Onlayn ictimai-siyasi qəzet
Ermənilər qondarma artsax iddialarından əl çəkmirlər. “Artsax parlamentari”ləri və Ermənistan Milli Assambleyasının müxalifət deputatları “artsax”ın müstəqilliyi və azadlığı uğrunda döyüşçülərin xatirəsini yad etmək üçün Yerablur hərbi panteonuna baş çəkiblər.
“Ermənistan” müxalifət fraksiyasının deputatı Qarnik Danielyan bildirib ki, “Artsax Milli Assambleyası”nın növbədənkənar iclasında bəyanat qəbul edilib və bu bəyanat tezliklə dərc olunacaq: “Orada beynəlxalq ictimaiyyətə və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə çatdırılacaq mühüm mesajlar var. "Artsax" məsələsi bağlanmayıb. Və biz hər şeyi etməliyik ki, "artsax" ermənilərinin qayıtmaq hüququ məsələsi gündəmin bir hissəsi olsun. Bu istiqamətdə hələ çox iş görülməlidir”.
Belə görünür ki, Ermənistanda revanşizm meylləri artır və separatçı rejimin ləğv edilməsi haqda qərarlarını “xortladırlar”.
Paşinyan onları ram edə bilmir, yoxsa belə vəziyyət ona da sərf edir?
Xatırladaq ki, “artsax” məsələsinin beynəlxalq hüquqda heç bir əsası yoxdur. Azərbaycan 2020-ci ildəki Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa edib və Qarabağ regionunda separatçı rejimin varlığı artıq tarixə qovuşub. Bu baxımdan Ermənistanın bu kimi bəyanatları əslində beynəlxalq hüququn prinsiplərinə hörmətsizlikdir və Ermənistanın sülh prosesinə qeyri-ciddi yanaşmasını göstərir. Həmçinin o da məlumdur ki, Ermənistan bəzi Qərb dairələrinin dəstəyini qazanmaq üçün “artsax məsələsi”ni qabartmağa davam edir. Əsas məqsəd, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini pozmaq və Azərbaycanın beynəlxalq aləmdə təzyiq altında qalmasını təmin etməkdir.
Bəs bu vəziyyətdə Azərbaycan hansı addımları atmalıdır?
Aydın Mirzəzadə
Mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində vaxtilə fəaliyyət göstərmiş keçmiş separatçı rejimin nümayəndələri və Ermənistanın müəyyən dairələri hələ də məğlubiyyətlə barışa bilmir, hələ də “bəlkə də qaytardılar” əhval-ruhiyyəsi ilə yaşayırlar: “Buna görə də öz təbirincə bir siyasi şou təşkil etməyə, Ermənistanda Azərbaycan torpaqlarına iddiaları gücləndirməyə çalışırlar. Lakin onların səyləri nəticəsizdir. Azərbaycan artıq öz sözünü deyib, ərazi bütövlüyünü təmin edib. Bundan sonra onun ərazisində hansısa separatçı qüvvənin baş qaldırması və ya ərazi bütövlüyünün pozulması qeyri-mümkündür. Bunun üçün dövlətimizin qətiyyəti, cəmiyyətin birliyi və Azərbaycan rəhbərliyinin qəti siyasəti mövcuddur.
Ermənistan ərazisində fəaliyyət göstərən oyuncaq rejimin qalıqlarına gəldikdə isə bu gün Azərbaycanla Ermənistan arasında hər hansı hüquqi münasibət yoxdur. Şübhəsiz ki, ölkələrimiz arasında sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan Ermənistan ərazisində keçmiş separatçı rejimin açıq fəaliyyətinin dayandırılmasını və ya qadağan edilməsini tələb edəcək.
Sülh müqaviləsi və normal qonşuluq münasibətləri bir ölkənin ərazisində digərinin ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən qüvvələrin mövcudluğunu tamamilə istisna edir. Ermənistan əgər Azərbaycanla sülh müqaviləsi imzalayırsa, bu faktoru nəzərə almalı və gələcəkdə Azərbaycanın bu tələbinə hazır olmalıdır.
Bu baxımdan, hesab etmək olar ki, Ermənistandakı revanşist qüvvələr son günlərini yaşayır və Azərbaycan heç zaman onların açıq fəaliyyətinə və ona qarşı iddialarla yaşamasına imkan verməyəcək".
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, ermənilər qondarma “artsax” iddialarından hələ uzun illər əl çəkməyəcək: “Çünki onlar 30 il ərzində o qədər arxayın oturmuşdular ki, elə hesab edirdilər ki, bu torpaqlar dədə-babalarından qalıb və onlara məxsusdur. Amma şükürlər olsun ki, Azərbaycan Ordusu, əsgəri və Ali Baş Komandanın rəhbərliyi ilə onların burnu "ovuldu" və torpaqlarımız işğaldan azad olundu. İndi isə artıq müəyyən müddət keçib, 2020-ci ildə baş verən hadisələrdən sonra, deyəsən, o zərbələrdən ayılırlar və ayıldıqca sərsəm ideyalar və fikirlər üzərində düşünməyə başlayırlar.
Birincisi, ermənilərin “artsax parlamentarları” nə deməkdir? Ermənistan Milli Assambleyasının müxalifət deputatları özlərini təşkilat adı altında elan edir, sonra isə sərsəm bəyanatlar qəbul edirlər. “Artsax”ın müstəqilliyi və azadlığı uğurunda döyüşənlərin xatirəsini yad etmək üçün Yerablur hərbi panteonuna gedirlər. Yaxşı olardı ki, orada tövbə etsinlər və desinlər ki, “Biz bir daha bu cür çirkin ideyalara və hərəkətlərə sahib olmayacaq, sizin kimi Ermənistan gənclərini qırğına verməyəcəyik”.
Amma Ermənistan müxalifət fraksiyasının bəzi sərsəm deputatları belə hesab edirlər ki, bu istiqamətdə mübarizə aparmalıdırlar. Əslində onların mübarizəsi Paşinyanladır. Onlar Qarabağ kartından istifadə edərək Paşinyana qarşı mübarizə aparırlar. Halbuki özləri də yaxşı bilirlər ki, heç bir dövlət, o cümlədən Ermənistan tərəfindən Qarabağın Ermənistan ərazisi olması ilə bağlı hər hansı bir qərar və ya qanun yoxdur. Dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, onun sərhədlərini tanıyır. Bu, BMT çərçivəsində də qəbul olunub. Belə olan halda onlar hansı azadlıqdan, hansı “artsax”dan danışırlar?
Beynəlxalq ictimaiyyətə müraciətləri isə artıq gecikmişdir. 44 günlük müharibə zamanı çoxsaylı müraciətlər etdilər. Onları dəstəkləyən bəzi dövlətlərin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında məsələləri müzakirəyə çıxarmağa çalışdılar. Amma bu təşəbbüslər digər dövlətlər tərəfindən müdafiə olunmadı. Ona görə də həmin dövrdə verilən bəyanatlar və onların arxasında duran dövlətlər heç bir nəticə əldə edə bilmədi. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bu gün dünyada qəbul edilmiş ərazi bütövlüyü prinsipləri Azərbaycanın mövqeyini dəstəkləyir.
Buna görə də çirkin niyyətlərinə nail ola bilməyənlər sərsəm ideyalar və fikirlər ortaya atmağa davam edirlər. Lakin hesab edirəm ki, bu cür cılız fikirlərlə yalnız öz xalqını və gənclərini düşünmədən müəyyən təbəqəni arxasına toplamağa çalışaraq siyasi xal qazanmaq istəyirlər. Təbiidir ki, hədəfləri Paşinyan və onun komandasıdır.
Ancaq Paşinyan ictimai rəydə özünə yer tapa bilib və hər ötən gün onu dəstəkləyənlər artır. Erməni və digər mətbuat orqanlarından görürük ki, onu dəstəkləyənlərin sayı çoxalır. Ən kritik dövrlərdə belə, əgər o hakimiyyəti qoruyub saxlaya bildisə və 44 günlük müharibədən sonra seçkilər keçirərək qalib gəldisə, deməli, onun tərəfdarlarının sayı az deyil.
Paşinyan Qərb liderləri ilə bir cür danışır, ölkə ictimaiyyəti ilə başqa cür, Azərbaycana xoş gələn açıqlamalar verir. Bu, onun stabil bir siyasətçi olmadığını göstərir. Ölkə daxilində güclü müxalifətin təzyiqi səbəbi ilə mövqeyini dəyişmək məcburiyyətində qalır.
Ümid edirəm ki, bu cür sərsəm fikirlər gündəmə gəlsə də, ayaq tutub yeriyə bilməyəcək".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ