmaq istəyirlər. Onların Qarabağın ermənilər yaşayan hissəsində Azərbaycan hakimiyyətini tanımaq fikri yoxdur. Bunu bilməli və işimizi düzgün qurmalıyıq. Ermənistan rəhbərliyi sərhədlərin demarkasiyasından danışır, o tərəfdən də Qarabağın ermənilər yaşayan ərazilərinə hərbi qüvvə toplayır. Bir tərəfdən deyirlər ki, Ermənistan silahlı qüvvələri bölgəni tərk edir, o biri tərəfdən orada guya üzdəniraq ”müdafiə ordusu"nun olduğunu iddia edirlər. Burada məqsəd “müdafiə ordusu” dediklərinin tərkibində Ermənistanın hərbi qüvvələrini saxlamaqdır.

Əslində orada heç bir ordu yoxdur, terrorçu qruplar var. Azərbaycan tərəfi ləngimədən həmin terror qruplarını məhv etməlidir. Dediyiniz “sülh müqaviləsi” oyunlarına da girməyə ehtiyac yoxdur, o da vaxt itkisi olacaq. Azərbaycan öz qarşısına ilk növbədə Xankəndində qanuni hakimiyyətimizin bərqərar olması hədəfini qoymalı, danışıqlarda ən əvvəl bu məsələnin müzakirəsinə nail olmalıdır. Belə etməsək, hələ uzun müddət ermənilərlə mənasız yerə “çənə döyməli” olacağıq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR