İnsanlara hürriyət, millətlərə istiqlal!

Arayik Paşinyanın gerçək üzünü açır - Nikol ifadə vermək üçün Bakıya gələcəkmi?..

21-ci əsrin “Nürnberq prosesi” davam edir. Bakıda qurulan Ədalət Məhkəməsində cinayətlər açılır, həqiqətlər üzə çıxır, özü də 30 ildən artıq dönəmdə Azərbaycana qarşı olmazın pisliklər etmiş şəbəkənin rəhbərliyi tərəfindən. Bir əsr boyunca hay “maşa”sından istifadə edən qüvvələrin yuxusunu ərşə çəkən prosesdir, ürəklər döyünür...

Qarabağda 30 il ərzində mövcud olmuş və artıq cəhənnəmin isti bucağına göndərilmiş qondarma qurumun başçısı Arayik Harutunyan məhkəmə iclasında bildirib ki, 2020-ci ilin yayında və iyunun sonunda “Qarabağ ordusu”nun təlimlərini müşahidə edib. Təlimlərə isə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik edib.

ARAİK SON.jpg (183 KB)

Bax, belə, danış, Arayik, danış! Nikol Paşinyan antiterror əməliyyatınadək iddia edirdi ki, guya Qarabağda mövcud olan işğalçı ordunun Ermənistana aiddiyyatı yoxdur. Guya ki, təpədən-dırnağadək silahlanmış hərbi canilər Qarabağ ermənilərinə məxsusdur və İrəvan onlara görə cavabdeh deyil. Bu, yaddaşı gödək adam heç olmasa oğlu Aşotu hay-küylə, təbliğat məqsədilə Qarabağa, hərbi xidmət keçməyə yolladığını, sonra da Anna Akopyanla birgə ona baş çəkməyə gəldiyini unutmamalıydı. Bəlkə hesab edir ki, biz unutmuşuq? Ermənistanın Qarabağdakı işğalçı ordusunun təminatı İrəvandan gəlirdi, son günlərədək. Ermənistan dövlətinin büdcəsindən hər il Qarabağa ayrılan yarım milyardadək vəsaitin böyük hissəsi Azərbaycan ərazilərinin əbədi ilhaqına yönəldilirdi. Bu pulun hansı hissəsi yeyilib, hansı faizi xərclənib, bunu özləri araşdırsınlar, necə ki, bir-birinin ətini yeyirlər sözügedən məsələyə görə. Amma faktiki olaraq Azərbaycan ərazilərindəki hərbi qüvvələr Ermənistana məxsus idi.

Həmin hərbçilərin torpaqlarımızdan çıxarılması BMT TŞ qətnamələrində də əksini tapmışdı, Avropa Parlamenti belə, İrəvana çağırış edərək Qarabağa əsgər göndərməməyi istəmişdi. Amma nə faydası? Dişsiz bəyanatların, tələblərin qarşılığında Ermənistan rəhbərlikləri özlərini karlığa korluğa qoydu. Hətta Azərbaycan Prezidenti 44 günlük müharibədən sonra dəfələrlə İrəvandan Qarabağdakı hərbi qüvvələrin çıxarılmasını tələb edərkən Paşinyan yaxasını kənara çəkir, özünü “oblava” vaxtı hinduşkasından imtina edən “alverçi Əbülfət”sayağı apararaq, “mənim ordum olsaydı, yanıma gələrdi”, tipli əcaib iddialar irəli sürürdü. Laçın yolu ilə, “sülhməramlı”ların müşayiəti ilə Qarabağa silah-sursat, mina, yanacaq daşınırdı, amma Paşinyan deyirdi yox e, mənim Qarabağda ordum yoxdur. Al, bu da sənə “sarsaq ordusu”, Arayik və digərləri hər şeyi danışacaq.

PASİ SON.jpg (181 KB)

Həmin bu Harutunyan Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların da Ermənistanda verildiyini etiraf edib. Sitat: “Təlimlərə rəhbərliyi Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyan edirdi. Bu da gizlin proses deyil, hamının gözünün qarşısında olan bir şey idi. Yayın sonunda Qarabağa Nikol Paşinyan gəldi. Mən onu “ordu bölmələri”nə qədər müşayəət eləmişəm. O, vəziyyətlə tanış oldu. Eşidirdim, görürdüm ki, “silahlı qüvvələr”də nə baş verir. Mən “Qarabağ müdafiə komitəsi”ndən heç bir məlumat almamışdım. Situasiya barədə heç vaxt mənə heç bir məlumat verilməyib. “Ordu” üzərində mənim heç bir səlahiyyətim olmayıb. Bu, sizə də məlumdur. İttiham aktında da bu barədə yazılıb. Ermənistan mətbuatında da bu barədə dəfələrlə qeyd olunub, deyilib ki, Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri, “Qarabağ müdafiə ordusu” da ora daxil idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məslələrə görə məsuliyyət daşıyır”.

Unutmamışıq, 44 günlük müharibə zamanı Gəncənin dinc sakinlərini, körpə uşaqlarını yuxunun şirin vaxtında ballistik bombalarla hədəfə alanda həmin bu Arayik “əmri mən vermişəm”, demişdi.

GENCE SON.jpg (521 KB)

O zaman inanmamışdıq, təbii. Artıq həqiqəti dilə gətirir Ədalət Məhkəməsində.

Ermənistan rəhbərliyi belə ifşanı gözləmirdilər. Axı, neçə vaxtdır özlərini “sülh göyərçini” kimi təqdim edirdi. İndi Bakıda, müttəhimlər kürsüsündə dayanıb etiraflar edənlər onun yalanlarını ortaya qoyurlar, maskasını cırırlar. Elə buna görə də Paşinyan həmin şəxsləri “zərərsizləşdirmək” üçün Azərbaycana iftira atmaqdan belə çəkinmədi. İddia etdi ki, guya Bakıda saxlanılan erməni məhbuslara qarşı qadağan olunmuş psixotrop dərmanlar verilib. Təbii, Azərbaycan XİN tutarlı faktlarla cavabını və dərsini verdi, “atəş nöqtəsi”ni susdurdu. Həm də Paşinyan bu cür sərsəmləmələrlə Arayik Harutyunyan, Ruben Vardanyan və digərlərinin “ürəyinə daxil ola bilmədi”. Təqsirləndirilən ermənilər bildirdilər ki, onlara nəinki hansısa “qadağan olunmuş psixotrop dərmanlar” verilməyib, hər hansı təzyiq belə, göstərilməyib. Ondan sonra İrəvandan səslənən saxta iddiların bu hissəsi yığışdırıldı. “Psixotrop”u qan analizləri ilə yoxlamaq belə, mümkündür, hay şivənçiləri elementar qaydaları belə unudurlar yalanlar uydurarkən.

Arayik Harutyunyanın digər etirafları da Paşinyan üçün öldürücüdür. O, 44 günlük müharibənin gedişində Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istədiyini, lakin Ermənistan baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini deyib. Bax, belə. Nə oldu, Nikol, bəs sülh tərəfdarı idin, Azərbaycanın ərazi bütövlüyünü tanıyırdın, “real Ermənistan” istəyirdin.

ARAY .png (824 KB)

Görün Arayik Harutyunyan daha sonra “açdığı sandıq”dan görün nələr çıxarır:

“Oktyabrn 18-i axşamçağı bizim Bako Sahakyanla və Arkadi Qukasyanla axırıncı görüşümüz oldu. Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako və Arkadi də da lazım olsa buna qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni salxayın və bildirin ki, bu, erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir yox idi. Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni saxlamaq lazımdır. Biz sonra dırnaqarası günahkar olmağa da hazırıq, lakin insan həyatını qorumaq lazımdır. Paşinyan bir neçə görüş keçirtdi, müxalifətlə görüşdü, demək olar ki, hamıyla görüşdü.

Oktyabrın 19-u gününün sonunda o mənə geridönüş zəngi elədi və dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm. Ən pisi o idi ki, müharibə davam edirdi”. Belə görünür ki, müharibənin davam etməsini Arayik belə istəmirmiş. Hər halda belə iddia edir. Düzdür, onun Xankəndi meydanında çadır qurub, “sonadək mübarizə aparacağını” deməsi və çadırda oturub “mübarizə aparması”nı da unutmamışıq. Amma hər halda Paşinyan səslənən ittihamlara cavab verməlidir. Bakı Ədalət Məhkəməsində səslənən etiraflar və qatı açılmamış cinayətlərlə bağlı ifadələr Nikol Paşinyanın da şahid qismində prosesə cəlb olunması zərurətini yaradır. Paşinyan sülh müqaviləsinin razılaşdırılan maddələrindən danışıb, nağıllar uydurmaqdansa, buyursun, Bakıdakı məhkəmədə səslənən ifadələrə, xüsusilə də Qarabağda tökülən qanlara görə əsas günahkar olması haqda iddialara sübutlarla cavab versin.

Vaxtilə Azərbaycan rəhbərliyinin əsaslı sübutlarının qarşılığında “bizim Qarabağda ordumuz yoxdur”, iddiasını irəli sürən Paşinyan çox keçmədi ki, özünü revanşistlərin hücumundan qorumaq üçün “əgər 10 noyabr bəyannaməsinə imza atmasaydım, 25 min hərbçimiz mühasirəyə düşəcəkdi və itkilərimiz 2-3 dəfə çox olacaqdı” söyləmədimi? Ordusu Qarabağda idisə, təbii ki, əmri də özü verirdi. İşğal dövründə “Qarabağ ordusu” adlandırılan işağlçılar əslində müstəqil ordu kimi fəaliyyət göstərməyib. Arayik də etiraf edib və düşmən də olsa, deməliyik, fakta əsaslanıb: ““Qarabağ ordusu”nun komandanına qarşı Ermənistanda cinayət işi başlanılıb. Əgər mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanardı”. Harutunyan onu da etiraf edib ki, “Qarabağ Müdafiə Ordusu”nun “komandanı” Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe idi. Sitat: “Mən “hərbi komandanı” vəzifəyə təyin və vəzifədən azad etməmişəm, çünki mənim buna səlahiyyətim olmayıb”. Adam doğru deyil, Qarabağ Ermənistan rəhbərliyinin oylağına çevrilmişdi, Ağdam xarabalıqları üzərində tank təlimləri keçirir, münbit torpaqlarda nar bağı salırdılar. Hələ bir baş nazir də var idi, Karapetyan, Sərsəng su anbarında kater sürürdü. Hamısı cavab verməlidir!

ARAK .png (775 KB)

Məhkəmədə səslənən bu ifadələr sıradan məsələlər deyil. Azərbaycan ərazilərinin məhz Ermənistan tərəfindən işğal edildiyini təsdiqləyən faktlardır. Qarabağda qurulmuş qondarma rejimin məhz Ermənistan tərəfindən yaradılması və idarə edilməsi, hərbi əməliyyatlara Ermənistan ordusunun qərargahın rəhbərlik etməsi faktları on illərlə üfürülən yalanların üstündən xətt çəkdi, sabun köpüyünə dpndərdi. Ermənistanın 30 illik işğalı danışıqlarda manipulyasiya obyektin çevrilən “milli müqəddərat” iddialarının da cəfəngiyyat olduğunu təsdiqlədi. “Miatsum” nağılı kimi, “milli müqəddəratını təyinetmə” nağılları da gorbagor oldu.

Biz bilirik ki, Azərbaycana mina xəritələrini təqdim etməyən və nəticədə təkcə 44 günlük müharibədən sonra 400-ə yaxın günahsız insanımızın mina qurbanına çevrilməsinə bais olan Paşinyandır! Biz bilirik ki, 4 minədək əsir, itkin düşmüş, girov götürülmüş azərbaycanlılarla bağlı məlumatları gizlədən, bu barədə müraciətlərə cavab verməkdən yayınan Nikol və komandasıdır. Ən azı bu iki vacib məsələ ilə bağlı ortaya mövqe qoya, heç olmasa sələflərinin bu faktları – mina xəritələrini, ya yoxa çıxan azərbaycanlılarla bağlı sənədləri məhv etdiyini iddia edə bilər. O halda da Petrosyan, Köçəryan, ya Sərkisyana suallarımız olacaq. Amma söhbət Gəncəyə, Qarabağdan xeyli uzaq məsafəyə, yaşayış məntəqələrinə raket yağdırılmasından söhbət gedirsə, bu barədə əmr İrəvandan verilib və Paşinyandan! Bunu Arayik deyir, biz demirik, cavab versin! Gəlsin, Bakıda cavab versin! Desin, görək bu, “sülh göyərçini” niyə Arayik Harutyunyanın Azərbaycan Prezidentinə məktub ünvanlamaq istəyinin qarşısını alıb, buna imkan verməyib? Cəbrayıla yol çəkəcəkdi, ona görəmi?!

Məhkəmə davam edir. Hələ faktlar açılacaq... Paşinyan kor-peşmandır, vaxtında Qarabağdakı separatçıları Balasanyan və digərləri kimi İrəvana qaçıra bilmədiyinə görə. Amma bundan da qorxdu, kreslosunu əlindən alarlar deyə...

PROS .png (780 KB)

Yəqin ki, Bakıdakı məhkəmənin stenoqramını nöqtə-vergülünədək oxuyur və düşünür: kreslosunu itirməsinə razı olardı, təki bu şəkildə ifşa edilməzdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR