Onlayn ictimai-siyasi qəzet
Alimlər insan beynini əbədi olaraq qorumağa bir addım daha yaxınlaşıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, dondurulmuş beyin toxuması heç bir zərər görmədən laboratoriya şəraitində uğurla əridilib.
Belə ki, dondurulduqdan sonra da neyronlar normal olaraq siqnal göndərə bilib.
Qeyd olunub ki, beynin zədələnmədən dondurulmasını təmin edən ixtira təkcə nevroloqlar üçün yenilik deyil, həm də gələcəkdə donmuş insanların həyata qaytarılması ideyasını gücləndirir.
İdeya ondan ibarətdir ki, insanlar gələcəkdə elmin onları sağlam şəkildə həyata qaytaracaq qədər irəliləyəcəyi ümidi ilə bədənlərini dondurub qeyri-müəyyən müddətə qoruya bilərlər.
Çinin Fudan Universitetində çalışan Harvard təhsilli nevroloq, professor Zhiçenq Şao neyronları donma zamanı zədələmədən qoruyan “MEDY” adlı mürəkkəb kimyəvi qarışıq hazırlayıb.
Şao "Cell Reports Methods" jurnalında dərc olunmuş araşdırmasında bildirib ki, "MEDY" insan beyin toxumasının kriokonservasiyası üçün istifadə edilə bilər.
Qeyd olunub ki, beyin hüceyrələrinin 80 faizi sudan ibarət olduğu üçün bəzən dondurulduqda buz kristalları əmələ gəlir. Belə ki, bu proses xüsusən də həssas beyin hüceyrələrini poza və zədələyə bilər.
Buna görə də, professor Şao və komandası, beyin toxumasını kristallaşmadan soyuq saxlayan və qocalmasının qarşısını alan fərqli bir maddənin axtarışına çıxıb.
Araşdırmalar nəticəsində onlar tapdıqları qarışıq sayəsində beyin toxumasını zədələmədən qorumaqla yanaşı, normal fəaliyyətini bərpa edərək həyata qaytarıb.
Alimlər beyin toxumasını zədələmədən dondurmağı bacarsalar da, bütün beyni dondurmağın çətin olduğunu deyirlər. Təcrübələr uğurlu olarsa, onlar donmuş insanları həyata qaytarmaq üçün gələcək səyləri davam etdirə bilərlər.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ