İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailədaxili qətllər - bəlkə də cəmiyyət özü “dəlidir”...

Ekspertlərə görə, qətllərin baş verməsində səbəb ailələrdir; Aqil Abbas: “Cinayətlərin sayının artmasında günahkar özəl telekanallardır”

Son zamanlar Azərbaycanda ailədaxili qətllərin sayı  artmaqdadır. Fevralın 13-də baş verən faciə isə bütün ölkəni dəhşətə gətirib. 25 yaşlı Əhməd Əhmədovun ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirməsinin səbəbləri hələ də dəqiq bilinmir. 

Ailədaxili qətllər niyə artır? 

İntim münasibətlərdə psixalogiyanın rolu – Psixoloq Ülviyyə Murtuzova –  XəbərAl.Az

Ülviyyə Murtuzova 

Psixoloq Ülviyyə Murtuzova “Yeni Müsavat”a qətllərin çoxalması səbəblərindən danışıb. O deyib ki, əgər şəxsdə psixoloji, patoloji, psixoz pozuntu yaşanılırsa, bu artıq paranoid şəxsiyyət pozuntusu sayılır: “Demək ki, ailədə çox vaxt "niyə bunu etdin" deyə  qınamalar, danlaqlar, mühakimələr həddən artıq çox olur, buna görə də şəxsiyyət pozuntusu olan insanlarda birinci qıcıq yaradan onun ailəsi olur. Hər dəfə öz fikirlərini bölüşməkdən yayınanda, “danışsam belə məni anlamayacaqlar” deyən pasiyentlər var ki, kənar şəxslərlə ünsiyyətə üstünlük verirlər. Bu da əsasən ailədən qaynaqlanır. Əslində ailə övladı ilə dost olmağa çalışmalıdır. Onu nədəsə günahlandırmaqda, acizlikdə, zəiflikdə, bacarıqsızlıqda, yetərsizlikdə günahlandırdıqca, uşaqda yetərsizlik kompleksi yaranır. Təbii ki, bu kompleksi yaşayan övlad bütün yaşanan problemlərin səbəbini doğmağalarında görməyə başlayır. Artıq ona nə desələr belə, “məni kimlərinsə yanında rüsvay etdin”, yaxud valideynlər övladlarını yaşıdları ilə müqayisə edirsə, “onda bu bacarıq var, səndə yoxdur” demək birbaşa uşaqların mərkəzi sinir sisteminə təsir edir. Bundan sonra artıq hiddətlənmiş övlad həyata olan küskünlüyünü, yaşadığı bütün uğursuzluqları, düşdüyü acizanə durumunun səbəbkarını valideyndə görür və birinci qisası ondan almağı düşünür. Təkrar edirəm, bu pozuntunu yaşayan insanlar üçün birinci düşmən ailəsidir. Əgər ailə övladını bu vəziyyətə gətirirsə, deməli, bu, ailənin günahıdır. Əslində uşaqlarda dəyişiklik özünü 8-13 yaşında göstərməyə başlayır. Uşağı valideyn qədər tanıyan yoxdur. Valideyn uşağını mütəxəssisə göstərmirsə və sağalması üçün səy göstərmirsə, ötüb keçər deyirsə, problem getdikcə daha da artır. Son dövrlərdə bununla bağlı çox sayda faktlar oldu, ailə üzvlərini qətlə yetirənlər çox oldu. Hətta həyat yoldaşlarını avtomobilə oturdub maşını sürətlə idarə edərək “mən də, o da ölsün” deyənləri də gördük. Kənar insanların mühakimə etməsi o qədər aqressiya yaratmır, nəinki doğmalar. Ona görə bu tip pozuntu yaşayan insanlarda kin ailəsinə yönəlir. Heç kim aqressiya ilə dünyaya gəlmir, bu, sonradan yaranan hisslərdir. Əgər bunlar hər gün uşaqda formalaşırsa, bunu görən valideyn üstündən ötüb keçirsə, bundan da betər faciə yaşanacaq".  

Aqil Abbas - 70

Aqil Abbas

Milli Məclisin deputatı Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Ailə və Uşaq Komitəsi, psixoloqlar, bu sahənin adamları fikirləşib çıxış yolu tapmalıdırlar: “Azərbaycanda demək olar ki, bıçaqlanma hər gün olur. Fikrimcə, ailə təməllərimizi pozan, bu cür cinayət hadisələrinin baş verməsinin günahkarı özəl telekanallardır. Bütün özəl kanallarda eyni məsələni müzakirə edən verilişləri nəzərdə tuturam. Eləsi var iki veriliş aparır, səhər-axşam. Ailə dəyərlərini pozan bu verilişlərdən söhbət gedir. Müğənni olmaq üçün beş uşağını atıb qaçan, öz qardaşının arvadını götürüb qaçan qardaş - hamısı çıxarılır efirə. Televiziyalar o qədər insanların beyninə yeridilir, əxlaqın pozulmasının ən başlıca səbəbi budur. Sovet dövründə 4 barmaqdan uzun tiyəsi olan bıçağı gəzdirmək cinayət idi, soyuq silah sayılırdı. İndi təsəvvür edin, polis reyd keçirir, kimisə saxlayır, cibini axtarır. O dəqiqə polisin üzərinə hücuma keçəcəklər. Bıçaq gəzdirmək qadağan olunmalıdır. Hələ bıçağı götürüb məktəbə aparırlar. Medianın üzərinə böyük məsuliyyət düşür”. 

Sosioloq: "Uşaqlara dini yox, şəhidlərin adını verin”

Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev də mövzu ilə bağlı  “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, ailə də bir cəmiyyətdir. Ailədaxili iqlim həmişə mötədil olmur, müxtəlif təsirlərlə fərqli atmosferdə ola bilər: “Bütün cəmiyyətlərdə və əksər ailələrdə münaqişəli situasiyalar yaşana bilir. Sadəcə, bu situasiyaların rasional tənzimlənməsinə ehtiyac var. Ailədaxili münaqişələrin bir çox səbəbləri ola bilər. Ailə daxilində status, rol gözləmələri sahəsində problemlər olur. Azərbaycanda ailədaxili münaqişələrin bir qismi qısqanclıq səbəbindən, valideynlərin uşaqlara sevgini düzgün paylamaması və deməli, sevgi "aclığı" üzündən, uşaqları etiketləmək (yaxşı, pis, ağıllı, fərsiz kimi və s.), bir qismi maddi ehtiyac üzündən, eyni zamanda kənar müdaxilələr nəticəsində baş verə bilir. Konkret  olaraq son hadisəni törədənin sağlamlıq durumu ilə bağlı qonşuların, tanışlarının da dediyi kimi ciddi problem olub. Təəssüf  ki, qətli törədənin məlum hadisəyə qədərki davranışları, hüquqazidd əməlləri, onun ictimai təhlükəli durumu düzgün qiymətləndirilməyib. Qətli törədənin psixobioqrafiyası, cinayət dosyesi çoxlu suallar doğurur. Bu baxımdan, hadisəyə hüquqi qiymət verildikdən sonra daha korrekt mənzərə aydın olacaq".

Ekspert əlavə edib ki, bütövlükdə ailədaxili münaqişələrə təsir edən faktorlar çoxdur: “İlk növbədə ailədə psixoloji iqlim sağlam olmalıdır. Əks halda, orada böyüyən uşaqlar travmalı böyüyür, cəmiyyətə kin püskürür. İkinci mühüm məqam uşaqların ekomühiti, yəni ətrafı, sosiallaşma mühiti sağlam olmalıdır. Təəssüf ki, bu gün KİV-lərdə, sosial şəbəkələrdə cinayət aləminin "qəhrəmanları" sanki ideallaşdırılır, uşaqlara kumir kimi təqdim olunur. Eyni zamanda sosial şəbəkələrdə, internet resurslarında aqressiyanın, intiharı körükləyən keyslər sərgilənir. Bu, həm qanuna, həm əxlaqa zidd davranışdır. Uşaq və yeniyetmələrin mənəvi-əxlaqi baxımdan sağlam formalaşması üçün ədəbiyyat da sözünü deməlidir. Çox əfsus ki, sarı informasiya, sarı mesaj ötürən “ədəbiyyat nümunələri” gündəmi zəbt edir, uşaq və yeniyetmələrə qeyri-sağlam yön verir. Ailədaxili böhranları, münaqişələri tənzimləmək üçün ailə böhran mərkəzləri artmalı, funksional olmalı, bütün regionları əhatə etməlidir. Onlar sosial agentlər vasitəsilə belə münaqişəli ailələri qeydə almalı, onlarla çoxprofilli komanda ilə, o cümlədən sosial psixoloji iş aparılmalıdır. Ailələrə sosial dəstək layihələri davamlı olmalı, ailələr sağlam əsaslar üzərində qurulmalı, ailə quran zaman qan testi ilə yanaşı, psixoloji test də tətbiq edilməlidir."

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR