İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Azərbaycanı yanına çəkir, Türkiyədən isə uzaqlaşır - Qarabağın qisası...

Ekspertlərə görə, Türkiyə hər hansı ittifaqa daxil olmaqdan daha çox özü ittifaq yaradacaq qədər böyük və güclü ölkədir

Oktyabrın 6-7-si Çexiyanın paytaxtı Praqada Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının qeyri-formal sammiti keçiriləcək. Böyük Britaniyanın “The Guardian” qəzeti sammitə başqa ölkələrin, o cümlədən Azərbaycan və Ermənistanın dəvət olunacağını yazır. Praqa sammitində Avropa İttifaqına qoşulmaq istəyən dövlətlərin, həmin məkana sıx inteqrasiya olunmuş İsveçrə və Norveç, eləcə də quruma müəyyən tellərlə bağlı Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı gözlənilir. Ancaq Türkiyənin dəvət almasında problem var: Kipr və Yunanıstan buna razılıq vermir.

Qeyd edək ki, son aylar Türkiyəyə qarşı bəzi dövlətlərin təxribatçı açıqlamalarının və hərəkətlərinin artması müşahidə olunur.  Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Axar.az-a deyib ki, Türkiyəyə qarşı xüsusilə Yunanıstanın təxribatçı münasibəti təsadüfi deyil: “Bunun arxasındakı güclər hansılardır? Birincisi ABŞ, ikincisi Fransa, üçüncüsü müharibələrin olmasına çalışan silah baronları, dördüncüsü hazırda daxili problemlərinə başı qarışdığı üçün qismən Almaniya və bunların siyasi, həm də dərin uzantılarıdır. Bu nöqteyi-nəzərdən baxdığımız zaman Türkiyənin yalnız daxili işlərlə məşğul olan ölkə kimi yaşamasını, əlini-ətəyini, könlünü, gözünü Liviyadan, Qafqazlardan çəkməsini, İraq və Suriyada separatçı terror təşkilatlarının qansızlığına, məzhəb təməlli bir dövlətin qurulmasını yalnız seyr etməklə kifayətlənməsini istəyirlər. Bəhs etdiyimiz məqsədə çatmağın da yolu Türkiyəni bir neçə cəbhədə müharibə aparan dövlət halına gətirməkdir”. Yücel Karauzun daha sonra dedikləri də diqqət çəkir: “Türkiyədən Vətən müharibəsində qardaş Azərbaycana verdiyi dəstəyə və Liviyada haqsızlığın qarşısında durduğuna görə qisas alırlar. Böyük rəsmi belə görməli və anlamalıyıq.”

Əlbəttə ki, Türkiyə təkcə Azərbaycana dəstəyinə görə deyil, dünyada artan nüfuzuna, müstəqil siyasət yeritdiyinə görə təzyiqlərə məruz qalır. Prezident İlham Əliyevin İtaliya qəzetinə verdiyi müsahibəsində Türkiyəni qlobal səviyyədə güclü dövlət adlandırıb. Bəs Avropa Azərbaycanı yanına çəkib, niyə Türkiyədən uzaqlaşır?

hikmet.jpg (238 KB)

Hikmət Babaoğlu

YAP-çı deputat Hikmət Babaoğlu Avropa İttifaqının əvvəlki cazibədə olmadığını söylədi: “Türkiyə hər hansı ittifaqa daxil olmaqdan daha çox özü ittifaq yaradacaq qədər böyük və güclü ölkədir.  Avropa İttifaqı hazırda özünün iradəsindən kənar, nəticəsi bəlli olmayan bir müharibə marafonuna, ya da məcarasına sürüklənib. Birlik içərisində dərin qatlarda olduqca ciddi strateji "zəlzələ" xətləri yaranmaqdadır. Bu ittifaqın Makronun çox da uzaq olmayan keçmişdə ifadə etdiyi kimi “beyin ölümü” keçirmiş bir hərbi siyasi təşkilatın ətrafında birləşməsi isə hərbi-siyasi gələcək baxımından olduqca maraqlıdır. İndi isə Avropanı müharibəyə itələyən hegemon güc Türkiyə ilə Yunanıstan arasında müharibə yaratmaq qədər riskli bir oyun başladıb. Əlbəttə, qardaş ölkə öz müttəfiqləri ilə birlikdə bunun fərqindədir. Hazırda yeni hibrid müharibə mərhələsi ən yeni hibrid müharibə mərhələsinə qədəm qoyub. Qardaş Türkiyə bütün bu prosesləri izləyir və minilliklərə söykənən dövlətçilik təmkini və təcrübəsi ilə hərəkət edir. Ona görə də müharibəyə hazır olmaqla bərabər sülh və əməkdaşlıq körpüləri, hətta ittifaqları yaratmaqla məşğul olur. Azərbaycanla yaradılan strateji müttəfiqlik bu istiqamətdə atılan mühüm addım və cəlbedici nümunədir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İtaliyada bu məsələyə toxunarkən bildirdi ki, Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdiyi İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim münasibətlərimiz daha da gücləndi. Beləliklə, bu, çox mühüm amildir. Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır. Bu fikirdə verilən strateji ismarış çox aydındır. Ona görə də Azərbaycanı harasa çəkib Türkiyəni yalnızlaşdırmaq mümkün deyil. Əlbəttə, biz Avropa İttifaqı ilə əməkdaşlığa mühüm əhəmiyyət veririk, istənilən ölkə yaxud beynəlxalq təşkilatla maraqlarımıza uyğun olan hər cür əməkdaşlığa hazırıq. Ancaq müttəfiqlik və qardaşlıqda etibarlı müttəfiq, güvənilir tərəfdaşıq".

DİNİ EKSPERT “MİSLİ” VƏ “POZ, QAZAN” OYUNLARINI HARAM ADLANDIRDI –  CƏMİYYƏTƏ ÇAĞIRIŞ » AMİA.az

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Türkiyənin yerini tutmaq istəyənlərin çoxluğuna eyham vurdu: “Azərbaycan Türkiyə uzaqlaşdırılan yerlərdə həm də Türkiyə olmalıdır. Çünki Azərbaycana qarşı həmin Avropanın siyasətində ancaq maraq var. Biz Türkiyə ilə birik deyə Prezident mesaj verdi. Bu xətti hər sahədə dərinləşdirmək lazımdır. Türkiyəni bizdən uzaqlaşdırıb yerinə keçmək istəyənlər kifayət qədər çoxdur. Amma heç kim Türkiyə ola bilməz. Türkiyənin yanında olmağımız Şimalı, Cənubu, Şərqi, Qərbi qıcıqlandırır. Ancaq biz Türkiyə ilə əqli konfiqurasiya və formullar qurmalıyıq. Avropaya təbəssüm etsək də Türkiyəyə sarılmalıyıq. Əks halda, nailiyyətlərimiz təhlükə altına girər. Bunu praktikada analitik və mexanizm fəaliyyəti ilə məşğul olanlar da canına hopdurmalıdır. Türkiyə quru rasional məntiq deyil, metarasional bir məqamdır”.

Bayden “Ukraynanın yanında olacağıq" bəyanatına sadiq qalmayacaq-

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva Avropa İttifaqının qardaş ölkəni həzm edə bilmədiyini qeyd etdi: “Avropa İttifaqı təəssüf ki, uzun illərdən bəri Türkiyəyə qarşı ikili standartlar mövqeyindən yan keçmir. Ankaranın Yunanıstanla əlaqələrini, eləcə də kürd məsələsini əlində bayraq tutan kollektiv Qərb halbuki sözügedən təşkilatı (Avropa Kömür və Polad Birliyini) 1870-ci ildən 1945-ci ilə qədər savaşan, aralarında üç böyük müharibə olan Fransa və Almaniyanı bir araya gətirmək üçün qurdular. 1959-cu ildə Türkiyə təşkilata tərəfdaşlıq üçün müraciət etdi. 1962-ci ildə bu tərəfdaşlıq ərizəsi qəbul edildi. Daha sonra Türkiyə 1985-ci ildə tamhüquqlu üzvlük üçün müraciət etdi. 59-dan bu günə qədər 63 il keçib. Aİ hələ də standartlarından kənara çıxa bilməyib. Bəhanə etdikləri Kipr məsələsində də qurum Kipri tamhüquqlu üzv qəbul edərək dövlətləri qarşı-qarşıya qoymağa çalışıb. Ümumi sərhədlərinin demək olar ki, yarısı Egey adaları və Aralıq dənizi ilə əhatə olunan, ərazisi Almaniya və Fransanın cəminə bərabər olan, 83 milyon əhalisi Aİ əhalisinin üçdə birinə yaxın olan Türkiyəni əl boyda Meis adasına görə Şərqi Aralıq dənizindən və beynəlxalq sulardan uzaq tutmağa çalışmaq o ölkənin uğurlarını və cəsarətli duruşunu həzm etməmək deməkdir. Türkiyədə demokratiyanın, qanunun aliliyinin və fundamental insan haqlarının vəziyyətindən şikayətlənən birlik Aralıq dənizində immiqrant qayıqlarının batmasını, Suriya, İraq, Yəmən, Fələstin və Şimali Afrikadakı münaqişələri seyr etməsini, Şərqi Aralıq dənizinin zəngin karbohidrogen ehtiyatlarına şərik olmaq üçün etdiyi haqsızlıqları da yadına salmalıdır. Türkiyənin artıq bu cür ikili standartlara bürünən təşkilatların çətirinə ehtiyacı yoxdur. Bu gün Ankara özünün siyasi, iqtisadi, hərbi, strateji durumu ilə özü çətir yaradan supergüc ölkədir. Türkiyədən yan keçilərək Azərbaycana yaxınlaşma düşünmürəm ki, səmimi məqsədlər daşısın”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR