İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdərə sakinlərinə qucaq açdı

Keçmiş məcburi köçkün: “Uşaqlığımı Qarabağda yaşaya bilməsəm də, övladlarım burada böyüyəcək”

Vətən müharibəmizdə qazandığımız şanlı qələbədən sonra keçmiş köçkünlərin tezliklə doğma yurdlarına qayıdacağı ilə bağlı vəd verən Ali Baş Komandan İlham Əliyevin sözləri hər keçən gün sürətlə reallığa qovuşur. Demək olar ki, hər həftə Qarabağ torpaqlarına yola salınan 2-3 köç karvanı dediklərimizin bariz sübutudur.

Sonuncu köç karvanı martın 3-də Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə olub. Bununla da Ağdərə torpağına ilk məcburi köçkün ayağı dəyib. İlkin mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülüb.

“Doğma Ağdərədən köç edəndə 5 yaşım var idi. Bu gün yenidən rayonumuza qayıtmağın qürurunu yaşayıram. Bunu sözlərlə ifadə edə bilmirəm. Artıq bu gündən yurdumuzda daha xoşbəxt günlərimiz başlayır”. Bunu Həsənriz kəndinə köçən sakin Kəmalə Həsənova bildirib. O, həmçinin əlavə edib ki, doğma kəndində yaşaya bilmədiyi uşaqlıq sevincini övladlarına yaşadacaq: “Mən uşaqlığımı Qarabağda yaşaya bilməsəm də, övladlarım burada böyüyəcəklər. İndiyə qədər yataqxanada məskunlaşmışdıq, artıq bundan sonra öz evimizdə yaşayacağıq. Buna görə, Prezidentimizə təşəkkür edirəm. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərə cansağlığı arzu edirəm. Şəhid analarının əllərindən öpürəm”.

"Ömrümün 32 ili köçkünlükdə, həsrət, nisgil içində keçib. Bu illər ərzində hər zaman doğma torpaqlara qayıtmaq ümidi ilə yaşamışam".

Bu sözləri isə Əzizə Bağırova söyləyib: “Bu gün çox sevincliyəm, eyni zamanda fərəh hissi keçirirəm. Çünki Şanlı Ordumuzun qəhrəmanlıqla azad etdiyi torpaqlara qayıdırıq. Bu gözəl hissləri bizə yaşatdığına görə Ali Baş Komandana, Ordumuza minnətdaram”.

Martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Ağdərə rayon Talış kənd, Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib. İşğaldan azad olunan ərazilərdə Xankəndi, Ağdərə və Xocalıda keçirilən imtahanlarda ümumilikdə 26 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.Keçirilən bu imtahan da “Böyük Qayıdış” istiqamətində atılmış ən mühüm addımlardan biri kimi qəbul olunur.

Məlumat üçün onu da bildirək ki, martın 1-dən etibarən Kənd Təsərrüfatı Nazirliyi Zəngilan rayonunun Ağalı kəndindəki kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlayıb. Bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Məlumata görə, müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsilə qəbul edilir. Bununla da işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsinə start verilir. Ağalıda məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu martın 31-nə qədər davam edəcək.

Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ölkə Prezidentinin 27 noyabr 2024-cü il tarixli 236 nömrəli fərmanı və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənən “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Ağalı kəndinə köçən sakinlər aşağıdakı qaydada torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədilə istifadəsi üçün müraciət edə bilərlər:

  1. EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)
  2. Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” - “Ağalı” seçməklə ərizə formasını doldurmaq.
  3. Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq Ağalı kənd sakini olduğunu (faktiki yaşayış yerinin Ağalı olduğunu) Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Müraciət edən şəxslərlə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 aprel - 31 may tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

“Böyük Qayıdış” prosesi çərçivəsində Füzuli sakinləri üçün daha bir sevindirici xəbər var. Belə ki, bu yaxınlarda Füzulinin Pirəhmədli və Qaraxanbəyli kəndlərinin tikintisinə başlanılacaq.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib. Onun sözlərinə görə, Füzulidə işsizlik səviyyəsi 9 faizin altındadır: “Bu onu göstərir ki, artıq Füzuliyə həyat qayıdıb”.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Hazırladı: Cavanşir ABBASLI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR