İnsanlara hürriyət, millətlərə istiqlal!

Abxaziyada qondarma seçkilər: Türkiyənin öz namizədi var?

Sayca doqquzuncu “prezident seçkilərində” Rusiyanın namizədi Badra Qunbaya alternativ olan müxalifətçini Ankara dəstəkləyirsə...

 Bu gün qondarma “Abxaziya respublikası”nda  növbədənkənar  “prezident seçkisi”  keçirilir. Abxaziyada da 1994-ci ildən bəri Qarabağda olduğu kimi səkkiz belə qondarma seçki keçiriblər, bu sayca doqquzuncudur. Vaxtilə bu cür qondarma seçki oyunlarında “artsax” rəhbərliyi Abxaziyaya ciddi dəstək veriblər, “nəticələri tanıyıb”, “təbrik göndəriblər”,  abxaz separatçıları da Xankəndiyə “dqr”ə təbrikə gəliblər. İndi o separatçı ermənilərin bəziləri Bakıda mühakimə olunmaqdadır. 

scale_1200 (2).png (363 KB)

Yada salaq ki, 1993-cü il iyulun 27-də Soçidə Rusiyanın vasitəçiliyi ilə Abxaziyada atəşkəs haqqında üçtərəfli sülh sazişi imzalanmışdı. Sənəd gürcü qoşunlarının çıxarılmasını və qeyri-qanuni abxaz birləşmələrinin ləğvini, beynəlxalq müşahidəçilərin və sülhməramlıların bölgəyə gətirilməsini, habelə münaqişənin tam miqyaslı nizamlanması üzrə BMT-nin himayəsi altında danışıqların aparılmasını nəzərdə tuturdu. Lakin separatçılar və Kreml razılaşmanı pozaraq bütün Abxaziyanı ələ keçirdilər və gürcü əhalisinə qarşı amansız etnik təmizləmə apardılar. Separatimzə son qoymaq cəhdi isə 2008-ci ilin avqustunda Gürcüstana baha başa gəldi, Rusiya separatçı bölgələri müstəqil “dövlət”kimi tanıdı, bu gün də Gürcüstanın hər iki bölgəsi Moskvanın “effektiv nəzarəti” altındadır. 

c499d63a7e2bede474c0d041a8279719.6a856ca6cd9ae14d34cf1b572b5935db.jpg (60 KB)

 Badra Qunba

Rusiya bugünkü “seçkilərə” yenə hər cür dəstək verməkdədir, hətta Moskva və Çerkesskdə iki “seçki məntəqəsi” belə açıblar. Rusiyanın dəstəklədiyi Badra Qunbaya  alternativ olan müxalifətin namizədi Adqur Ardzinbaya gəlincə, erməni və  Rusiya mediası ona Türkiyənin dəstək verməsi rəyi yaratmağa çalışırlar. İddia olunur ki,  Adqur Ardzinba Türkiyə konsulluğunun əməkdaşı ilə görüşərək dəstək istəyib və “seçkilərdə qələbə qazanacağı təqdirdə” qondarma respublikanın “Ankaraya tərəf dönəcəyini” vəd edib. Yeri gəlmişkən, Türkiyə hakimiyyəti Abxaziyanın “müstəqilliyini”  tanımır, amma o da da sirr deyil ki, Abxaziyadakı xalqlarla Türkiyə arasında çox yaxın tarixi, dini və mədəni əlaqələr var.

1025946568_0_0_1400_1054_600x0_80_0_0_7ac0a1791cab64baf30a4f88b4f08356.jpg (38 KB)

Adqur Ardzinba

1877-ci ildəki Osmanlı-rus müharibəsi dövründə abxaz müsəlmanlarının böyük əksəriyyəti əsrlərlə yaşadıqları torpaqlardan çıxarıldılar. Həmin ildə 128 min Abxaziya əhalisinin böyük hissəsi Osmanlı torpaqlarına köçdü və Abxaziya torpaqlarında yalnız 20 minə yaxın abxaz qaldı.  Bu gün Türkiyədə təxminən 5 milyona yaxın Abxaziya mənşəli müsəlman yaşayır. Türkiyədəki Abxaziya mənşəli vətəndaşların böyük əksəriyyəti özlərini türk hesab edir, uşaqlarına türk adları qoyur, onları türk adət-ənənələrinə görə böyüdürlər.  Amma Rusiya mediası onu da iddia edir ki,  Abxaziyadakı hazırkı abxaz əhalisi əsasən xristian olsa da, müsəlman dünyası ilə çox zəif əlaqələri olsa da, qohumluq əlaqələri kəsilməyib. 

kapak_182630.jpg (117 KB)

1992-94-cü il qarşıdurmalarında gürcüləri Abxaziyadan qovanlar elə zənn edirdilər ki, “müstəqillikdən” sonra bölgədə söz sahibi onlar olacaq. Amma bu illər yerli əhaliyə (təxminən 200 min civarında) xüsusi heç nə verməyib. Qarabağ separatçıları Ermənistanın dilənçi payına möhtac olduqları kimi, Abxaziya da Kremlin “pul kilsəsindən” asılıdır. 

Ötən ilin sonunda separatçı bölgədə etiraz aksiyaları baş qaldırdı, Rusiyanın daha bir adamı-“prezident”Aslan Bjaniya istefa verməli oldu.  Etirazlara səbəb Abxaziyada rusiyalı oliqarxların torpaq sahələri alması, biznes və turizm obyektləri tikmələri üçün “parlamentin” qərarı idi. Zatən indiyədək də rusiyalı oliqarxlar burada apartamentlər, mehmanxanalar tikiblər.  

51daa6d523da8c479ee5613ca6e6315e_o.jpg (139 KB)

Separatçı bölgədə budəfəki etirazların və narahatlıqların başqa bir səbəbi  “Gürcü Arzusu”nun parlament seçkilərdə qələbəsi idi. Ermənilər güclü Azərbaycan hakimiyyəti istəmədikləri kimi, separatçı abxazlar da Gürcüstanda daima gərginlikdə maraqlıdırlar. Qərbin parlament seçkilərindən sonra Tiflisdə  inqilab alınmadı. Bu durum da Abxaziya separatçılarını narahat edir. “Gürcü Arzusu” ərazi bütövlüyünün bərpası haqda dəfələrlə bəyanat veriblər. Gürcüstanda faktiki söz sahibi olan Bdzina İvanişvili də bəyan edib ki, ərazi bötövlüyü yalnız “sülh yolu ilə, barışıq və qarşılıqlı bağışlama əsasında” mümkündür. Bəllidir ki, Gürcüstan hökuməti dəfələrlə ölkənin birləşməsi (mümkündür ki, federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib. Vaşinqondan maliyyələşən Robert Lansinq(ötən əsrin əvvələrində ABŞ-ın keçmiş dövlət katibi olub) İnstitutunun anaitik mərkəzi bir müddət əvvəl bu mövzuda maraqlı hesabat da yaymışdı.   İddia olunurdu ki, Gürcüstanın separatçı bölgələri ilə  konfederasiya şəkilində birləşməsinin yenidən gündəmə qayıtması Rusiyanın Qərb sanksiyaları fonunda yeni nəqliyyat dəhlizlərinə təcili ehtiyacı olduğunu göstərir. Rusiyadan Abxaziyadan keçməklə Gürcüstana və daha da cənub-şərqə gedən dəmir yolu marşrutlarının bərpası regionda “təhlükəsizlik zonasını” fəal şəkildə gücləndirən Kreml üçün strateji prioritet hesab olunur. Gürcüstan-Abxaziya-Cənubi Osetiya konfederasiyası Moskvanın Tiflis üzərində təsirini artıra və  Gürcüstanın NATO-ya daxil olmaq istəklərini cilovlaya da bilər.

Rusiya Gürcüstan və bu separatçı regionlarla həmsərhəddir, ona görə də şübhə yoxdur ki, bu ərazilərdə “müstəqil dövlət” kimi mövcudluğu Moskva onlara dəstəkdən imtina edənə qədərdir...

Nazim SABİROĞLU, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR