Onlayn ictimai-siyasi qəzet
ABŞ və Qərbin Cənubi Qafqazda sülh prosesinə vasitəçilik missiyası bəhanəsi ilə kobud müdaxilə etməsi artıq öz neqativ nəticələrini verməyə başlayıb. Hər halda, Qərb platformalarında sülh prosesi artıq dalana dirənib, dərin böhran müşahidə olunur. Üstəlik, bu böhranın süni şəkildə yaradıldığı da qətiyyən diqqətdən yayınmır. Çünki ABŞ və Qərb Azərbaycana qarşı qərəzli mövqeyi və açıq ermənipərəst davranışları ilə Cənubi Qafqazda sülh prosesini bloklamağa nail oldu. Və bu, daha çox ABŞ, Fransa, eləcə də rəsmi Parisin ciddi təsiri altında olan Avropa Birliyinin ortaq regional maraqlarından qaynaqlanır.
Hazırda sülh prosesi ətrafında yaranmış situasiya onu göstərir ki, ABŞ və Qərb Ermənistanı özü üçün regional forposta çevirməyə nail olub. Rəsmi İrəvan Qərbdən gələn istənilən təlimatı dərhal yerinə yetirir. Yəni, Ermənistanın həm maraqları, həm də xarici siyasət kursu tamamilə ABŞ və Qərbin ixtiyarına verilib. Paşinyan hakimiyyəti atdığı bütün addımları məhz Ermənistanın beynəlxalq havadarlarının diqtəsinə uyğunlaşdırır. Və bu, o deməkdir ki, reallıqda müstəqil Ermənistan dövləti mövcud deyil.
Ancaq burada bir önəmli məqam da mövcuddur. Belə ki, Paşinyan hakimiyyəti Ermənistanı bütövlükdə ABŞ və Qərbin geopolitik alətinə çevirərkən, bunun qarşılığını ala biləcəyinə böyük ümidlər bəsləyir. Rəsmi İrəvan hesab edir ki, ABŞ və Qərb Ermənistanın bütün geopolitik və iqtisadi problemlərini həll edəcək. Ermənistanın təhlükəsizliyini maksimum səviyyədə təmin edəcək. ABŞ və Qərbdən bu barədə ilkin vədlər alan rəsmi İrəvanın hazırda bu qədər arxayın davranaraq, Rusiya ilə qarşıdurmaya həvəs göstərməsi, eləcə də, Azərbaycanla yekun sülh sazişinin imzalanmasından müxtəlif siyasi manipulyasiyalarla yayınması da qətiyyən təəccüblü deyil.
Halbuki, rəsmi İrəvanın ABŞ və Qərbdən aldığı təhlükəsizlik, eləcə də tam toxunulmazlıq vədləri Ermənistanın ümidlərini boşa çıxara da bilər. Hər halda, ABŞ və Qərbin olduqca çox vəd verdiyini, ancaq onları heç vaxt sona qədər yerinə yetirmədiyini təsdiqləyən örnəklər yetırincədir. Ümumiyyətlə, ABŞ və Qərbin indiyə qədər dəstək verdiyi üçün uğur qazanmış nə bir dövlət, nə də bir xalq mövcuddur. Əksinə, ABŞ və Qərb hansı dövləti, yaxud xalqı dəstəklədisə, sonunda fəlakətə və səfalətə düçar oldu.
Məsələn, Ukrayna hazırda ABŞ və Qərbin himayəsi altındadır. Ukraynaya demokratiya vəd olundu, ancaq reallığa çevrilmədi. Rəsmi Kiyevə Avropa Birliyinə və NATO-ya üzvlük söz verildi, əvəzində Ukrayna Rusiya ilə dağıdıcı müharibəyə məcbur edildi. İndi bütün infrastrukturu sıradan çıxarılmış, yaşayış məskənləri dağıdılmış, ərazi itkilərinə məruz qalmış Ukrayna dünya xəritəsindən silinmək təhlükəsi ilə də üzləşmiş kimi görünür.
Cənubi Qafqaz dövləti olan Gürcüstan da ABŞ və Qərbin dəstəyinə qurban getmiş ölkələr sırasına daxildir. Belə ki, Saakaşvili hakimiyyəti dönəmində Gürcüstana da Avropa Birliyi və NATO üzvlüyü vəd olunmuşdu. Ancaq rəsmi Tiflisin həmin vədlərə bağladığı ümidlər hələ də özünü doğrultmayıb, sadəcə, xəyal olaraq, qalmaqdadır. Halbuki, Rusiya qoşunları Gürcüstan paytaxtı Tiflisin girişinə qədər irəlilədikdə ABŞ və Qərb bu dövləti müdafiə etmək üçün demək olar ki, heç bir real addım atmadı.
Ancaq rəsmi Tiflis Gürcüstanın indiyə qədər ayaqda qala bilməsinə görə ABŞ və Qərbə deyil, məhz Azərbaycana minnətdar olmalıdır. Çünki Gürcüstan məhz Azərbaycanın enerji resurslarını nəql edən boru kəmərlərindən və nəqliyyat-kommunikasiya xətlərindən qazandığı tranzit gəlirləri hesabına öz maliyyə ehtiyaclarının əhəmiyyətli bir hissəsini ödəyə bilir. ABŞ və Qərb yerinə yetirilməyən eyni vədlərə bağlı fəlakətləri Moldovanın da başına gətirib.
Digər tərəfdən, rəsmi İrəvan ABŞ və Qərbin dəstəyinin hansı neqativ nəticələrə yol açdığını dəqiqləşdirmək üçün Yaxın Şərqdə baş verənləri də örnək ala bilər. Hər halda, ABŞ öz müttəfiqləri ilə Yaxın Şərq xalqlarına “demokratiya və insan hüquqları” gətirmək “niyyəti” bu regionda onilliklər boyu davam edən savaşdan başqa heç nə verməyib. Və bu regionun xalqları hələ də ABŞ-ın “dəstəyindən” xilas olub, normal həyata dönə bilmirlər.
İraq separatizmin və müxtəlif terrorçu qrupların hökm sürdüyü formal dövlətə çevrilib. Liviyada vətəndaş müharibəsi hələ də davam edir. Suriya isə tamamilə dağıdılaraq, xaos və terror yuvası kimi fəlakət mənbəyidir. ABŞ-ın Əfqanıstana apardığı “demokratiya”nın nəticələri barədəsə, ümumiyyətlə, danışmağa belə, dəyməz. Çünki ABŞ və Qərb narkotik bitkilərin plantasiyasına çevirdikləri Əfqanıstandan son nəticədə qaçmaq məcburiyyətində qaldı.
Belə anlaşılır ki, hazırda sıra Ermənistana çatıb. ABŞ və Qərb indi də rəsmi İrəvana müxtəlif vədlər verməklə, Ermənistanı Rusiyanın düşməninə çevirməyi bacarıb. Halbuki, Rusiya Ermənistanı cəzalandırmaq niyyətinə düşərsə, ABŞ, Fransa və Avropa Birliyinin bu ölkəni necə müdafiə edəcəyi hələ də müəmmalı olaraq, qalmaqdadır. Çünki ABŞ yalnız dəstək vəd edir, müdafiə ehtiyacı yarandıqdasa, kənara çəkilib, müşahidə etməyi üstün tutur.
Əslində, ABŞ və Qərbin Cənubi Qafqazda Ermənistanı müdafiə təmin etmək imkanları da yoxdur. Hər halda, 44 günlük II qarabağ savaşı dövründə ABŞ, Fransa və Avropa Birliyinin gücü “növbətçi bəyanatlar”dan artığına çatmadı. Elə Azərbaycan ordusunun son antiterror əməliyyatlarına da Qərb Ermənistanın ümidlərinə adekvat reaksiya göstərə bilmədi. Yəni, ABŞ və Qərbin terror dövləti olan Ermənistana məntiqsiz dəstəyi sadəcə, özəl geopolitik maraqların təmin edilməsinə indeksləşib. Və bu, birbaşa Ermənistanın toxunulmazlığının təmin edilməsi niyyəti ilə yüklənməyib.
Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan təhlükəsizliyi və müdafiəni Qərbdə axtarmaqla, Ermənistanın gələcək taleyini böyük risk altına atır. Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyi yalnız bu regionda sülhün və əmin-amanlığın bərqərar edilməsi ilə təmin oluna bilər. Ona görə də, rəsmi İrəvan üçün yeganə doğru yol ən qısa zaman içərisində Azərbaycanla yekun sülh sazişinin imzalanmasından keçir. Əks halda, yalançı vədlərə bağlı yol Ermənistanı yalnız ABŞ və Qərbin indiyə qədər fəlakətə düçar etdiyi ölkələrin sırasına qata bilər. Və rəsmi İrəvan bu reallığı vaxtında anlamazsa, sonra çox geç olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ