Onlayn ictimai-siyasi qəzet
Sosioloq və hüquq müdafiəçisi deyir ki, əsas günahkar...
Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 6-da Bakıda keçirilən “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, vaxtında və operativ yardım xidmətlərinin göstərilməsi zərərçəkmiş şəxslərin dövlət orqanlarına və digər xidmət subyektlərinə etimadını artırıb: “Son dörd ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər üç dəfə artıb. Zorakılığın səbəb və nəticələrinin, təkrar başvermə riskinin aradan qaldırılması, törədənlərin cəzalandırılması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər gücləndirilib, polis əməkdaşları təlimatlandırılıb. Baş Prokurorluqda Cinayət təqibindən kənar İcraatlar İdarəsi yaradılıb, həmçinin intihar hallarının qarşısının alınması üzrə İşçi Qrup fəaliyyətə başlayıb”.
Tədbirdə çıxış edən Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə zorakılıq dedikdə təkcə fiziki yox, psixoloji zorakılığın da nəzərə alınmalı olduğunu vurğulayıb. O bildirib ki, ölkəmizdə ictimai qınaq yoxdur. “Kiminsə yanında zorakılıq baş verdiyi halda gözünü yummamalıdır. İctimai qınaq güclənsə, belə əməllərin sahibləri başa düşərlər ki, onlar qəbul edilməyəcəklər”, - deyə Hicran Hüseynova əlavə edib.
Avropa Şurası Gender bərabərliyi şöbəsinin müdiri Katerina Boloneze isə dünyada üç qadından birinin zorakılığa məruz qaldığını deyib.
“Zorakılıq cəmiyyət üçün ağır yükdür. Ona görə bunun qarşısının alınması üçün koordinasiyalı hərəkət edilməlidir. Günahkarlar təqib edilərək cəzalandırılmalıdır. Həmçinin monitorinq fəaliyyəti tam şəkildə həyata keçirilməlidir. Qadınların səlahiyyətləndirilməsi təşviq edilməlidir. Vətəndaş cəmiyyəti bu mövzuda birlikdə olmalıdır. Məsələyə qlobal miqyasda yanaşmaqla, təcrübələrimizi bölüşərək məsələnin həllinə töhfə verə bilərik”, - deyə Boloneze qeyd edib.
Bəs ölkədə məişət zorakılığının 3 dəfə artmasının səbəbləri hansılardır?
Üzeyir Şəfiyev
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, məişət zorakılığı dedikdə təkcə qadına qarşı zorakılığın nəzərdə tutulması doğru yanaşma deyil: “Yəni məişət zorakılığı təkcə qadınlara qarşı zorakılıq anlamına gəlməməlidir. Burada təkcə kişi-qadın münasibətlərindəki zorakılıq halları deyil, uşaq məsələsi də var. Hər kəsə məlumdur ki, bu gün xeyli sayda uşaq məişət zorakılığından əziyyət çəkir, münaqişəli, konfliktli ailələrdə böyüyür. Bu zorakılıqlar, konfliktlər onlarda travmatik vəziyyət yaradır və bu bir ömür boyu uşağı müşayiət edir. Həmin uşaqlar da böyüyəndə bu zorakılığı ailələrində qarşı tərəfə tətbiq edirlər. El arasında belə bir məsələ var, "Aşıq gördüyünü çağırar". Yəni uşaq nə götürürsə sonradan onu öz ailəsində imitasiya, tətbiq etməyə çalışır, çünki gördüyü odur".
Üzeyir Şəfiyev məişət zorakılığının artmasının bir çox səbəbləri olduğunu bildirdi: “Məişət zorakılığı məsələsi həmişə olub, bütün ölkələrdə, cəmiyyətlərdə var. Panellərdə, çıxışlarda görürük ki, Almaniyada, İngiltərədə və digər ölkələrdə belə hallar var, bu haqda danışılır. O ki qaldı ölkəmizdə məişət zorakılığının 3 dəfə artmasına, əvvəllər məişət zorakılığı ilə bağlı məsələ işıqlandırılmırdı, çünki bu qədər sayt, internet resursları, sosial şəbəkələr yox idi. İndi isə işıqlandırma imkanları çoxdur.
Eyni zamanda sosial şəbəkələr, internet resursları bu və digər şəkildə ailələrə təsir göstərib. Məsələn, boşanmalara baxsaq görərik ki, boşanmaların artma səbəbləri arasında xəyanət faktı çoxluq təşkil etməyə başlayıb. Daha bir məsələ, cəmiyyətdə təkcə qadınlara qarşı deyil, qadınlar tərəfindən kişilərə qarşı da zorakılıq tətbiq edilir. Sadəcə, kişilər bunu dilə gətirmir. Təbii ki, burada təkcə fiziki deyil, psixoloji, iqtisadi, emosional zorakılıq da nəzərdə tutulur. Əksər hallarda emosional zorakılığı müəyyən, təyin etmək çox çətin olur. Məsələn, qadın kişiyə qarşı elə bir reaksiya verə bilər ki, kişi gərgin bir hala düşər, özünü zorakılığa məruz qalmış kimi hiss edə bilər, amma onu sübut edə bilməz.
Bu baxımdan məişət zorakılığı dedikdə burada təkcə birtərəfli, qadına qarşı zorakılıq kimi qiymətləndirmək doğru deyil. Nə qədər ki, biz bu məsələyə düzgün yanaşmayacağıq, bu problem öz həllini düzgün tapa bilməyəcək. Məsələyə kompleksli, ədalətli yanaşmaq lazımdır. Yəni qadınla kişini qarşı-qarşıya qoymaq düzgün deyil.
Müşahidə edirik ki, bəzən qadınlar düzgün maarifləndirilmir. Məsələn, onlar elə düşünürlər ki, dözümsüzlük nümayiş etdirməli və boşanmalıdırlar. Beləliklə, boşanmaların sayı bəzən bu tip səhv maariflənmə, səhv anlaşılma məsələsindən arta bilir. Həmçinin həmin maarifləndirmənin kim tərəfindən aparılmasına da diqqət edilməldir. Biri var ki, bu maarifləndirmə orta statistik, normal ailəsi olan, biri də var ki, natamam ailəsi olan və yaxud hansısa aqressiyalı, içi kin püskürən adam aparır".
Novella Cəfəroğlu
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə mövzuya bu cür rəy bildirib: “Hesab edirəm ki, bu məsələnin kökündən həll olunması qanunların işləməsinə bağlıdır. Yəni zorakılıq haqqında qanun var və o qanunlar işləyərsə, bu cür hallar tamamilə azalar. Doğrudur, televiziya ekranlarında qadına qarşı zorakılıqla bağlı danışılır, müzakirələr aparılır, amma bu, davamlı, mütəmadi olmalıdır.
Cəmiyyətin özü də bu məsələyə səssiz qalmamalıdır. Hamıya məlumdur ki, qohum-qonşu döyülən qadını görür, amma aidiyyəti qurumlara məlumat vermək istəmir, buna maraq göstərmirlər. Cəmiyyətin özündə bir biganəlik var. Yəni həm cəmiyyət, həm də aidiyyəti qurumlar birlikdə bu məsələ ətrafında çalışmalıdır.
İndi kişilər də ailə qarşısında gücsüz olublar. Əvvəllər qardaş çıxırdı bacının qabağına ki, “davranışlarına diqqət et”. Amma indi o sözü deyəndə bacısı deyir ki, “səni məhkəməyə verərəm, tutduracam, necə istəyirəm o cür davranıram, geyinirəm, yaşayıram”. Nəticədə qardaş vurub bacısını öldürür. Məsələ budur. Yəni indi bəzən qadınların, qızların davranışları ürəkaçan olmur və yaxud aqressivlik nümayiş etdirirlər. Nəticədə zorakılıq artır. Necə ki, narkomaniyaya qarşı mübarizə aparırıq, eləcə də zorakılığa qarşı kompleksli şəkildə mübarizə aparmalıyıq".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ