İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ siyasətində yeni “şəkil”ləndirmə və Paşinyanın fotosu

 Amerikalı siyasi şərhçi Con Varoliyə görə, Trampın seçkiqabağı ermənilərə ümid verən açıqlamaları onları boş xülyalara salmamalıdır

ABŞ-ın yeni prezidenti Donald Trampın dövründə xarici siyasət kursunda ciddi dönüşlər olacağı gözlənilir. Bir çox dövlətlər də xarici siyasətlərini buna uyğun qurmağa məcbur olacaqlar. Ermənistanın baş naziri Nikol Paşinyanın Notr-Dam kilsəsinin açılış mərasimində Fransa lideri Makron və ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla şən pozalar verməsi bu baxımdan diqqət çəkib, müzakirələrə yol açıb. 

Paşinyan, Makron və Tramp bir arada... Yeni Sabah

Bu görüşün baş tutmasında erməni lobbisinin rolunun olub-olmadığı sualı da ortaya çıxır. Digər bir məsələ erməni revanşistlərin Trampın hakimiyyəti dövründə “artsax”ın bağlanmış “kitabı”na yenidən qayıdıla biləcəyi ümididir. “Yeni Müsavat” yazır ki, amerikalı siyasi şərhçi Con Varoli, ümumiyyətlə, Vaşinqtonun yaxın 4 ildə regionumuzla bağlı siyasətinin necə olacağı barədə maraqlı fikirlərini Pressklub.az-la bölüşüb. Ekspertə görə, ABŞ hətta 5 il əvvəlkindən tamamilə fərqli bir ölkədir: “Nəyi nəzərə tuturam? Bəli, əvvəllər bəzi qruplar onun siyasətinə təsir edə bilirdilər. Bilirəm, Azərbaycanda tez-tez deyirlər ki, erməni lobbisi ABŞ-ın xarici siyasətinə təsir edə bilər. Bu, vaxtilə doğru idi, amma indi doğru deyil. İndi bura tamamilə başqa Amerikadır. Burada hansısa erməni diasporunun nə düşündüyü heç kimə maraqlı deyil. Əlbəttə, yəhudi diasporu istisna olmaqla. Aydındır ki, yəhudi diasporu ən güclü diaspordur və əslində onun nümayəndələri bizim xarici siyasətimizə rəhbərlik edirlər. Bunu Rusiya və Yaxın Şərqə münasibətdə də görmək olar. Hər şey yəhudi lobbisinin maraqlarına uyğundur. Amma bunu başa düşmək olar. Çünki onların hakimiyyətdə öz adamları var. Bütün ən mühüm hakimiyyət orqanlarında onların öz adamları var. Ermənilərdə bu yoxdur. Kimsə mənim yanıldığımı düşünürsə, Amerika hökumətində yüksək vəzifəli erməni soyadlı məmurun adını çəksin. Mən belə birini tanımıram”.

Ekspert deyib ki, Amerika açıq imperiyadır: “Buranın demokratik ölkə olması uydurmadır. ABŞ eyni anda bir çox ölkəyə qarşı açıq şəkildə müharibə aparır. Və onlar artıq Çinlə müharibəyə hazırlaşırlar. İmperiya siyasəti kursu var. Aydın bir plan var. Onlar bu planı həyata keçirməyə hazırlaşırlar. Və heç bir diaspor buna təsir edə bilməz”. Analitik əlavə edib ki, Azərbaycan bu gün Amerika elitası üçün ən strateji məkanlardan biridir: “Çünki bura bizim elitanın ən qatı düşmənləri olan İranla Rusiya arasında yerləşir. ABŞ-ın Mərkəzi Asiya ölkələrinə nəzarəti ələ keçirmək kimi ambisiyası, məqsədi var. Və bu baxımdan Azərbaycan həqiqətən çox önəmlidir. Keçmişə nəzər salsanız, görə bilərsiniz ki, prezidentin kim və hansı müddətə olmasından asılı olmayaraq, xarici siyasətimiz çox az dəyişir. Bu, xüsusilə son 35 ildə özünü göstərir. Məsələn, Rusiyaya münasibətdə, Yaxın Şərqə münasibətdə. Amerika siyasəti az dəyişir. Və əgər dəyişirsə, demək, yalnız ona görədir ki, haradasa məğlubiyyət olub. Məsələn, İraq və Əfqanıstandakı uğursuzluq kimi”. Ekspertin dediklərindən anlaşılan odur ki, Trampın ermənilərə seçkiqabağı ümid verən açıqlamaları əslində onları yenə boş xülyalara salmamalıdır. Xüsusilə erməni diasporasının Trampın siyasətinə təsir edə biləcəyi mümkün görünmür. Baxmayaraq ki, Paşinyanın Makronun hesabına Trampla görüşü erməni siyasi kluarlarında az qala toy-bayrama çevrilib, yeni administrasiyadan ciddi dəstək gələcəyinə ümid yaranıb. 

Çingiz Qənizadə: “Vətəndaşın məsuliyyətli olması əsas şərtdir”

Çingiz Qənizadə

“Yeni Müsavat”a bu mövzunu şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə heç Baydendən böyük ölçüdə fayda görməyən erməni lobbisinin Trampa ümid bəsləməməyə çağırıb. Onun fikrincə, Trampın ilk prezidentliyi dönəmində 44 günlük müharibə, Bayden zamanında isə bir sutkalıq antiterror əməliyyatı olub, lakin ABŞ liderlərinin heç biri Azərbaycanın haqq işinə, beynəlxalq hüquqa söykənən addımlarına müdaxilə etməyib: “Ona görə də bütün planları puç olan erməni lobbisinin bundan sonra nəyəsə ümid etməsi mənasızdır. Çünki onların uydurma "etnik təmizləmə" ittihamları ilə bağlı beynəlxalq səviyyədə çirkin kampaniya aparılsa da, hüquqi müstəvidə heç bir nəticə əldə edə bilmədilər. Bundan sonra da erməni lobbisinin səyləri faydasız olacaq. Onlar gözləyirlər ki, Tramp seçki dövründə Qarabağdan gedən ermənilər haqda səsləndirdiyi fikrin davamı olaraq Azərbaycana təzyiq göstərəcək, onların Xankəndinə qayıdışı üçün basqılar edəcək, amma ciddi surətdə yanılırlar. Eyni zamanda ermənilərin qayıtması ilə bağlı şərtlər Ermənistana məlumdur. Onlar Baydenə çox ümidli idilər, di gəl, gördülər ki, onun ermənipərəstliyi də bir işə yaramadı". 

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Azərbaycanın Ermənistandan tələbləri dəyişilməz olaraq qalır: sülh sabit və davamlı olmalıdır. Onun fikrincə, Makron Trampla Paşinyan arasında vasitəçilik etməklə məşğuldur: "Fransa prezidenti ABŞ-ın yeni administrasiyasının Qafqaz siyasətinə təsir etmək istəyir. Aydındır ki, Azərbaycanla bağlı Trampa hansı yalanları danışıb". 

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu da ekspertin fikirləri ilə həmrəydir. Onun sözlərinə görə, Ermənistan Trampdan mədəd ummaqdansa, yekun sülh sazişi üçün tələb olunan şərtləri yerinə yetirsin: “Erməni lobbisinə gəlincə, seçkiqabağı Trampla bağlı narazılıqlarını dilə gətirmişdilər. Sonra Tramp erməni seçicisinə hesablanmış çıxış etdi. Sözsüz ki, ermənilərin Amerikada 100 ildən çox yaşı olan lobbiçilik institutu var, kök salıblar. Ancaq onların maksimum edə bildikləri hansısa konqresmeni ələ almaq, qanun layihələri irəli sürməkdir. Hətta Bayden kimi ermənipərəst prezidentin dövründə bundan artığına nail olmadılar. Menendez kimi korrupsioner konqresmen ifşa olundu, bir neçə dəfə Qarabağ erməniləri ilə bağlı qanun layihələri irəli sürdülər, o da Konqresdən keçmədi, yəni daha çox addım atmağa gücləri çatmır. Əgər Bayden dönəmində Konqresin qəbul etdiyi bir-iki qətnamədən başqa heç nəyə nail olmayıblarsa, Trampın prezidentliyi dövründə erməni lobbisinin hansısa nəticələr əldə edəcəyini gözləmirəm”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR