İnsanlara hürriyət, millətlərə istiqlal!

AK Rusiyanın maye qazından tam imtina üzrə yol xəritəsi hazırlayır

Avropa Komissiyası (AK) yaxın həftələrdə Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa İttifaqı (Aİ) ölkələrinə idxalını tamamilə dayandırmaq üçün təkliflər təqdim etmək niyyətindədir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə AK-nin rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.

“Biz Rusiyadan bu idxalın tamamilə aradan qaldırılmasına yönəlmiş yol xəritəsini təqdim edəcəyik”, - o, AK-nin brifinqində deyib.

İtkonenin sözlərinə görə, AK-nin məqsədi Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması ilə bağlı qərarların qəbulunda Aİ-yə üzv dövlətlərə kömək etməkdir və müvafiq tam plan yaxın həftələrdə təqdim olunacaq.

O qeyd edib ki, Aİ-nin Rusiyadan qaz idxalını azaltmaq səylərinə baxmayaraq, icmada Rusiya LNG-sinin alışı artmaqda davam edir və Brüssel bunu haqlı saymır.

Avropalı rəsminin sözlərinə görə, Aİ-də istehlak edilən qazın 13 %-i Rusiya mənşəlidir.

“Bəli, biz artım qeydə alırıq. Bunun heç bir əsası ola bilməz. Qlobal LNG bazarı çevikdir və yaxşı təchiz olunub. Bu o deməkdir ki, Rusiyadan idxalın heç bir əsası ola bilməz”, - AK nümayəndəsi vurğulayıb.

O bildirib ki, Aİ artıq Rusiyadan enerji idxal etmək istəmir və bura LNG də daxildir: “Aİ enerji mənbələrini şaxələndirməyə davam edir. Artıq üç ildir bunu edirik. Biz enerji baxımından daha muxtar, daha müstəqil olmaq istəyirik”.

Görülən tədbirlərə baxmayaraq, Rusiyadan maye qaz idxalının artmasının səbəbləri ilə bağlı sualı cavablandıran İtkonen söyləyib ki, qazı Aİ-yə üzv dövlətlər yox, özəl şirkətlər alır. “Qaz tədarükü hələlik sanksiyalara düşmür və Rusiya onu digər tədarükçülərə nisbətən daha aşağı qiymətlərlə təklif edir, ona görə də şirkətlər bazar vəziyyətinə uyğun qərarlar qəbul edirlər”, - AK rəsmisi vəziyyətə aydınlıq gətirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR