Onlayn ictimai-siyasi qəzet
Bu həftə ərzində baş verən iki böyük, dövlətçilik baxımından əhəmiyyətli hadisə göstərdi ki, ötən ilin dekabr ayının 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası ilə Ermənistan rəhbərliyi (Baş nazir aparatı) arasında qəbul edilmiş birgə bəyanat gerçəkdən də tarixi sənəd olub.
Həmin sənəddə sülh üçün tarixi imkanların olduğu qeyd olunmuşdu, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət, dəstək ifadə etmişdilər. Dünən Qazax rayonunun indiyədək erməni işğalında qalan 4 kəndinin boşaldılması və Azərbaycana təhvil verilməsi barədə yekun qərarın qəbul edilməsi həmin sənəd əsasında baş tutur.
Ən vacibi odur ki, Ermənistanla Azərbaycan bu razılığa vasitəçilər olmadan, birbaşa danışıqlar aparmaqla gəlmişdilər. Bu dəfə “söhbət”ə Brüssel, Paris, Vaşinqton, Moskva qarışmamışdı.
Bu da ondan xəbər verir ki, hələ münaqişənin ilk illərində Azərbaycan və Ermənistan həm döyüş meydanında, həm də diplomatik müstəvidə təkbətək, baş-başa buraxılsaydı, arada nə bu qədər qan-qada, faciə olardı, nə də “sülh danışıqları” 30 il boyunca uzanardı. Ermənistan tərəfəi nə qədər aqressiv və tamahkar olsa da, tezliklə anlayardı ki, daş qayaya rast gəlib, şansını zorlamaqla ərazi qəsb edə bilməyəcək.
Ancaq o illərdə Ermənistan bəzi dövlətlərdən açıq, bəzilərindən örtülü dəstək alırdı və himayədarlarına güvənir, destruktiv mövqe tuturdu. 2020-ci ildən sonra isə vəziyyət kardinal şəkildə dəyişdi. Tərəflər öz real güclərini, ən əsası, haqlarını bildilər. Nəhayətdə iki dövlət arasında sərhədin hansı dərə-təpələrdən keçdiyi son metrlərinə qədər aydınlaşdı və tərəflər cığallıq etmədən razılaşdılar.
Dünən sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul edilən birgə bəyanat və 4 kəndin Azərbaycana qaytarılması öz haqqımızı uzun əziyyətlərdən sonra əldə etməyimiz baxımından növbəti uğur hekayəsidir. Bu, son 4 ildə Azərbaycana ardıcıl zəfərlər, uğurlar qazandırmış Prezident İlham Əliyevin tarixi və fenomenal xidmətinin bəhrəsidir. Azərbaycan xalqının yarıdan çoxunun əlini üzdüyü, işğal və ilhaqı ilə az qala barışdığı Qarabağ mahalı və onun ətraf əraziləri yenidən Azərbaycan dövlətinin sərəncamındadırsa, bunu 44 günlük Vətən müharibəsi ilə, lokal antiterror əməliyyatı ilə təşkil edən tarixi şəxsiyyət İlham Əliyevdir.
Rusiyanın sülhməramlı hərbi qüvvələrinin vaxtından ilyarım tez Azərbaycandan çıxarılması isə başqa bir uğurlu siyasətin nəticəsidir. Bundan əvvəl bu qüvvələrin ölkəmizdə qalmaq zərurəti aradan qaldırılmışdı və sülhməramlılar özlərini oyundankənar vəziyyətdə hiss edir, işsiz-gücsüz, funksiyasız, missiyasız qaldıqlarını anlayırdılar.
2020-ci ilin noyabrında bu qüvvələr tez-tələsik, 24 saatın içində gəlib Qarabağın dağlıq hissəinə yerləşəndə isə ölkədə bir xeyli adam bu fakt üzərinə ajiotaj yaradır, onu “yenidən işğal” adlandırırdılar. Halbuki sülhməramlılar 2 min nəfərlik şəxsi heyətdən ibarət məhdud hərbi kontingent idi və özlərini işğalçı ordu kimi apara bilməzdilər, qarşılarından onqat artıq peşəkar ordu vardı. Bir fors-major hal olmasa, onlar vaxtında gedəcəkdilər. Fəqət o fors-major hal ötən ilin sentyabrında baş verdi deyə, sülhməramlılar vaxtından tez getməli oldular.
İndi böyük ümidlər var ki, nəhayət, Qafqaza sülh gələcək. Azərbaycan və Ermənistan arasında aparılan sakit və vasitəsiz diplomatiya onu göstərir ki, ABŞ və Fransa kimi neo-imperialist qüvvələrin müdaxiləsi olmasa Azərbaycan və Ermənistan öz araların sülh yarada, dinc, yanaşı yaşamaq imkanı əldə edə biləcəklər.
Ancaq açıq-aşkar görünür ki, bəzi dövlətlər Qafqazda “kim kimi” məsələsinin sona qədər həll edilmədiyini, Ermənistanın “zərərçəkən” durumunda qaldığını düşünür, ona kömək etmək, vəziyyəti dəyişmək istəyirlər. Son 4 ilin faciəvi hadisələri, verdiyi itkilər, puç olan “böyük dövlət” arzuları erməni xalqı üçün nə qədər ağrı-acılı olsa da, onların ağlaşmanı bitirib, anlaşmaya meylləndikləri hiss olunur. İctimaiyyətin həlledici hissəsi artıq müharibədən yorulub, daha artıq itki vermək istəmir və bundan belə əmin-amanlıqda yaşamaq istəyir. Söz yox, Ermənistanda militarist qüvvələr yemə var, gələcəkdə də olacaq və xalqı yeni müharibə ovqatına kökləməyə çalışacaqlar. Onlar xaricdən lazımi dəstək almasalar, buna yenidən nail ola bilməyəcəklər.
Ona görə də Qafqaza lazım olan odur ki, yadellilər öz geosiyasi maraqları naminə regiona burun soxmasınlar, aralarında sülh yolu ilə həll ediləsi münaqişələri olan xalqları qızışdırıb, silahlandırıb bir-birinə qırdırmasınlar.
Buna yol verməmək üçün hər iki tərəfin rəhbərliyində siyasi səbat, uzaqgörənlik olmalıdır. Onlar öz aralarında anlaşmağı bacarmalıdır. Biz tərəfdən bu məsələdə problem yoxdur. Biz beynəlxalq vasitəçilərin məkr və hiylələrini çoxdan anlamışdıq. Erməni tərəfi isə hələ duza gedirdi, qayıdanda bildilər ki, duz yüküylə mənzil başına çatmaq çox çətin olur.
Bir sözlə, kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ