İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ ilə Bakı arasında iki CİDDİ PROBLEM - Danışıqların nəticəsi...

Brüssel “müşahidəçi” adı ilə sərhədə 1500 kəşfiyyatçı yerləşdirməklə NATO missiyasını bölgədə genişləndirir, qurumun parlamenti də bizə olan qərəzindən əl çəkmir - seçim anı...

2025-ci ilin növbəti altı ay ərzində Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi Polşa həyata keçirəcək. Polşanın xarici işlər naziri Radoslav Şikorski azərbaycanlı həmkarı Ceyhun Bayramova zəngində də Azərbaycan - Aİ münasibətləri, “Şərq Tərəfdaşlığı”nın gələcək perspektivləri ətraflı müzakirə olunub. 

Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramının əsas istiqamətini Aİ-yə üzv ölkələr və altı Şərq qonşusu - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna arasında əlaqələrin dərinləşdirilməsi və möhkəmləndirilməsi təşkil edir. “Şərq Tərəfdaşlığı” təşəbbüsü 2008-ci ildə Polşa və İsveç tərəfindən irəli sürülüb. Zirvə görüşündə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi cizgilərini müəyyən edən birgə bəyannamə qəbul edilib. İndi Aİ-yə sədrliyə başlayan Polşa bəzi dəyişikliklərlə "Şərq Tərəfdaşlığı" proqramını bərpa etmək istəyir. Bu barədə ötən ilin noyabrında İrəvanda rəsmi səfərdə olan Polşa prezidenti Andjey Duda bildirib.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, indiyədək Azərbaycanla Avropa İttifaqında təmsil olunan ayrı-ayrı dövlətlər arasında strateji tərəfdaşlıq haqqında müvafiq sənədlər imzalanıb. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Aİ Azərbaycana qoyulmuş sərmayələrin həcminə görə birinci sırada dayanır. Azərbaycanda Avropa kapitalı ilə 700 şirkət fəaliyyət göstərir. 2022-ci ildə Ukrayna müharibəsinin başlanmasından sonra geosiyasi mühit də sürətli dəyişikliyə məruz qaldı. Qlobal müharibə və dünya nizamının dağılması Qafqazla bağlı həm Ermənistan-Aİ, həm Aİ-Azərbaycan münasibətlərinə yeni reallıqlar gətirdi.

Xüsusilə də Ermənistan ərazisində yerləşib, mülki missiya adı altında hərbi-kəşfiyyat fəaliyyətləri aparan Aİ manipulyator olmaq istiqamətində daha çox fərqlənir. Qərbin həyata keçirdiyi bu layihə regional təhlükəsizliyin təmin edilməsinə əngəllər yaradır, çünki bu amil Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına və yekun sülh sazişinin imzalanmasına mane olur. Bütün bunların fonunda isə missiya həm nümayəndələrinin sayını artırmaq, həm müddəti uzatmaq istəyirlər. Azərbaycanın da iştirakı ilə əldə olunan ilk razılaşmaya görə, müşahidəçilərin bölgədəki missiyası iki ay müddətində nəzərdə tutulsa da, sonrada bu müddət uzadıldı və say tərkibi artırıldı. “Müşahidəçi” adı altında 1500 nümayəndənin olduğu haqda məlumatlar var və iştirakçı ölkələrə baxdıqda, xüsusilə Aİ üzvü olmayan Kanadanın timsalında, prezident Əliyevin də dediyi kimi, sərhədimizdə NATO missiyasının fəaliyyət göstərdiyini demək mümkündür. Bakı İrəvandan bu missiyaya son qoyulmasını tələb edir. Lakin bunun tamamilə İrəvanın iradəsindən asılı olduğunu demək çətindir. 

Aİ-nin müşahidə missiyası fevralda başa çatır. Brüssel müddətin uzadılmasında maraqlıdır. İstisna deyil ki, missiyanın uzadılması məsələsi tezliklə Aİ-də müzakirəyə çıxarılacaq və yekdil qərarın çıxarılmasına çalışacaqlar. Çünki Aİ müşahidəçiləri Qərbin Cənubi Qafqazda mövcudluğunun əsas platformalarından biridir. Aİ Azərbaycan münasibətlərində əsas əngəllərdən biri də Avropa Parlamentinin Bakıya qərəzli münasibətidir. Ötən il AP Azərbaycanla bağlı 4 qərəzli qətnamə çıxarıb, sonuncusu dekabr ayına təsadüf edir, yəni heç bir ay belə deyil. Belə çatlaqlar olduğu halda Brüsselin Bakıdan umacaqları gerçəkləşməyə bilər ki, bunun da günahını Aİ özündə axtarmalıdır.

Deputat: “Pensiya kapitalı şəxsin özünə və ya vərəsəsinə verilsin”

Arzuxan Əlizadə

AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Avropa İttifaqı və Avropa Parlamenti ilə münasibətlərimiz ziqzaq şəklində inkişaf etməkdədir: “Bu ziqzaq gedişə səbəbkar da qarşı tərəfdir. Nəticədə bu soyuqluq meydana gəlib. Yəni Azərbaycana olan qərəzli münasibət nəticəsində Bakı-Brüssel əlaqələri hamar deyil. "Şərq Tərəfdaşlığı" proqramına gəlincə, İsveç və Polşa tərəfindən bu ideya irəli sürüb. Amma Azərbaycan Avropa İttifaqının 10 ölkəsi ilə tərəfdaşlıq sənədi imzalayıb və bu qitənin enerji təchizatının bir parçasına çevrilib. Düşünürəm ki, bu çağırışların olması, "Şərq Tərəfdaşlığı" proqramının bərpası istəyi də məhz enerji təchizatı faktorlarından irəli gəlir”. 

Deputat bildirdi ki, qarşı tərəfin ədalətsiz mövqeyinə etiraz etməliyik, amma özümüzə daha çox dost qazanmalıyıq, avropalı deputatlarla işləməliyik, əməkdaşlığı genişləndirməliyik və bu platformadan istifadə etməklə Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq: “Ona görə uzanan əlləri geri qaytarmaq düzgün olmazdı. Sadəcə, bərabərhüquqlu mövqe göstərilməsinə dəvət etməliyik. Onlar nə dərəcədə ədalətli olacaqlar, ona uyğun siyasət yürütməliyik. Azərbaycanın tələbi bərabərhüquqlu yanaşmaq, təzyiq ritorikasına son qoymaq, diqtə üslubunda danışmamaq və qərəzli bəyanatları yığışdırmaqdır. Əfsus ki, bir sıra hallarda Avropa İttifaqı, bəzi məqamlarda Avropa Parlamenti bu münasibətləri korlayan hərəkətlərə yol verib”.

A.Əlizadə vurğuladı ki, İsveç və Polşadan olan deputatlarla görüşüb, bir neçə dəfə müzakirələri olub: “Bizim Avropada, Bakıda danışıqlarımız olub. Söhbət əsnasında onların "Şərq Tərəfdaşlığı" proqramını irəli sürməklə səmimi göründükləri təəssüratı yaranırdı. Amma bu proqramla bağlı ölkələri düzgün qiymətləndirə bilmədilər. Çünki bu ölkələrdə separatizm problemi var idi və hər dörd ölkədə olan münaqişəni Rusiya yaratmışdı. Üstəlik, proqrama daxil olan Ermənistan işğalçı tərəf idi. Sonrakı dövrdə ölkələrin maraqları önə çəkildi. Bu gün Ukraynada baş verənlər, Moldova və Gürcüstanda olan proseslərə baxanda görmək olar ki, dövlətlər öz maraqlarını prioritet saydılar. Avropa İttifaqı bunu qiymətləndirmədi, Azərbaycana isə ögey münasibət var idi. Nəhayət, öz gücümüzə separatizmi məhv etdik. Amma digər ölkələrdə bu məsələ qalır. Ümumilikdə "Şərq Tərəfdaşlığı" proqramının yenidən dirçəldilməsi nə dərəcədə səmərə verəcək, bunu indi söyləmək çətindir. Amma kollektiv platformadan çıxış etməklə separatizmdən əziyyət çəkən dövlətlərin problemlərinin həllində faydalı ola bilər”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR