Onlayn ictimai-siyasi qəzet
Vaşinqton şərtini gizlətmir: ya ABŞ-ı, ya Rusiyanı seçmək lazımdır, Bakı strateji dilemma qarşısında qala bilərmi? Cənubi Qafqazda yeni münaqişə ocaqları yarana bilər
ABŞ dövlət katibinin Qərbi Balkanlar, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı siyasətinə cavabdeh olan Ceyms O’Brayen ötən həftəsonu Almaniya Marşal Fondunda ABŞ-ın yeni təhlükəsizlik strategiyası hazırladığını açıqlayıb. Yeni strategiya Qara dəniz, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunu əhatə edir.
Ceyms O’Brayen bildirib ki, son onilliklərdə Avropaya can atan, lakin dəqiq strategiyası olmayan, özünü “Rusiya və ABŞ arasında” görən ölkələr olub. “Bu mənzərə Xəzər sahillərindən, hətta Mərkəzi Asiyadan Adriatikə qədər müşahidə olunur. Bu, bizim təhlükəsizliyimiz, həm də həmin dövlətlərin sakinləri üçün ciddi problemdir. Bu boz məkan qaydalardan kənarda olmağı sevən siyasətçilərin çiçəklənməsinə imkan verir. Onlar hər hansı qayda olmadan hamı ilə oynaya bilər”, - deyə O’ Brayen fikrini yekunlaşdırıb. O’Brayenin yeni strategiyada Vaşinqtonun hədəfini və şərtini də gizlətmir: ya ABŞ-ı, ya Rusiyanı seçmək lazımdır. Yəni əvvəlki illərdə olduğu kimi, strategiyanın hədəfini “demokratiya”, “cəmiyyətin inkişafı”, “inteqrasiya” kimi bəzəkli sözlərlə bəzəməyə daha ehtiyac qalmır.
ABŞ-ın son ilyarımda Cənubi Qafqazda fəallaşan siyasəti daha çox Rusiyaya qarşı “ikinci cəbhə” açmaq niyyəti daşıyır. Vaşinqton gizlətmir ki, onlar Cənubi Qafqaza Rusiyaya qarşı “ikinci cəbhə” açmaq üçün tramplin kimi baxırlar. Bu sırada Ermənistan ABŞ-ın “ayağının altında donuz kəsməyə” hazır olsa da, Rusiyadan çəkinəcəkləri çoxdur, o səbəbdən Amerika hələ ki Qafqazda yerini “isidə” bilmir. Gürcüstan əvvəlki kimi Qərb dairələrinin vədlərinə aldanmaqdan uzaq olsa da, Qərbə inteqrasiyaya özlərinin bildiyi yolla getməyə üstünlük verir, kənar fətvalara qulaq vermir. Azərbaycanın mövqeyi bəllidir, Qarabağda suverenliyin tam bərpasında sonra indi Bakıya əsas təzyiqlər sülh sazişi və “insan haqları və dini azadlıqlar” üzərindən edilir. Bu “dəyərləndirmələr” isə ölkə daxilində heç bir dəstək qazanmır. Qərb qərəzli və basqıçı mövqe tutduqca, Bakı da eyni sərtliklə reaksiya verir.
Sülhəddin Əkbər
Milli siyasət üzrə ekspert Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında əslində bunun ABŞ-ın yeni strategiyası olmadığını qeyd etdi: “Birləşmiş Ştatlar uzun müddət idi ki, bu istiqamətə fikir verirdi. 11 sentyabr terrorundan sonra Mərkəzi Asiya və Cənubi Qafqaza xüsusi diqqət yetirməyə başlamışdı. Azərbaycana yönəlik siyasətdə müəyyən korreksiyaya getmişdi. Amerika üçün prioritetlər iqtisadiyyat, demokratiya və təhlükəsizlik idi. Azərbaycan və Mərkəzi Asiya siyasətində təhlükəsizlik ön plana keçmişdi. İndi yeni nəsil savaşının getməsi, ABŞ-ın Rusiyanı başlıca milli təhdid hesab etməsi, Çini isə qlobal rəqabətdə əsas rəqibi hesab etməsi bölgəyə diqqət yetirməyi zəruri edir. Amma yalnız Rusiya faktoru deyil, Vaşinqton Çini nəzərə alaraq bu regiona diqqət ayırır”.
Ekspertin təhlilinə görə, Britaniyanın qlobal Amerikano, türk dövlətlərinin isə Turan layihələri var: “Burada geopolitik maraqlar toqquşsa, müəyyən problemlər yarana bilər. Qeyd edim ki, Blinkenin yardımçısı Viktoriya Noland Türkiyədə səfərdədir və Ankara ilə bu kontekstdə danışıqlar aparır. Burada əsas həlledici rol Türkiyədir. Türkiyə NATO ölkəsidir, Türk Dövlətləri Təşkilatında aparıcı ölkədir. Ona görə prosesləri izləməliyik. Türkiyə Azərbaycanla strateji müttəfiqdir. Bu məsələlər geopolitik kontekstdə dəyərləndirilməlidir. Əgər geopolitik planımız uyğun olacaqsa, Turanın qurulmasına razılıq veriləcəksə, bizim üçün də problem olmayacaq. Xüsusən də Turan ölkələrinin vahid ordusunun yaradılması gerçəkləşsə, Britaniya, Amerika və NATO-nun buna məcburi razılığı da olacaq”.
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova ABŞ-ın yeni strateji doktrinasının seçkidən sonra açıqlanacağını gözləyir. Onun sözlərinə görə, noyabrda seçkinin qalibi məlum olduqdan sonra Birləşmiş Ştatlar regiona hansı prioritetlərlə nüfuz edəcəyini bəyan edə bilər: “Mərkəzi Asiya və Cənubi Qafqazda Rusiyanın təsirlərinin daha da azaldılması üçün Avropa Birliyi də, Amerika da addımlarını sürətləndirir. Makronun Qazaxıstana və Özbəkistana səfəri təsadüfi deyildi. Britaniya isə Türk Dövlətləri Təşkilatının güclənməsində maraqlıdır. Bütövlükdə Qərb Rusiyanı Orta Asiyadan çıxarmaq istəyir. Təbii ki, Rusiyanın bu bölgə ilə coğrafi və tarixi bağlantıları var, elə də asan olmayacaq. Cənubi Qafqazda da bu səylər artırılır. NATO-nun cənub dairəsi Türkiyəyə həvalə edilib. Yəni Cənubi Qafqazda Rusiyanın təsirlərinin azaldılması Türkiyənin vasitəsilə mümkündür. ABŞ Ermənistanda böyük diplomatik korpus saxlayır, Gürcüstanı da Avropa Birliyinə namizəd statusu verməklə təsirə salıblar, amma bu ölkələr Rusiya ilə siyasətində ehtiyatlıdır. Azərbaycana gəldikdə, bizim strateji addımlarımız gizli deyil. Bakı Rusiya ilə əməkdaşlığa dair "Yol xəritəsi" imzaladı, Türkiyə ilə müttəfiqliyi gücləndirir, təhlükəsizlik sahəsində də qardaş dövlətlə birlikdə hərəkət edir, enerji sektorunda əməkdaşlıq isə daha çox Avropaya istiqamətlənib. Düşünmürəm ki, bundan sonra hər hansı strateji seçim etmək məcburiyyətində qala bilərik”.
Təhlilçinin fikrincə, ABŞ-ın yeni təhlükəsizlik strategiyası adlandırdığı sənəd dolayısı ilə təhlükə vəd edir: “Çünki Mərkəzi Asiya və Cənubi Qafqazda yeni münaqişə ocaqları yarana bilər. Rusiya, Çin, İran bu bölgəyə Qərbdən müdaxilələrə reaksiya verməyə başlayanda istər-istəməz gərginlik yaranır. Amerikanın konsepsiyası dünyaya hakimlik üzərində qurulub. Amma təkqütblü dünya mümkün görünmür. Hazırda BRİKS ölkələri, xüsusən də Çin və Rusiya NATO-nun Şərqə doğru genişlənməsinə qarşı Yaxın Şərqdə və Ukraynada müharibə aparır. Amma NATO genişlənir, İsveç və Finlandiya da alyansa qoşuldu. Ona görə də təhlükəsizlik strategiyası həm də təhlükə yaymaqdadır. Azərbaycan beynəlxalq münasibətlərin mürəkkəb dövründə kifayət qədər həssas siyasət aparır, bizim işimiz tərəfdaşlıq və əməkdaşlıq üzərində qurulub”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ