İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-da böhran - Gürcüstan da qapını çırpıb getdi, Azərbaycan isə...

Xəbər verildiyi kimi, AŞ PA-nın son qış sessiyasında Gürcüstanın səs hüququ saxlansa da, ölkə bu qurumda öz fəaliyyətini dondurub. Səbəb qəbul edilən qərəzli qətnamədə rəsmi Tiflisdən yeni parlament seçkiləri keçirməyin tələb edilməsidir. Gürcüstanın baş naziri İrakli Kobaxidze bu qətnaməni “absurd” adlandırıb.

“Bu qərar Avropa bürokratiyasının kifayət qədər çətin vəziyyətdə olduğunu göstərir. Bu həm Brüsselə, həm də Strasburqa aiddir. Bunun ən son təzahürü isə gördüyümüz ədalətsizlik oldu. Hətta ədalətsizlikdən də çox, bu, tamamilə absurd qərar idi”, - Kobaxidze yerli TV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, Gürcüstana münasibət dəyişərsə, AŞPA-da işə qayıdacaq: “Lakin hazırkı vəziyyətdə ”əlbəttə ki, orada işləməyin mənası yoxdur. Eyni zamanda, ölkə Avropa Şurasının üzvü olaraq qalır və əməkdaşlığa hazırdır".

Beləcə, Azərbaycandan sonra Gürcüstan da bu mənasız qurumu faktiki tərk etdi. Sıra hansı ölkədə? Nədən AŞ PA dərnək tipli quruma çevrilməkdədir? Azərbaycan və Gürcüstanın bu məsələdə ortaq addımlar atması mümkündürmü? Bu arada Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lüksemburqun baş naziri Lyük Friden AŞ PA-nın qış sessiyasındakı çıxışında bildirib ki, Azərbaycan islahatların həyata keçirilməsi zamanı Avropa Şurasının dəstəyindən faydalanıb və Strasburq bunu etmək üçün Azərbaycanı təşviq etməyə davam etmək fikrindədir. Friden həmçinin deyib: “Hesab edirəm ki, Avropa Şurasının müsbət aspektlərindən biri Azərbaycan nümayəndələrilə ünsiyyət, fikir mübadiləsi üçün kanaldır, insan hüquqlarını necə təşviq etdiyimizi və öz ölkələrimizdə həyata keçirdiyimizi nümayiş etdirməkdir”. Onun sözlərinə görə, bu kanalları “açıq” saxlamaq vacibdir. “Biz istənilən digər ölkə kimi, Azərbaycan hakimiyyətilə də dialoqun qəti tərəfdarıyıq və onları Avropa Şurasının təsis sənədlərində təsbit olunmuş bütün prinsiplərə hörmət etməyə çağırırıq”, - Friden əlavə edib.  Bakı-AŞ əlaqələrinin tezliklə sahmana düşməsi mümkün görünürmü?

Hikmət Babaoğlu: "Azərbaycan dünya siyasətinin gündəmini müəyyən edən  ölkələrdən birinə çevirilməkdədir"

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, AŞPA üzv dövlətlərə dövlət üstü qurum kimi davranmağa çalışır: “Amma heç bir beynəlxalq təşkilat dövlət üstü qurum deyil. Çünki dövlət milli iradənin təcəllisidir və hər hansı beynəlxalq təşkilat milli iradədən üstün ola bilməz. Beynəlxalq təşkilatlar sadəcə bərabərhüquqlu tərəfdaşlıq məkanıdır. Ancaq çox təəssüf ki, Azərbaycandan sonra Gürcüstana qarşı da AŞPA-nın qərəzli davranması AŞPA-nın özünü dövlətüstü qurum kimi görməyindən irəli gəlir. Bu, nə AŞPA-nın nizamnaməsində, nə də bu qurumun dəyərlər prinsipində əks olunmayan məsələlərdir. Bir xalq öz iradəsini ifadə edərək öz milli hökumətini müəyyənləşdirib. Heç bir beynəlxalq təşkilat xalqın iradəsi üzərində imperativ mövqe qurub onun iradəsini tanımaya bilməz”.

Deputatın sözlərinə görə, AŞPA Gürcüstanda bunu istəyir: “Deyir ki, ”siz seçkilərin yenidən keçirilməsi ilə bağlı qərar qəbul edin, sonra biz sizinlə bağlı mövqeyimizi dəyişək". Əlbəttə ki, bu, yolverilməzdir. Ona görə doğrudan da absurd bir mövqedir. Azərbaycana qarşı münasibətdə də AŞPA eyni şəkildə davrandı. AŞPA Avropa İttifaqının insan hüquqları üzrə ixtisaslaşmış Şurasının struktur vahididir. Azərbaycan AŞPA-nın dəyərlərinə və beynəlxalq hüquqa istinad edərək ölkəmizdə bir milyona yaxın məcburi köçkünün hüquqlarını bərpa etdi. 2023-cü ildə isə Azərbaycanın suveren hüquqlarını bərpa etdi. Bunun hər ikisi insan hüquqları hadisəsidir və milli dövlətin öz hüquqlarını bərpa etməsi hadisəsidir. AŞPA doğrudan da hüququ əsas prinsip kimi qəbul edirsə o zaman Azərbaycana bir təşəkkürnamə göndərməli idi ki, nə yaxşı bizim də dəyərlərimiz olan insan hüquqlarını bərpa etdiniz, 750 mindən çox insanı öz ata baba yurdlarına qaytarırsınız, AŞPA bunu alqışlayır. Çox təəssüf ki, AŞPA Azərbaycana münasibətdə də dövlətüstü qurum kimi davranmağa cəhd edərək onun beynəlxalq hüquqa uyğun qələbəni həzm eləyə bilmədi. Əlbəttə Azərbaycan bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. O cümlədən AŞPA ilə münasibətləri yenidən bərpa etməyə hazırdır, əgər AŞPA da bunda maraqlı olarsa. Əks təqdirdə Azərbaycanın AŞPA-ya qayıdıb-qayıtmaması Azərbaycan üçün heç nəyi dəyişməyəcək. Şübhəsiz ki, məsləhətləşmələr aparılıb AŞPA-ya münasibətdə Gürcüstan-Azərbaycan addımları müzakirə edilə bilər".

Səbinə Salmanova: Ölkəmizdə siyasi partiyalar həmrəylik nümayiş etdirirlər  - AZƏRTAC

Deputat Səbinə Salmanova “Yeni Müsavat”a bildirdi ki, Avropada və dünyadakı bəzi qərəzli, ədalətsiz təsisatlar kimi, Avropa Şurası və onun Parlament Assambleyası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı tarixi uğurlarını qəbul edə bilmir: “İllərdir ki, bəzi Qərb dairələrinin əlində alət olan bu qurumdan ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə edilir”. Onun sözlərinə görə, 2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzv olarkən əsas məqsədlərindən biri bu idi ki, təşkilat işğal faktına aydın və qətiyyətli reaksiya versin, ona son qoyulması üçün Ermənistana qarşı konkret addımlar atılsın: “Bu, Azərbaycanın Avropa Şurasından əsas gözləntiləri idi. Lakin faktiki olaraq bizim Avropa Şurasından gözləntilərimiz özünü doğrultmadı. 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA Ermənistandan qurumun əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etmədi. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir. Uzun illər ərzində AŞPA Ermənistanın ölkəmizə qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görmədi, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətləndi. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Ancaq biz Ermənistana qarşı hər hansı bir sanksiyanın şahidi olmadıq. Belə olan halda AŞPA kimi ikili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Əlbəttə ki, heç nəyinə!”

S.Salmanova qeyd etdi ki, Azərbaycan özünə hörmət edən, öz milli maraqlarını qoruyan və digər ölkələrdən  və təşkilatlardan da bunu gözləyən dövlətdir:  “Ölkəmiz bütün beynəlxalq təşkilatlarla sağlam əməkdaşlıq etmək istəyir və bu istiqamətdə zəruri addımlar atır. Hesab edirəm ki, AŞPA Azərbaycanı etmədiyi şeylərə ittiham eləməsə, ölkəmizə qarşı normal münasibət göstərsə, bizimlə hesablaşsa, ölkəmiz bu təşkilatla əlaqələrin bərpa edilməsi məsələsini nəzərdən keçirə bilər. Əks təqdirdə, bizə qarşı  normal münasibət göstərməyəcəklərsə, mövcud reallığı qəbul etməyəcəklərsə biz o təşkilatla necə münasibətləri bərpa edək?! Görünən odur ki, AŞPA-nın destruktiv siyasəti onu gözdən salır və təşkilata inamı sıfra endirir. Ölkəmiz hər zaman ədalətin tərəfindədir. Azərbaycana qarşı təhdid, qarayaxama kampaniyası qəbulolunmazdır. Biz milli maraqlarımızı müdafiə edəcəyik, heç kimin maraqlarıyla öz siyasətimizi təşkil etməyəcəyik. Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim siyasətimizə ancaq Azərbaycan xalqı, onun iradəsi təsir edə bilər”.

 Etibar SEYİDAĞA
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR