Onlayn ictimai-siyasi qəzet
Devid Koen niyə Bakıya da gəlmədi; MKİ rəhbərinin müavini nümayəndə heyəti ilə birgə Paşinyana təlimatlar verib, eyni vaxtda dövlət katibi Blinken Ermənistana dəstəyin gücləndirilməsindən danışıb - faktlar
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinin müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyəti mayın 21-də İrəvanda səfərdə olub. “Yeni Müsavat” bildirir ki, Koen öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Nümayəndə heyətini Ermənistanın baş naziri Nikol Paşinyan da qəbul edib. Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata görə, görüşdə Ermənistan-ABŞ ikitərəfli və beynəlxalq gündəliyə aid məsələlər müzakirə edilib. Eyni vaxtda ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ermənistana dəstəyimizi və bu ölkə ilə əməkdaşlığımızı gücləndirmək üçün daha nə edə biləcəyimizi müəyyən etmək məqsədilə İrəvandan gələn bir sıra sorğuları nəzərdən keçiririk. Bununla yanaşı, o, apreldə həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşünü xatırladıb: “Avropa İttifaqı rəsmiləri ilə bu istiqamətdə aparılan məsləhətləşmələr Ermənistan hökumətinə hansı istiqamətlər üzrə dəstəyin verilməli olduğunu müəyyənləşdirmək məqsədi daşıyıb. Biz belə qərara gəlmişik ki, həyata keçiriləcək tədbirlər bütün istiqamətləri əhatə etməlidir”, - deyə A.Blinken fikirlərini tamamlayıb. O həmçinin əlavə edib ki, ölkəsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına inanır.
Bu səfər və ABŞ xarici işlər nazirinin açıqlaması göstərir ki, Vaşinqton İrəvanda mövqelərini gücləndirməyə çalışır. ABŞ Rusiyanın forpostu olmuş ölkədə strateji olaraq möhkəmlənir və Paşinyan administrasiyasına da bu məqsədlə güclü dəstək verilir. Bəs niyə məhz indi? Devid Koen İrəvana konkret nə üçün gəlmişdi? Səfərin İran prezidentinin qəzada həlak olmasından bir gün sonra reallaşması təsadüfdürmü? Ümumiyyətlə, ABŞ 6 ildir ki, Paşinyan hakimiyyətini müdafiə edir. Avropa İttifaqı da eynilə dəstəyi davam etdirir. Xarici işlər naziri Ararat Mirzoyan mayın 22-də parlamentdə deyib ki, Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlər hərtərəfli birgə tərəfdaşlıq haqqında razılaşmadan daha geniş sahələri əhatə edir. O bildirib ki, tərəflər bu münasibətlərin daha da dərinləşməsi üçün möhkəm siyasi iradəyə malikdir: “Biz bu fəaliyyəti birgə tərəfdaşlıq müqaviləsi əsasında həyata keçiririk. İndi isə avropalı tərəfdaşlarımızla əlaqələrimizin bu sənədin (SEPA) hüdudlarından kənar səviyyədə genişləndirilməsini müzakirə edirik”. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel də bildirmişdi ki, Aİ Ermənistanın suverenliyinə, demokratiya və möhkəmliyinə güclü sadiqliyini nümayiş etdirmək üçün amerikalı dostları ilə səyləri birləşdirməyə çalışır.
Azad Məsiyev
“Yeni Müsavat”a danışan siyasi ekspert Azad Məsiyevin sözlərinə görə, Paşinyan Birləşmiş Ştatlar tərəfindən hakimiyyətə gətirilib və Amerika onun üzərindən Cənubi Qafqazda möhkəmlənmək istəyir: “44 günlük müharibə ABŞ-ın mövqelərini zəiflətmişdi, Paşinyan da çətin vəziyyətdə idi və böyük siyasi laylar tərpənmişdi. Bu baxımdan Paşinyanın əlini gücləndirmək lazımdır. Çünki Ermənistan hakimiyyətinə Rusiyadan təzyiqlər gəlir. Eyni təzyiqlər Azərbaycandan da var və bu da 8 kəndin hamısının qaytarılması ilə bağlıdır. Belə vəziyyətdə Paşinyanın böyük dəstəyə ehtiyacı hiss olunur. Ona görə MKİ-nin rəhbər müavini İrəvana gəlməklə yeni təlimatları verib”. Onun fikrincə, bu təlimatlardan sonra Paşinyan addım atmağa başlayacaq: “Bu tapşırıqlar Rusiyanın hərbi bazalarını çıxarmaqla bağlı ola bilər. Eləcə də Ermənistanın Azərbaycanla konfrontasiyaya getməsi istənilə bilər. Çünki Qərb Bakıya təzyiq etməyə çalışır və sərhəddə bir gərginlik olmasında maraqlıdır. Həmçinin siyasi təxribatlara da əl atıla bilər”.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, MKİ rəhbərinin müavini Ermənistana təsadüfən səfər etməyib: “Nəzərə almaq lazımdır ki, ABŞ-ın İraqdan sonra ikinci ən böyük diplomatik korpusu İrəvanda yerləşir. Hətta səfirliyin işçilərinin sayının iki mindən çox olduğu deyilir. İstisna deyil ki, onların əksəriyyəti kəşfiyyatçılardır. Yəni Mərkəzi Kəşfiyyat İdarəsi səfirlik adı ilə regiona yerləşib. Bu informasiya Rusiyada da var. Onlar bilirlər ki, Paşinyanın məşvərət-məsləhətçiləri arasında səfirlikdəkilərin olması da gözləniləndir. Bu mənada Devid Koenin səfəri planlaşdırılmış addımdır. Bununla həm Ermənistanın Rusiyanın orbitindən uzaqlaşdırıldığı və ABŞ tərəfindən himayə olunduğu mesajı verilir, həm də bəzi "ev tapşırıqları" verilir".
S.Əsədlinin sözlərinə görə, Rusiyanın Ermənistanda təsirlərinin azaldılması prosesi gedir və Blinkenin bəyanatı da həmin səfərlə sinxronluq təşkil edir: “Rusiyanı Ermənistandan tam çıxarmaq çətin olacaq. Lakin bu istiqamətdə addımlar sürətləndirilir. Aprelin 5-də keçirilən Brüssel görüşü, ayrılan maliyyə, Avropa İnkişaf və Yenidənqurma Bankının 500 milyonluq yardım vədi göstərir ki, Qərb İrəvanı öz peykinə yaxınlaşdırır. Təsadüfi deyil ki, xarici işlər naziri Mirzoyan mayın 22-də Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsinin zəruriliyindən danışıb. Habelə Kopenhangendə keçirilən "demokratiya sammiti"ndə Paşinyan Avropa Birliyinə üzvlük arzusunu dilə gətirmişdi, hətta bu il qoşulmaq istədiklərini bildirmişdi. Bir sözlə, səfərlər, bəyanatlar, görüşlər məhz Ermənistanın Rusiyadan uzaqlaşdırılması strategiyasıdır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ