Onlayn ictimai-siyasi qəzet
1970-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Moskvada yerləşən “N” saylı mərkəzləşdirilmiş hərbi ərzaq bazasının rəisi polkovnik Baklanov haqqında bir neçə dəfə cinayət işi qaldırılsa da, saatlar ərzində həmin işlərə xitam verilib.
Qeyri-rəsmi “toxunulmaz” statusu olan Baklanova nə Müdafiə Nazirliyinin, nə Daxili İşlər Nazirliyinin, nə də Dövlət Təhlükəsizliyi Komitəsinin gücü çatıb. Silahlı qüvvələrin ərzaq məhsullarının saxlanıldığı bazada polkovnikin öz qanunları işləyib, yeyinti, korrupsiya halları baş alıb gedib. Hətta xidmətdə olmağın son yaş həddini keçməsinə baxmayaraq, polkovniki istefaya göndərməyə heç kim cürət etməyib.
Sözsüz ki, Baklanovun özbaşınalığı öz hesabına olmayıb. Polkovnikin arxasında ölkənin birinci şəxsi Leonid Brejnev dayanıb. Belə ki, Baklanov 4-cü Ukrayna cəbhəsində serjant kimi Leonid Brejnevin tabeliyində xidmət edib və həmin dövrdə yenicə general rütbəsi almış Brejnevin məişət məsələlərilə, ərzaq, geyim və təminatı ilə məşğul olub və yaş fərqinə baxmayaraq, aralarında yaxın münasibətlər yaranıb.
Sonralar bu münasibət Baklanovu zaman-zaman yuxarılara qaldırıb. Keçmiş komandirini unutmayan Baklanov Brejnevin ailəsinə də yol tapıb. Hətta bir müddət onun bağ təsərrüfatında da işləyib. Brejnev isə Baklanovun cəbhə illərindəki xidmətlərini yüksək qiymətləndirib, onu Müdafiə Nazirliyinin strukturunda işə düzəldib. Baş katibin yaxın adamı kimi tanınan Baklanov nazirliyin arxa cəbhə idarəsində xidmət edib və nəhayət, Brejnevdən ittifaq miqyaslı mərkəzləşdirilmiş hərbi ərzaq bazasına rəis təyin olunmasını xahiş edərək istəyinə nail olmağı bacarıb.
Brejnevin hakimiyyətdə olduğu illərdə Baklanov istədiyi kimi işləyib, istədiyi kimi də yaşayıb. Zəngin həyat tərzini sevən polkovnik özünü nazirlərdən də üstün tutub. Vəzifə ranqına görə özündən rütbə və vəzifəyə görə yuxarıda dayananlara Baklanov daha yuxarıdan baxıb. Baş katibin vəfatından sonra isə polkovnik “sadə” görünməyə çalışıb. Amma Baklanovun “sadə”liyi çox da uzun sürməyib.
1983-cü ilin mayın 12-də SSRİ Daxili İşlər Nazirliyi tərəfindən baş katib Yuri Andropova Rostovdan 80 kilometr aralıda hərbi təyinatlı yük qatarında baş vermiş yanğınla bağlı yazılı məlumat təqdim edilib.
Məruzədə qeyd edilib ki, maşinistlər və hərbi yükü müşayiət edən hərbçilər yanğın nəticəsində xəsarət almasalar da, qatarın bütün vaqonları və onların içərisindəkilər tamamilə yanaraq külə çevrilib.
Yükün hərbi təyinatlı olmasına görə dəyən zərərin məbləği məxfi saxlanılıb. Sonralar hərbi ekspertlərin söylədiklərinə görə, dəymiş ziyan milyonlarla ölçülüb.
Mərkəzi Komitədə yanğın hadisəsi ilə bağlı xüsusi komissiya yaradılıb. Hadisə ilə bağlı Andropov müdafiə naziri Dmitri Ustinovu birbaşa bu işə cəlb edib.
Baş katiblə nazirin ilk görüşündə Ustinov Andropova kiçik və dəyərli bir məsləhət verib:
- Yuri Vladimiroviç, yanğının səbəbini hadisə yerindən, Rostovdan əvvəl Moskvadakı mərkəzləşdirilmiş hərbi ərzaq bazasında axtarmaq lazımdır...
Bu “məsləhət” Andropov üçün kifayət edib. O, əvvəlcə ilkin araşdırmaların nəticələrini gözləyib. Araşdırmalar nəticəsində məlum olub ki, yük qatarı texniki xidmət və maşinistlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş yük stansiyasında deyil, həmin stansiyadan 24 kilometr aralıda saxlanılıb (bu stansiya Rostovdan 80 kilometr aralıda yerləşib). Yəni yol göstəricisi qatarın getməsinə icazə verməyib. Həmin ərazinin yaxınlığında isə yaşayış məntəqəsi yerləşməyib. Yanğın məhz həmin yerdə gecə saatlarında baş verib ki, yanğınsöndürənlərin hadisə yerinə vaxtında gəlməsi mümkün olmayıb. Yanğın təhlükəsizliyi ekspertləri yanğının qəsdən törədilməsi haqqında arayış təqdim edərək bildiriblər ki, hadisənin təbii baş verməsinə heç bir səbəb olmayıb. Bu və digər arayışlarla tanış olduqdan sonra Andropov Ustinovun “məsləhət”ini qəbul edərək ərzaq bazasında yoxlamaların aparılmasına göstəriş verib. Yoxlamalar DTK tərəfindən aparılıb.
Yoxlamalar nəticəsində sənədlərə əsasən aşkar olunub ki, yük qatarında “daşınan” ərzaq məhsulları ümumiyyətlə qatara yüklənməyib. Sadəcə, ərzaq məhsullarından nümunə üçün bir neçə qutu vaqonlara yığılaraq möhürlənib. Daşınacaq məhsullar anbarda qalıb, öz “müştərilərini” gözləyib.
Aparılan əməliyyat nəticəsində aşkar edilib ki, anbar rəhbərliyi ilə ərazi üzrə dəmiryolu stansiyasının rəhbərliyi qarşılıqlı “anlaşma” nəticəsində işbirliyinə giriblər. Qatar gecə saatlarında yük stansiyasından 24 kilometr aralıda qəsdən saxlatdırılıb. Yanğını isə pul qarşılığında maşinistlərdən biri törədib.
Bir aydan artıq davam edən yoxlamalar nəticəsində o da məlum olub ki, anbara daxil olan və çıxan ərzaq məhsulları yalnız kağız üzərində aparılıb.
Yoxlama və araşdırmaların sonunda Andropovla Ustinov yenidən görüşüblər.
Müzakirələrin sonunda baş katib nazirdən soruşub:
- Dmitri Fyodoroviç, siz neçə illərdir polkovnik Baklanovun belə özbaşınalığına necə göz yummusunuz?
- Mən nə edə bilərdim? Dəfələrlə Brejnevə Baklanovun fəaliyyəti haqqında danışmışdım. Hər dəfə də “yola verin” cavabını almışdım.
Ustinovdan fərqli olaraq Andropov Baklanovu “yola verməyib”, polkovniki əfv etməyib. Məhkəmənin hökmü ilə 63 yaşlı polkovnik güllələnməyə məhkum edilib. Daha 18 nəfər isə 10-15 il müddətinə azadlıqdan məhrum ediliblər.
İlham Cəmiloğlu,
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ