İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya 947 min suriyalını geri qaytarır

Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Avropa ölkələri bir-birinin ardınca suriyalı qaçqınların sığınacaq müraciətlərinin qəbulu prosesinin dayandırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, 87 min suriyalının sığınacaq tapdığı Avstriya qaçqın suriyalıların işlərinə yenidən baxmağı planlaşdırır.

3 milyona yaxın suriyalını qəbul edən Türkiyədən Suriyaya artıq köç başlayıb. Suriyadakı dramatik hadisələrin fonunda Almaniya Daxili İşlər Nazirliyi 974 mindən çox Suriya vətəndaşı ilə bağlı qərar verməyə çağırıb. Almaniyadakı növbədənkənar seçkilər öncəsi seçki kampaniyasının əsas mövzularından biri də qaçqın suriyalıların vətənlərinə geri qaytarılmasıdır.

Bəşər Əsədin devrilməsindən 1 gün sonra Almaniya Daxili İşlər Nazirliyi suriyalıların sığınacaq üçün 47 mindən çox müraciətinə baxılmasının dayandırıldığını açıqlayib. Rəsmi Berlin Suriyada vəziyyətin tam olaraq aydınlaşmasını gözləyir. Bu arada alman müxalif qüvvələri ölkədəki suriyalıları könüllü olaraq evlərinə qayıtmağa çağırıblar.

Parlamentdəki Xristian Demokratlar fraksiyasının sədr müavini Yens Spahn hətta Berlinin çarter reysləri təşkil edə biləcəyini və vətənlərinə geri dönmək istəyində olan suriyalılara “ilk addım” olaraq 1000 avro müavinət təklif edə biləcəyini təklif edib. Oxşar ideyanı maliyyə stimullarından bəhs etmədən ifrat sağçı Almaniya üçün Alternativ partiyasının kansler namizədi Alisa Vaydel də ifadə edib. Suriya hökuməti tərəfindən zülmə məruz qalanlara xitabla “artıq təhlükə aktual deyil” və suriyalıları “mümkün qədər tez vətənlərinə qayıtmağa” çağırıb.

Lakin Almaniyada suriyalı qaçqınları vətənlərinə qaytarmağın hələ tez olması düşüncəsində olan siyasi qüvvə də var. Sosial Demokratların kiçik koalisiya tərəfdaşları olan Yaşıllar Partiyası Suriyanı təhlükəsiz ölkə elan etməyin hələ tez olduğunu və suriyalıların gələcək taleyi ilə bağlı daxili siyasi müzakirələrin aparılmasının yersiz olduğunu açıqlayıblar.

Almaniyanın ardınca Böyük Britaniya, İtaliya, Finlandiya, İsveç, Niderland, Belçika və Yunanıstan hakimiyyətləri Suriya vətəndaşlarının sığınacaq üçün müraciətlərinə baxılmasını ləngitməyi məqsədəuyğun hesab edirlər. Yunanıstanda təxminən 10 min suriyalının müraciətinə baxılması bir anda dayandırılıb.

Avstriyada daha da irəli gediblər. Bu həftə daxili işlər naziri Gerhard Karner öz departamentinə “Suriyada nizamlı repatriasiya və deportasiya proqramı” hazırlamağı tapşırıb. Belə ki, Vyana nəinki Suriya vətəndaşlarının sığınacaq üçün 13 minə yaxın müraciətini dondurmaq, həm də artıq verilmiş müraciətlərə yenidən baxmaq qərarına gəlib.

Qeyd edək ki, 2015-ci ildən bu yana bu Alp ölkəsi 87 minə yaxın suriyalıya sığınacaq verib.

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi isə “səbrli və sayıq olmağa” çağırıb. O qeyd edib ki, qaçqınların qayıdışı könüllü, təhlükəsiz və davamlı olmalı, bununla bağlı qərarlar balanslaşdırılmış olmalıdır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR