Onlayn ictimai-siyasi qəzet
Almaniyada qazaxıstanlı kişi polisə idarəsinə müraciət edib və həbsxanaya düşüb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, uzun müddətdir Almaniyada yaşayan 53 yaşlı Qazaxıstan vətəndaşı Leypsiq mərkəzi vağzalında polis bölməsinin qapısını döyüb və növbətçi zabitə deyib ki, qanunla problemi olub-olmadığını yoxlamaq istəyir.
"Qazaxıstan vətəndaşı, yəqin ki, ona qarşı heç bir şeyin olmadığına ümid edirdi", - polis sözçüsü Yens Damrau deyib.
Məlum olub ki, sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə həmin şəxsin barəsində iki həbs qərarı var. Bu qərarlar Xemnits və Torqau məhkəmələri tərəfindən verilibmiş.
Hər iki pozuntuya görə o, ümumilikdə 5200 avro məbləğində cərimə ödəməliykən, bu qədər pulunun olmadığı üzə çıxıb. Belə olanda Qazaxıstan vətəndaşını həbs edib, əli qandallı halda həbsxanaya göndəriblər.
Onun cəriməsi 130 sutkalıq həbslə əvəz edilib.
P.S. Bu arada Almaniyada sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməyin cəzasının ağırlığı ayrıca diqqət çəkir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ