İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Qərbin açdığı "ikinci cəbhə"də də savaş başladı: Rusiya Ermənistanı "qaz bombası" ilə təhdid edir

Kreml Ermənistanı hansı "silahlar"la vuracağını artıq dolayısı eyhamlar üzərindən Paşinyan hakimiyyətinə anlatmağa çalışır... Rusiya iqtisadi faktorları, xüsusilə də, enerji resurslarını Ermənistana qarşı əsas "zərbə silahı"na çevirmək niyyətini biruzə verir...

Rusiyanın Cənubi Qafqazda geopolitik mövqeləri ciddi şəkildə zəifləməkdə davam edir. Belə ki, Kreml Ermənistana təsir mexanizmlərinə nəzarəti sürətlə itirməkdədir. Yəni, Ermənistanın Rusiyaya hərbi-siyasi xəyanəti artıq həlledici mərhələyə keçib. Xüsusilə də, Brüssel ortaq konfransından sonra rəsmi İrəvan Rusiyadan tamamilə uzaqlaşmaq hədəfini qətiləşdirib. Və bu, Ermənistanın Rusiya ilə strateji müttəfiqlik "körpülər"ini birdəfəlik uçurtmaq niyyətinin ciddi olmasından xəbər verir.

Məsələ ondadır ki, məhz Brüssel ortaq konfransında ABŞ, Avropa Birliyi və Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı "ikinci cəbhə" açıldığını təsdiqləmiş oldular. Rəsmi İrəvana Rusiya hərbi bazalarının Ermənistandan ən qısa müddətdə çıxarılması sifariş edildi. Baş nazir Nikol Paşinyan da Brüsseldə bu barədə prinsipial öhdəlik götürmüş oldu. Və indi Kremlin verəcəyi reaksiya Rusiyanın Ermənistandakı mövcudluğunun gələcək taleyini həll edə bilər.

Onu da qeyd etmək lazımdır ki, Kremldə situasiyanın ciddi olduğunu artıq qəbul etməyə başlayıblar. Hər halda, Rusiya siyasi dairələri son vaxtlar Paşinyan hakimiyyətinə qarşı ittihamları intensivləşdirməyə üstünlük verir. Üstəlik, Kreml rəsmi İrəvandan Ermənistanın davranışları ilə bağlı hesabat da tələb edir. Və bu, Kremlin rəsmi İrəvanla qarşıdurmasının artıq sərt gərginlik mərhələsinə keçdiyini göstərir.

ef14b9c0-7d7b-4546-92ff-062e54303361.jpg (105 KB)

Maraqlıdır ki, Kreml hazırda əsas diqqətini məhz Brüssel ortaq konfransının nəticələrinə yönəldib. Belə ki, Rusiya siyasi dairələri Paşinyan hakimiyyətinin Brüsseldə əldə olunmuş anlaşmalar ilə bağlı daha dəqiq və geniş izahat verilməsini tələb edir. Bununla da Brüssel ortaq konfransının Rusiyanın "qırmızı cizgiləri"ni pozduğunu sezdirir. Və rəsmi İrəvanın davranışlarına düzəlişlər edilməyəcəyi təqdirdə, daha radikal reaksiyanın veriləcəyinə eyham vurulur.

Təbii ki, Kreml Ermənistana nəzarəti itirmək niyyətində deyil. Böyük ehtimalla sona qədər ABŞ və Qərbin Ermənistanı Rusiyadan qopartmaq cəhdlərinə sərt şəkildə müqavimət göstərməyə çalışacaq. Hər halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamalarında həm Ermənistana, həm də ABŞ və Qərbə yönəlik xəbərdarlıq mesajları yer alıb. Və rus nazir Kremlin ata biləcəyi radikal addımları mümkün qədər yumşaq diplomatik eyhamlarla diqqətə çatdırmağa üstünlük verib.

Xarici işlər naziri Sergey Lavrov xüsusi olaraq, vurğulayıb ki, Rusiya və Ermənistan hələ də müttəfiq ölkələrdir. Rus nazir hesab edir ki, Ermənistanda Rusiyanın Ermənistanın təhlükəsizliyində və iqtisadi inkişafında malik olduğu əhəmiyyətli rolu anlayanlar da mövcuddur. Və bu, Rusiyanın Ermənistandakı "beşinci kalon"unun hərəkətə gətirilə biləcəyinə üstüörtülü eyham təsiri bağışlayır. Və rus nazir rəsmi İrəvana Cənubi Qafqazda nifaq salmaq istəyən kənar güclərin arxasınca getməməyi məsləhət görüb.

3b47a074ff1b8a4a0cf87b0024096585.jpg (77 KB)

Məsələ ondadır ki, rus diplomat ABŞ və Qərbin Ermənistanı sürətləndirilmiş tempdə Rusiyadan qopartmaq istədiyini vurğulayıb. Onun fikrincə, əgər, rəsmi İrəvan həmin istəklərə pozitiv qarşılıq verməkdə davam edərsə, Ermənistan böyük zərər görə bilər. Və bu, Kremlin artıq Ermənistanla bağlı konkret addımlar barədə qərar vermək məcburiyyətində olduğunu göstərir.

Çünki xarici işlər naziri Sergey Lavrovun açıqlamalarında açıq şəkildə dilə gətirilməyən təhdid sezilir. Belə ki, rus nazir bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından böyük mənfəət əldə edir. Ermənistan iqtisadiyyatının 35 faizi məhz Avrasiya İqtisadi İttifaqına bağlıdır. Halbuki, rus nazir bunu söyləməklə, Ermənistan iqtisadiyyatının bütövlükdə məhz Rusiyanın nəzarətinə olduğuna dolayısı eyham vurmaq niyyəti güdür. Hər halda, erməni iqtisadçılar Ermənistan iqtisadiyyatında Rusiyanın iştirakının 55 faizdən yuxarı olduğunu etiraf edirlər. Rus nazirin Avrasiya İqtisadi İttifaqı üzərindən açıqladığı rəqəmi də nəzərə aldıqda, Ermənistan iqtisadiyyatının bütövlükdə Rusiyadan asılı olduğuna elə bir ciddi şübhə yeri qalmır.

Digər tərəfdən, xarici işlər naziri Sergey Lavrov Rusiyanın enerji resurslarının Ermənistan üçün həlledici əhəmiyyətinə eyham vurmağı da qətiyyən unutmayıb. Belə ki, rus nazir Rusiyanın Ermənistana hər min kubmetri 170 dollar olmaqla, yəni güzəştli qiymətlərlə təbii qaz satdığını da qabardıb. O, bildirib ki, rəsmi İrəvanın Rusiya təbii qazına alternativ tapmaq şansı yoxdur. Üstəlik, rəsmi İrəvan dünyanın heç bir yerində hər min kubmetri 170 dollara təbii qaz tapa bilməz. Və bu, rəsmi İrəvana yönəlik olduqca ciddi xəbərdarlıq mesajıdır.

pasha-bohran-kreml.PNG (941 KB)

Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamalarından belə anlaşılır ki, Kreml Ermənistana münasibətdə əsas taktikasını artıq böyük ölçüdə müəyyən edib. Belə görünür ki, Kreml ilkin mərhələdə Ermənistana qarşı hərbi-siyasi faktorlardan istifadə etmək niyyətində deyil. Yəni, Kreml əvvəlcə Rusiyanın və Avrasiya İqtisadi İttifaqının Ermənistan iqtisadiyyatı üzərində sahib olduğu təzyiq mexanizmlərini işə sala bilər. Bununla da Ermənistanda sosial-iqtisadi böhranın yaradıla biləcəyi tamamilə inandırıcı görünür. Eyni zamanda, buna paralel olaraq, Rusiyanın Ermənistandakı "beşinci kalonu" da aktivləşdirilə bilər.

Nəhayət, Paşinyan hakimiyyətinə ən ağır və birbaşa zərbənin Ermənistana enerji resurslarının ixracının dayandırılması ilə vurulma ehtimalı da mövcuddur. Çünki Ermənistanın enerji resurslarından məhrum edilməsi Paşinyan hakimiyyətinə qarşı Rusiyanın "beşinci kalon"unun fəaliyyətini daha effektiv edə bilər. Və bütün bunların böyük sürətlə reallaşdırılması Paşinyan hakimiyyətini çarəsiz buraxa biləcək məqamdır.

Çünki Ermənistan üzərindən Rusiyaya qarşı "ikinci cəbhə" açan ABŞ və Avropa Birliyinin Paşinyan hakimiyyətinə dəstək vermək şansı ümumiyyətlə, yoxdur. Bu baxımdan, hesab etmək olar ki, Kreml Ermənistanı hansı "silahlar"la vuracağını artıq dolayısı eyhamlarla sezdirir. İlk mərhələdə Kreml iqtisadi faktorları, xüsusilə də, enerji resurslarını Ermənistana qarşı əsas silaha çevirmək niyyətini biruzə verir. Və bu, Kremlin Ermənistana qarşı "qaz bombası"nı da əlində artıq hazır tutduğunu göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"
Yeni savat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR