Amerika - İran - İsrail üçbucağı və kürd düyünü: Trampın Yaxın Şərq planları barədə təxminlər...
Prezident Donald Tramp inauqurasiya nitqində Yaxın Şərq siyasəti haqda danışmasa da, dünyanın bu qaynar nöqtəsi Vaşinqtonun xarici siyasətində hər zaman olduğu kimi aparıcı yer tutur.
İnauqurasiyadan bir gün əvvəl Qəzzada 15 ay davam edən müharibəyə son qoyan Tramp bununla da sülh vədinin birini yerinə yetirmiş oldu. Bəlli olduğu kimi, Qəzza atəşkəsi məhz prezident Trampın xüsusi elçisinin İsrailin baş naziri Benyamin Netanyahuya təzyiqi nəticəsində baş tutub. Bəs bundan sonra nələr olacaq? Donald Tramp Yaxın Şərqdə nələri dəyişəcək?
Qəzzada atəşkəs əldə olunsa da, andiçmədən sonra verdiyi açıqlamadan belə görünür ki, Tramp Fələstin-İsrail münaqişəsinin həllində 2020-ci ildə irəli sürdüyü “İbrahim Razılaşmaları” planını yenidən irəli sürəcək. Bu isə Fələstin üçün o qədər də müsbət bir şey vəd eləmir. Çünki sözügedən plan İsrailin işğal etdiyi ərazilərdə qalması və hazırkı Fələstin ərazilərində Fələstin dövlətinin yaradılması və bu dövlətə maliyyə dəstəyini nəzərdə tutur.
Hazırda Yaxın Şərqdə ikinci mühüm hadisə Suriyada baş verən proseslər və kürd məsələsidir. Məlum olduğu kimi, birinci prezidentliyi dövründə Tramp ABŞ ordusunu Suriyadan çıxaracağını desə də, administrasiya, xüsusən də ordu komandanlığının sərt reaksiyası ilə üzləşərək fikrindən daşınıb. Bu dəfə də Tramp andiçmədən əvvəl ordunu Suriyadan çıxarıb-çıxarmayacağı ilə bağlı suala birmənalı cavab verməyib, deyib ki, bu, “strateji” məsələ olduğu üçün qərarı müvafiq qurumlarla birgə verəcək. Bundan başqa ötən həftə CENTCOM komandiri general Maykl Kurillanın Suriyanın şimal-şərqinə gedərək kürd nümayəndələrlə görüşməsi onu göstərir ki, Vaşinqtonda kürd məsələsi ilə bağlı baxış dəyişməyib. Belə görünür ki, Tramp indi Türkiyə hakimiyyətini razı salan kürd siyasəti planı irəli sürməlidir.
Maraqlıdır ki, keçən həftə Suriya kürd hərbi güclərinin “Suriya Demokratik Qüvvələrinin” komandiri Mazlum Abdi şimali İraqa gedərək Kürdüstan Demokrat Partiyasının sədri və muxtariyyətin faktiki lideri Məsud Bərzani ilə görüşərək Suriya kürdlərinin gələcək taleyini müzakirə edib. Bəzani Suriya kürdləri içərisindəki müttəfiqi olan Kürd Milli Şurasının Suriya kürd koalisiyasında yer almasını istəyib. ABŞ Dövlət Departamenti Mazlum Abdini Barzani ilə apardığı danışıqları alqışlayıb.
Həmçinin Mazlum Abdi bir neçə gün əvvəl Dəməşqə gedərək Suriyanın faktiki lideri Əhməd Şara (Colani) ilə görüşüb. Bu görüşdən nəticə çıxmasa da, daha bir görüş planlaşdırılıb. Belə görünür ki, Vaşinqton Suriya kürdləri ilə bağlı Türkiyəni qane edəcək forma axtarışındadır. Bunun ən qısa yolu isə xarici işlər naziri Hakan Fidanın da bəyan etdiyi kimi, PYD/YPG-nin özünü buraxmasıdır. Məsələ ondadır ki. Vaşinqton kürdləri hələ də İŞİD-ə qarşı mübarizədə əsas müttəfiqi hesab edir və kürd silahlı gücünün ləğv olunmasında maraqlı deyil. Üstəlik Suriya kürdlərinin yeni Suriya dövlətində İraqda olduğu kimi, muxtariyyət əldə etməsi planı var. Belə bir vəziyyətdə Suriyadakı kürd gücünü qoruyub saxlamaq, amma terror təşkilatından imtina etməyin bir yolu var: Suriyada olduğu kimi, imic dəyişikliyi. Yəni, HTŞ nümunəsində olduğu kimi, PYD-nin buraxılması və ya Suriyadan çıxarılması, ancaq silahlı kürd gücünün bu dəfə digər siyasi qüvvələrin, məsələn, Kürd Milli Şurası kimi yeni bir təşkilatın nəzarəti altında fəaliyyətini davam etdirməsi. Ankaranın əsas tələbi PYD və onun terrorçu liderləri olduğu üçün bu plan Ankaranı da qane edə bilər. Çünki indiki halda həm Vaşinqton, həm də Ankaranı qane edəcək yeganə variant budur.
Trampın prezident kimi fəaliyyətə başlaması eyni zamanda nəzərləri İrana çevirib. Hazırkı İran hökuməti, prezident Məsud Pezeşkiyan ABŞ-la danışıqlara meyillidir. Bu gün İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, dialoq sanksiyaların aradan qaldırılması üçün “ən ağıllı yoldur”. Tehrandan son bir həftədə verilən açıqlamalardan belə aydın olur ki, Tramp administrasiyası ilə nüvə danışıqlarının bərpa olunması ehtimalı yüksəkdir. Bu məsələdə hazırda Davos İqtisadi Forumunda iştirak edib mühüm görüşlər keçirən vitse-prezident Cavad Zərifin xüsusi rolu ola bilər. Zərifin amerikalılarla yaxın əlaqələrinin olması sirr deyil. Lakin Vaşinqtondan İranla bağlı hələlik hansı addımın atılacağı ilə bağlı sükut davam edir. Bunun əvəzində isə İran-İsrail cəbhəsində gərginlik yüksəlir.
Tehranda ciddi narahatlıq var ki, İsrail hakimiyyəti Qəzzada atəşkəs və Trampın fəaliyyətə başlaması ilə yaranan fürsətdən istifadə edib İrana zərbə endirə bilər. Söhbət İranın atom enerjisi stansiyalarının vurulmasından gedir. Son günlər İran ordusunun yüksək döyüş hazırlığı vəziyyətində təlimlər keçirməsi, xüsusən də hava hücumundan müdafiə sistemlərinin manevrləri onu göstərir ki, Tehran mümkün qəfil zərbələrə hazırlıq görür.
Çünki Suriyada Bəşər Əsəd hakimiyyətinin süqut etməsindən sonra İsrail bu ölkənin hava hücumundan müdafiə sistemlərini tamamilə sıradan çıxarıb, digər tərəfdən, ruslar HHM sistemlərini Suriyadan çıxardığı üçün hazırda bu ölkənin hava məkanı İsrail üçün açıqdır. Bu isə İsraili İrana daha da yaxınlaşdırır. Trampın İran mövzusunda sakitliyini qoruyub saxlaması İsrailin qəfil hücumu ilə bağlı narahatlığı daha da artırır. Lakin ümumilikdə Trampın yaxın zamanda İrana qarşı hərbi əməliyyata razılıq verməsi inandırıcı olmasa da, İsrail hökumətinin gözlənilməz addım atması riski yüksək olaraq qalır. Əgər Suriyada kürd məsələsində anlaşa bilsə, çox güman ki, Ankara və Vaşinqton yeni dövrdə İraqda yaxın əməkdaşlıq edəcək. Məsələ ondadır ki, Suriyanın süqutundan sonra İraqın regional əhəmiyyəti kəskin şəkildə artıb. Bura həm də ölkənin coğrafi mövqeyi və enerji ehtiyatlarını əlavə edəndə mənzərə tam açılır. İraq regionun mərkəzində yerləşin, böyük neft-qaz ehtiyatlarına malikdir. Üstəlik Bəsrə limanı və Aralıq dənizini birləşdirəcək yeni “İnkişaf Yolu” layihəsi Avropaya ən yaxın nəqliyyat qovşağı olaraq İraqın əhəmiyyətini artırır. Üstəlik İraqın əhali potensialı böyükdür, bölgənin güclü ölkəsinə çevrilmək potensialı böyükdür.
İraqı diqqət mərkəzinə çəkən daha bir amil isə İranın bu ölkədəki təsiridir. Qərb İranın bu ölkədəki təsirini zəiflətmək üçün İraqın siyasi hakimiyyətinə təzyiqi artırır. Baxmayaraq ki, indiki halda bu çox çətindir. Lakin hər bir halda, Suriyadan sonra ABŞ və İranın yeni mübarizə məkanı İraq olacaq. Hazırda İrandan sonra İraqda ciddi təsiri olan Türkiyədir və bu da onu deməyə əsas verir ki, ABŞ İrana qarşı mübarizədə Ankaranın dəstəyini almağa ehtiyac hiss edəcək.
ŞƏRHLƏRŞƏRH YAZ