Onlayn ictimai-siyasi qəzet
Türkiyədən gətirilərək Almaniyada “güc balı”, “jaguar power” və “Miracle honey” adı ilə satılan qarışıqlar qadağan edilib.
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, 35 kilo balla gömrükdən keçən türkiyəli təqaüdçü qadın haqqında istintaq açılıb. Ölkə daxilində tonlarla bal müsadirə edilib. Hətta bazarlarda satılan balın tərkibində Almaniyada reseptlə satılan sildenafil və ya tadanafilin olduğu və ölümcül ola biləcəyi açıqlanıb.
Bildirilir ki, Almaniya gömrüyü həm sərhədlərdə, həm də bazarlarda yoxlamaları artırıb. Tərkibindəki maddələrin sağlamlığa zərərli olduğu və “Potenz-Honiq” adı ilə satılan məhsulları gətirib satanların cinayət məsuliyyətinə cəlb ediləcəyi açıqlanıb.
Ötən il eyni hava limanında təxminən 80 kiloqrama yaxın cinsi potensialı artıran bal ("saxta türk viaqrası") tapılmışdı.
“Power honey”, “performance paste”, “jaguar power”, “möcüzə balı”, “gizli güc balı” kimi adlar altında satılan malların Almaniyanın əczaçılığa dair qanununu pozduğu əsas gətirilib. Bundan başqa, balın ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi məlum olub. Hazırda “məcun”un marketlərdən toplanması davam etdirilir.
Almaniya Gömrük Baş İdarəsi bununla bağlı açıqlama verib: "Cinsi gücü artırdığı iddia edilən bitki mənşəli pastalar və qidalar əsasən Türkiyədən gəlir. Bəziləri də Yaxın Şərq və Malayziyadan gətirilir”.
Bildirilir ki, 2022-ci ildə başlayan saxta bal böhranı getdikcə böyüyür. Keçən il təkcə Münxen və Hamburqda 13 tondan çox cinsi gücləndirici qida ələ keçirilib.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ