Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Antalyada keçirilən IV Diplomatiya Forumu çərçivəsində müxtəlif regional və beynəlxalq münaqişələrin diplomatik yollarla həllinə dair müzakirələr davam etdirilir.
Bu müzakirələrin diqqət çəkən mövzularından biri də Kipr adasında baş verən və bu günə qədər davam edən Yunan-Türk qarşıdurması olub.
Xatırladaq ki, 1974-cü ildə Türkiyə dövlətinin müdaxiləsi nəticəsində Yunanların Kipr türklərinə qarşı həyata keçirdiyi soyqırımın qarşısı alınıb və bu prosesin nəticəsində Türk ordusunun dəstəyi ilə Kipr Türk Cümhuriyyəti yaradılıb.
Forumda dəvətli qonaq qismində iştirak edən Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlunun verdiyi məlumata əsasən, panel müzakirələrində Kipr Türk Cümhuriyyəti prezidenti Ersin Tatar da iştirak edib. O, Kipr probleminin həlli mövzusuna həsr olunmuş panelə qatılaraq ingilis dilində çıxış edib və bu məsələdə öz baxışlarını bölüşüb.
Yüksək iştirakla müşahidə olunan bu paneldən Musavat.com eksklüziv görüntüləri təqdim edir.
Məlumat üçün qeyd edək ki, Ersin Tatar Antalya Diplomatiya Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də görüşüb. Xatırladaq ki, iki gün öncə Prezident İlham Əliyev Kipr türklərinin məsələsinə toxunaraq, Kipr Türk Cümhuriyyəti tanınana qədər Azərbaycanın bu qardaş xalqın yanında olacağını bəyan etmişdi.
Bu mövqeyə cavab olaraq, Ersin Tatar da forum çərçivəsində birbaşa olaraq Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Antalya Diplomatiya Forumunun işi müxtəlif zallarda keçirilən debat və müzakirələrlə davam edir.
Forumun rəsmi hissəsi 13 aprel tarixinədək davam edəcək.
Musavat.com
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ