Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Qazaxıstanda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda ölkəmizi təmsil edir.
Musavat.com xəbər verir ki, iyunun 3-də Almatıda festivalın təntənəli açılış mərasimi olub.
İyunun 9-dək davam edəcək beynəlxalq tədbirdə iştirak Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə həyata keçirilir.
Forumda teatrşünasların, dramaturqların, teatr rəssamlarının iştirakı ilə yanaşı, gənc rejissorların və onların hazırladıqları tamaşaların iştirakı da proqrama daxildir.
Beynəlxalq forumda iştirak edən 22 nəfərlik qrupda Azərbaycanı gənclərdən Cavid Zeynallı, Dağlar Yusif, Abdulla Elşadlı, Ümüd Abbaszadə, Sahib Əhmədov, Elmira Üzeyirova və Fərəh Quliyeva təmsil edir.
Forumun maarifləndirici proqramında teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, master-klasslar və sərgi təşkil olunacaq.
Həmçinin forum çərçivəsində K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında iyunun 7-də Akademik Milli Dram Teatrının “Sənsiz” tamaşası nümayiş olunacaq.
Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.
Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırırlar.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ