İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdərənin xəritəyə ikinci qayıdışı

Ağdərə rayonunun ölkənin siyasi həyatına və iqtisadiyyatına hansı xeyirləri olacaq?

Prezident İlham Əliyev “Ağdərə rayonunun yaradılması haqqında” qanunu təsdiqləyib. Qanuna əsasən, 3 rayonun ərazisi hesabına Ağdərə rayonu yaradılacaq. Ağdərə rayonu Qarabağ iqtisadi rayonunun ərazisinə daxil edilib. Fərmanda həmçinin Ağdərə Rayon İcra Hakimiyyəti yaradılması nəzərdə tutulub.  Görüləcək işlər üçün  hökumətə 1 ay vaxt verilib. 

Ağdərənin  yenidən bərpası rayonun 1992-ci ildə ləğv olunması qərarı ətrafında da müzakirələr açıb. Milli Məclisdə Ağdərə rayonunun yaradılması haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib ki, o vaxt Ağdərənin rayon statusunu səristəsizlikdən ləğv etdilər: “Mən hələ də bilmirəm ki, niyə belə oldu. O vaxt 5000 ağdərəli mənə müraciət etmişdi ki, biz ağdamlı olmaq istəmirik, biz ağdərəliyik. Düzdür, ağdamlı olmaq şərəfdir, amma hərəyə öz yeri şirindir. O vaxt Ağdərə ləğv olunduğu üçün onların pasportuna Ağdam yazılırdı. Ağdərə Qarabağın 2/5-ni təşkil edən böyük rayon idi. Ağdərə rayonunun bərpa olunmasına ən çox sevinənlərdən biri mənəm. Babalarımın üçünün qəbri Ağdərədədir”.  

Pənah Hüseyn: "Pensiya üçün sənədlərimi nazirliyə təqdim edəcəm" -  GlobalInfo.az

Pənah Hüseyn

Elçibəy hakimiyyətinin sabiq baş naziri  Pənah Hüseyn isə 1992-ci ildə Ağdərə rayonunun ləğvi üçün müəyyən səbəblərin olduğunu bildirib: “Ağdərə rayonunun ləğv edilməsi ideyasını irəli sürənlərin arqumentlərini o zamankı siyasi status-kvo, yəni Şaumyan kənd məsələsinin ermənilər tərəfindən çox ciddi şəkildə danışıqlarda qaldırılması, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ilə əlaqədar məsələlər, o cümlədən erməni adlı rayonların olması təşkil edirdi. Məncə, ovaxtkı qərar doğru idi. Yəni mövcud status-kvoda Ağdərə rayonunun ləğvi üçün kifayət qədər əsaslar vardı".

Qeyd edək ki, 57 kəndi olan rayon 1930-cu ildə inzibati rayon kimi yaradılıb, 1939-cu ilədək Cerabert adlanıb. 1992-ci ilin iyulunda Azərbaycan Ağdərəni azad edib. Bundan bir qədər sonra-Azərbaycan parlamentinin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv olunub. 1993-cü ilin fevralında isə Ermənistan silahlı birləşmələri yenidən Ağdərəni işğal edib. 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu Ağdərəni azad edib. 

Ağdərənin rayon olaraq Azərbaycan xəritəsinə ikinci qayıdışının ölkənin siyasi həyatına və iqtisadiyyatına hansı xeyirləri olacaq? 

Aydın Hüseynov: “Rəqabət Məcəlləsi sahibkarlar üçün sağlam rəqabət  imkanlarını genişləndirəcək”

Aydın Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Yeni Müsavat"a bildirib ki, Ağdərə iqtisadi cəhətdən çox güclü və ərazisinə görə böyük rayon olub: “Ağdərənin rayon statusunun bərpası ilə Azərbaycanın siyasi xəritəsində olan rayonlarımızın sayı artmış oldu. Rayonun özünün inzibati, dövlət strukturlarının formalaşması həyata keçiriləcək ki, bu da bölgənin idarəçiliyi baxımından əhəmiyyət daşıyacaq. Ağdərə Qarabağ iqtisadi rayonuna daxil edilib. Kifayət qədər böyük ərazisi və ən müxtəlif sahələr üzrə ciddi potensialı olan Ağdərənin ən inkişaf etmiş rayonlarımızdan birinə çevriləcəyi şübhəsizdir.  Yaxın gələcəkdə dövlət başçımızın səyləri ilə Ağdərə daxil olmaqla bütün Qarabağda yenidənqurma və bərpa işləri öz müsbət nəticəsini göstərəcək”.

Deputat qeyd etdi ki, Ağdərə rayonunun ərazisi qızıl, kvars-qızıl, qurğuşun, mineral sularla və digər yeraltı sərvətlərlə zəngindir: “Ağdərə Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Bu potensial hərəkətə gətiriləcək. Ağdərə rayonunun böyük meşə örtüyü, çox məhsuldar münbit torpağı mövcuddur. Bütün bu amillər rayonun ölkə iqtisadiyyatımızda çəkiyə malik yerə sahiblənəcəyinə əminlik yaradır. Ağdərə rayonunun iqtisadi potensialını daha da artırmaq üçün çox ciddi tədbirlər görüləcək”. 

A.Hüseynov onu da dedi ki, Ağdərənin qədim memarlıq abidələri və qədim körpüləri, müqəddəs ziyarətgahları, pirləri, qədim alban məbədləri var. Qədim tarixə malik memarlıq abidələrinin, füsunkar təbiətinin olması isə bu rayonun turizm potensialına da malik olması deməkdir.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov 

Milli Məclisin deputatı Ceyhun Məmmədov da bildirdi ki, Ağdərə rayonunun yaradılması “çox vacib və gələcək üçün çox faydalı  qərardır”: “Biz işğal altındakı bütün torpaqlarımızı azad etmişik. Yenidən həmin ərazilərdə inkişaf dövrü başlayacaq. Bu gün Qarabağ yenidən qurulur, dirçəldilir. Ağdərənin inzibati rayon olaraq yenidən Azərbaycan xəritəsinə qayıdışının siyasi və iqtisadi əhəmiyyəti var. Bu bizim qələbəmizin təntənəsidir. Bu, onu göstərir ki, Azərbaycan bütün işğaldakı rayonlarının azad olunması üçün lazımi  bütün addımları atıb. Azərbaycan bütün məqsədlərinə doğru inamla irəliləyir. Ağdərənin rayon statusunun bərpası rayonun həm özünün inkişafına, həm də Azərbaycan iqtisadiyyatına ciddi qatqı qatacağına şərait yaradacaq. Rayon statusunun bərpası  bu bölgənin idarə edilməsinin təkmilləşməsinə, səmərəliliyə, kənd təsərrüfatının və digər sahələrin inkişafına öz müsbət təsirini göstərəcək”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR