Onlayn ictimai-siyasi qəzet
Deputat Ceyhun Məmmədov Milli Məclisdəki çıxışında bir neçə gün bundan əvvəl ABŞ-ın Dini Azadlıq Komissiyasının növbəti illik hesabatını dərc etdiyinə diqqət çəkib.
Musavat.com-un məlumatına görə, o qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu dəfədəki hesabatda da həqiqəti əks etdirməyən bir çox məlumatlar əksini tapıb:
“Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uğurlu siyasət nəticəsində bu gün Azərbaycan dünyada tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün nəinki Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin etiqad azadlığı təmin olunub, hətta onlar arasında fərq qoyulmadan hər birinə davamlı olaraq dövlət büdcəsindən maliyyə ayrılır. Biz dəfələrlə ölkəmizdə səfərdə olan müxtəlif ölkələri təmsil edən dini liderlərin Azərbaycanın xaricə idxal edə biləcəyi sərvətlərdən birinin tolerantlıq və multikulturalizm olduğunu söylədiklərinin şahidi olmuşuq. Bu dünyanın çox az ölkələrində rast gəlinən faktlardandır”.
C.Məmmədov qeyd edib ki, bu gün Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən bu komissiya Ermənistanda və Qarabağda Azərbaycanlıların başına gətirilən müsibətləri görməməzlikdən gəlir: “Təkcə Ermənistan ərazisində 400-ə yaxın məscid, 500 qəbiristanlıq, eyni zamanda Qarabağda 67 məscid dağıdılıb. Hətta yeganə pravoslav kilsəsi belə dağıdılıb. Bu gün bizi Qarabağda yaşayan ermənilərin hüquqlarını pozmaqda ittiham edənlər 30 il ərzində məscidlərimizin dağıdılmasına, içərisində donuz və inək saxlanılmasına hər zaman göz yumdular. Bu gün də eyni siyasət davam edir. Onlar erməni diaspor və lobbi təşkilatlarından maliyyə vəsaitləri alaraq ölkəmizə qarşı qarayaxma kompaniyasını davam etdirirlər”.
Deputat deyib ki, reallıq tamam fərqlidir: “Azərbaycan azsaylı ölkələrdəndir ki, burada məscidi də, kilsəni də, sinaqoqu da dövlət tikir. Azərbaycan müsəlman ölkəsi olsa da heç zaman məscidi kilsə və sinaqoqdan ayırmayıb. Onlara hər zaman bərabər münasibət sərgiləyib. Bu reallığı yuxarıda qeyd etdiyim kimi, artıq bütün dünya qəbul edib. Yaxşı olar ki, bu komissiya və departamentlər gözlərini açıb həqiqəti görsünlər. Azərbaycana qarşı bu cür kampaniya və təxribatlara son qoymağın vaxtı çoxdan çatıb. Onlar onsuz da heç zaman çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Bunun üçün sadəcə gözlərini açıb həqiqəti görməlidirlər. Həqiqət isə birdir”.
E.Paşasoy,
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ