Onlayn ictimai-siyasi qəzet
Ekspertlər deyir ki, burada sui-istifadə halları ola bilər; “Alimenti qaytarmaq mümkündürsə, o zaman icra məmurları elə onu alıb ailəyə verərdilər də”
Uzun müddətdir ki, Azərbaycanda da aliment fondu yaradılması məsələsi müzakirə edilir. Zaman-zaman bu məsələ ilə razılaşanlar və bunu qəbul etməyənlər olub. Amma əksəriyyət hesab edir ki, aliment fondunun yaradılması boşandıqdan sonra keçmiş həyat yoldaşına aliment ala bilməyən qadınlar üçün çıxış yolu olacaq.
Belə ki, qadın uşağı üçün alimenti dövlətdən alacaq. Bu fondun vəsaiti boşanıb uşaqlarına aliment verməkdən boyun qaçıran, işsizliyi bəhanə edən kişilərdən toplanacaq. Aliment verməyib işsizliyi bəhanə edən kişi müxtəlif işlərə yönləndiriləcək. Aliment fondunun yaradılması saxta boşanmaları artıra bilər. Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitə sədri Zahid Oruc belə deyib.
“Mən ilk dəfə aliment fondunun yaradılması ilə bağlı məruzədə yer alan təklifə öz subyektiv fikrimi demək istəyirəm. Boşanmalarla bağlı bir daha aliment fondunun yaradılması effektli yol kimi irəli sürülür. Bizə görə belə addımın atılması, əksinə, saxta boşanmaları gücləndirə bilər”, - deyə komitə sədri qeyd edib.
Ekspertlərə görə də bunun mənfi cəhətləri var. Bu, əsasən formal boşanmaların mümkünlüyü ilə bağlıdır. Azərbaycanda bununla bağlı təcrübə mövcuddur. Məsələn, ünvanlı sosial yardımla əlaqədar olaraq, uzun illər çoxuşaqlı ailələr formal boşanır, məhkəmə qərarı ilə aliment təyin etdirmirdilər. Sonradan qadınlar ünvanlı sosial yardıma müraciət edirdilər. Çünki qanuna əsasən, 8 yaşına qədər uşağı olan qadınlar əmək qabiliyyəti olmayan şəxslər kateqoriyasına daxil edilir və onlar həm özü, həm də uşaqları üçün normal sosial yardım alırdı. İndi eyni problem bu məsələdə də yarana bilər: gələcəkdə formal boşanmalar baş verərsə və aliment müəyyənləşdirilərsə, vətəndaş aliment fondundan pul alıb, vəziyyətdən sui-istifadə edə bilər. Bu halda birinci növbədə nəzarət mexanizmi gücləndirilməlidir. Məsələn, dövlət ciddi şəkildə araşdırma apararaq öyrənməlidir ki, həqiqətən uşaqlar valideyndən ayrı yaşayırmı, boşanma formal, yoxsa doğrudurmu və sairə. Lakin burada əsas çətinlik ondan ibarətdir ki, kifayət qədər boşanmış ailə və aliment alan şəxs var, buna görə də bu məsələnin araşdırılması çətin olacaq. Əsas problem də məhz alimentdən sui-istifadə halları ilə bağlıdır.
Onu da qeyd edək ki, 2024-cü ildən Azərbaycanda alimentin minimum məbləği qaldırılıb. Belə ki, Azərbaycanda alimentin minimum məbləği və ya miqdarı 220 manatdan 235 manata qaldırılıb. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, bu il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Ramil Süleymanov
Hüquqşünas Ramil Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Nikahın pozulması və nikahın pozulmasından sonra aliment ödənişləri ilə bağlı ciddi problemlər mövcuddur. Təklif olunan həll yolu kifayət qədər aktualdır və bir sıra ölkələrdə bu məsələ tətbiq olunmaqdadır. Sadəcə olaraq, aliment fondunun haradan maliyyələşəcəyi və vətəndaşların buna necə münasibət göstərəcəyi maraqlıdır. Bu məsələnin ətraflı müzakirəyə ehtiyacı var. Qeyd edim ki, ödənilməmiş aliment borclarının dövlət tərəfindən qarşılanması, daha sonra isə borclu şəxsin məcburi əməyə cəlb olunması və ya əməkhaqqından, digər ödənişlərindən tutulması yolu ilə geri qaytarılması mexanizmi yaradıla bilər. Bununla bağlı qanunvericiliyə mütləq şəkildə dəyişiklik olunmalıdır. Aliment fondu barəsində ayrıca bir qanun qəbul edilməli və tətbiq olunmalıdır. O cümlədən qanuna əsasən fondun maliyyə mənbələri də göstərilməlidir. Bundan başqa, burada sui-istifadə halları da ola bilər, çünki bəzi hallarda bu, vətəndaşların passivliyinə də gətirib çıxara bilər. Amma düşünürəm ki, ictimai müzakirələr aparmaqla, həmçinin bu prosesə qeyri-hökumət təşkilatlarını cəlb etməklə, onların tövsiyələrini almaqla və ya xarici ölkələrdə mövcud olan aliment fondu təcrübəsindən yararlanmaqla bu mexanizmi tətbiq etmək mümkündür”.
Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov da məsələ ilə bağlı mpvqeyini bildirib: “Aliment fondu yaratmağı təklif edənlər onun mexanizmlərini göstərə bilərmi? Riskləri hesablayıblarmı? Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin çıxışından bir cümləni çıxarıb yayanlar belə fondlar barədə nə qədər məlumatlıdır? Açığı, mən belə bir fondun davamlı fəaliyyətinə inanmıram. Belə fondlar özü-özünü maliyyələşdirir. Bəs vəsait hansı mənbələrdən toplanır? Adətən ilkin kapital olur, daha sonra isə alimentdən yayınanların əvəzinə həmin fond ödənişlər edir və yayınan şəxsdən onu reqres qaydasında alıb fonda qaytarır. Belə götürək ki, dövlət bu fondu yaratdı və ora deyək 20 milyon başlanğıc vəsait də köçürdü. Sonra nə baş verəcək? Alimenti ala bilməyən minlərlə ailə var. Həmin vəsait dərhal xərclənəcək və fond o pulları borclulardan alıb qaytara bilməyəcək. Əgər qaytarmaq mümkündürsə, o zaman icra məmurları elə onu alıb ailəyə verərdi. Alıb ailəyə verə bilmirlərsə, fonda necə alıb verəcək? Alimentdən yayınanların çoxu ya ölkədə yoxdur, ya da işləmirlər və ya rəsmən işləmirlər. Fond isə həm də topladığı pullardan öz aparatının (idarə xərcləri, əmək haqqları, xidməti avtomobillərin xərcləri, xarici ölkə təcrübəsini öyrənmək üçün xərclər və s.) xərclərini ödəməlidir. Belə fondlar o ölkələrdə fəaliyyət göstərə bilir ki, onlar reqres qaydada borclulardan pulları ala bilir, həmin pulların bir hissəsini investisiya edərək əlavə pul qazanır. Həmçinin bu fondların vəsaitinin bir hissəsi də ianələrdən formalaşır. Əgər o pulu dövlət büdcəsinin vəsaiti hesabına ödəyəcəklərsə, bu halda fond yaratmağa və artıq xərclərə nə ehtiyac var? Elə mövcud dövlət orqanlarından aidiyyəti biri bu funksiyanı yerinə yetirsin də”.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində aliment fondları mövcuddur və müxtəlif modellər əsasında fəaliyyət göstərir. Lakin bu sistemin müsbət tərəfi olduğu kimi, mənfi tərəfləri də az deyil. Belə ki, aliment fondunun mövcud olduğu ölkələrdə bəzi şəxslər yalnız fondun vəsaitindən istifadə etmək üçün formal boşanmalara əl atırlar. Əksər ölkələrdə aliment fondu dövlət büdcəsindən maliyyələşdirilir, bu isə vergi ödəyicilərinin yükünü artırır. Eyni zamanda fondun vəsaiti aliment ödəməyən valideyndən geri alınmalıdır, lakin bəzən bu çətin olur.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
06 Mart 2025
05 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ