İnsanlara hürriyət, millətlərə istiqlal!

Ambulanslar yollardakı tıxaclardan hərəkət edə bilmirlər - Zahid Oruc

“Azərbaycan Mərkəzi Bankının Hökumət Ödəniş Portalının ləğvi mikrosahibkarlığa mənfi təsir edib”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin mayın 31-də keçirilən yaz sessiyasının son plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, yeni sistemdə əsas problem vergi ödənişi zamanı böyük məbləğlər üçün komissiya haqqının yüksək olmasıdır:

“İkincisi, ödəniş etdikdən sonra arxivi tapmaq mümkün olmur”.

Komitə sədri deyib ki, əhalinin orta təbəqəsinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün kənd təsərrüfatına yeni imkanların yaradılması, vergilərin və kredit faizlərinin azaldılması bütün informasiya lentlərində qırmızı xətlə keçir.

Deputat qeyd edib ki, müqayisə üçün ekspertlərin mövqeyi maraq doğurur:

“Gürcüstan ərazisi Azərbaycanın ərazisindən 19,5 %, əhalisi isə Azərbaycan əhalisindən 2,7 dəfə azdır. Azərbaycan Gürcüstana ixrac etdiyindən 5,5 dəfə çox ərzaq məhsulları idxal edir. Belə ki, Azərbaycan Gürcüstana 13 milyon ABŞ dolları dəyərində yeyinti məhsulları ixrac etdiyi halda, həmin ölkədən 71 milyon dollar dəyərində ərzaq məhsulları idxal edir. Fərqi nəzərə alsaq, ölkəmizdən çıxarılan 58 milyon ABŞ dolları, yəni 100 milyon manata yaxın vəsait burada qalsaydı, sahibkarlığın inkişafına töhfə olardı”.

Zahid Oruc bildirib ki, Bakıda 18 min nəfərə bir ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər:

“Bakıda 139 ambulans fəaliyyət göstərir. Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə bir ambulans düşür. Paytaxtda qeyri-rəsmi yaşayanları da buraya əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin deyil. Əhalisi 1.2 milyon nəfər olan Tiflisdə təcili yardım maşınlarının sayı 200-ə yaxındır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR