İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın maliyyə naziri Ukraynaya hərbi yardımı dayandırmaq istəyir-SƏBƏB

 

Almaniya Ukraynaya hərbi yardımı məhdudlaşdırmalıdır, çünki hazırkı büdcə planına görə bu məqsəd üçün pul yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti yazıb. Qəzet Almaniyanın maliyyə naziri Kristian Lindnerin Müdafiə və Xarici İşlər nazirliklərinin rəhbərləri Boris Pistorius və Annalena Bärboka yazdığı məktuba istinadən məlumat verib ki, Federal Kansler Aparatı və Maliyyə Nazirliyi sərt qənaət tədbirləri həyata keçirməyə hazırlaşır.

 Bildirilib ki, təsdiqlənmiş hərbi texnika hələ də Kiyevə çatdırılır, lakin Müdafiə Nazirliyinin əlavə müraciətləri kansler Olaf Şoltsun tələbi ilə artıq təsdiqlənməməlidir.

 Qəzetin qeyd etdiyi kimi, bloklama artıq qüvvəyə minib. Bununla belə, Lindner Ukraynaya ayrılan maliyyənin kəskin azalacağını gözləmir. Onun fikrincə, gələcəkdə vəsaitlər artıq Almaniyanın federal büdcəsindən deyil, Rusiyanın dondurulmuş aktivlərindən daxil olacaq. Almaniya Maliyyə Nazirliyinin rəhbəri bu pulla Ukraynanın “hərbi ehtiyaclarının əhəmiyyətli hissəsinin ödənəcəyini” gözləyir. Əgər buna nail olunsa, Berlinin Kiyevi maliyyələşdirməsinə bir müddət daha ehtiyac qalmayacaq. Nəşr qeyd edir ki, bununla belə, G7 ölkələrinin qərarı fərqlidir və hüquqi baxımdan mübahisəlidir.

Qeyd edək ki, Almaniya Ukraynanın ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür. 2025-ci ilin büdcə sazişinə əsasən, Almaniya Ukraynaya hərbi dəstək üçün 4 milyard avro ayıracaq.

 

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR