Onlayn ictimai-siyasi qəzet
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, incəsənətimizin təbliği məqsədi ilə qardaş ölkənin bölgələrində tədbirlər və layihələr reallaşdırılmaqdadır.
Musavat.com xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə avqustun 31-də Türkiyənin tarixi və turizm bölgəsi olan Antalya şəhərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri keçirilib.
Bu məqsədlə Antalya şəhərində Nazim Hikmət Konqres Mərkəzində “Azərbaycanın təsviri sənəti” adlı sərgi Antalyalılar tərəfindən maraqla qarşılanıb. Sərgidə Azərbaycan mədəniyyəti, incəsənətinə dair guşələr təşkil edilmiş, Azərbaycandan “FR Collection” kolleksiyasına aid gətirilən qadın baş geyimi - tarixi kəlağayılar, milli geyimlərimiz nümayiş olunub.
Azərbaycan xalqının mədəni tarixini yaşadan sənətkarlıq nümunələrindən biri kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən kəlağayılarımız qardaş ölkədə maraqla qarşılanıb.
Qeyd olunub ki, Böyük İpək yolunun Azərbaycandan keçməsi, xarici ölkələrlə ticarət əlaqələrinin genişlənməsi bir sıra sahələr kimi ölkəmizdə ipəkçiliyin inkişafına səbəb olmuş, ipəkdən hazırlanan kəlağayılar, milli geyimlər, xalça sənəti daim inkişaf edərək, milli sənətimizin inciləri siyahısına daxil edilib.
Sərgidə Azərbaycan incəsənətinin mühüm sahəsi olan rəssamlıq və bu məktəbin qadın nümayəndələrinin əsərləri də nümayiş olunub.
“Azərbaycan qadın rəssamları Nailə Əhmədova, Aygün Mustafayeva, Ayan Məmmədova-Əzizova, Şəhla Baxşəliyeva Şendal, Kamilla Eldarova, Xanım Məmmədova, Ülkər Behbudova, Raida Musatafayeva, Leyla İsayeva və Türkiyədə yaşayıb, yaradan rəssamlarımız Mətanət Hüseynova, Nüşabə Küçükün əsərləri Nazim Hikmət Konqres Mərkəzində nümayiş etdirilib.
Sərgidə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan mədəniyyətinin inkişaf etmiş sahəsi olan rəssamlıq sənəti, rəssamlarımız yaratdığı əsərlərlə xalqımız haqlı olaraq fəxr edə bilər. Çıxış edənlər rəssamlarımızın dünya incəsənətinə böyük töhfələr verdiyini, Azərbaycan rəssamlıq məktəbinin yetişdirdiyi məşhur nümayəndələrin əsərlərinin dünya incəsənətinin inciləri sırasına daxil edilib.
Sərgi ilə Antalya valisi Hulusi Şahin, Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov, çoxsaylı dövlət nümayəndələri, Antalyada akreditə olunmuş diplomatik təmsilçilər, yerli ictimaiyyət nümayəndələri tanış olublar.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ