İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hələ də tək gücdür – rəqiblərin formalaşdıra bilmədiyi qütb

SSRİ dağılandan sonra təkqütblü dünya yarandı. ABŞ bu mövqedə hələ də tək lider olaraq qalır. Ona rəqib ola biləcək potensial güc isə Çin sayılır.

Rusiya başda olmaqla digərləri Avropa İttifaqı və Çinin ətrafına cəmləşməklə ona qarşı güc balans yaratmağa səy göstərsə də, buna nail ola bilmirlər.

Nəticədə güc olmaq istəyənlər ABŞ-yə dönüş edir. Fələstində, o cümlədən Qəzza zolağında, Livanda, Suriyada baş verənlər bunu təsdiqləyib. ABŞ Prezidenti Donald Trampın son zamanlar atdığı addımlar, imzaladığı sərəncamlar (İrana “maksimum təzyiq”), Rusiya-Ukrayna müharibəsinin dayanması və sülh sazişinin imzalanması təklifi, Vaşinqton-Moskva arasında başlamış danışıqlar diqqəti ABŞ-yə yönəldib.

Donald Trampın Vladimir Putinə telefon zəngi, Meksika körfəzinin adının dəyişdirilməsi, Qrenlandiyanın ştatlara qatılması, Kanadanın “51-ci ştat” etməsinə dair açıqlaması, habelə Ukrayna Prezidenti Volodmir Zelenski ilə görüşdə yaranmış mübahisə və başqa məsələlər dünya ictimaiyyətinin diqqətini yenidən Vaşinqtona yönəldib.

İkinci dəfə prezident olandan sonra Donald Tramp martın 4-də ilk dəfə konqresin Nümayəndələr Palatası və Senat üzvlərinin birgə toplantısında çıxış edib. Bu çıxışı prezidentliyinin 44-cü günündə fəaliyyəti ilə bağlı müəyyən hesabat da saymaq olar. 2017-ci ildə Konqresdə etdiyi ilk çıxışı bir saat sürmüşdü. Bu dəfə o, 1 saat 40 dəqiqə danışmaqla rekord vurub.

Trampın ilk cümləsi belə olub: “Amerika qayıtdı”. O qayıdışını ölkəsinin “qızıl erası” adlandırıb. Bu “Amerikanı yenidən böyük edək!” devizinin davamı sayıla bilər. Bundan başqa Tramp bu ifadə ilə özünü daha çox ABŞ-nin sahibi sayıb.

SAHİBİ.jpg (590 KB)

Tramp daha çox bundan əvvəl verdiyi açıqlamalara uyğun istiqamətlərlə çıxış edib.

Uşaqların cinsinin dəyişdirilməsinin qadağan edilməsi - onun məsələyə birdəfəlik son qoyulmasına çağırış da saymaq olar.

Panama kanalına qayıdış. Bu məsələ ölkə üçün təksə iqtisadi deyil, həm də təhlükəsizlik baxımından vacib sayılır. Çünki bu kanaldan Çin də istifadə edir. Bu isə ABŞ-nin rəqibinin Latın Amerikasında fəaliyyətini nəzarət etməyə, yaxud azaltmasına səbəb olacaq. Tramp çıxışında bildirib ki, kanala qayıdışla bağlı işlər artıq başlayıb.

Tramp keçmiş prezident Cozef Baydenin dövründə ABŞ qoşunlarının Əfqanıstandan çıxmasını ölkə tarixinin “utancverici hadisəsi” sayıb. “Taliban”ın bu ölkədə yenidən hakimiyyət gəlişində ABŞ-nin iştirakı aşkar görünürdü. Hakimiyyətə gələn yeni qüvvələrdən minlərlə tərəfdarının sağlığı və təhlükəsizliyi ilə bağlı təminat almadan bu addımın atılması ABŞ-nin Asya ölkələri arasında nüfuzuna daha mənfi təsir göstərib.

Çıxışda ən çox yeri Ukraynadakı müharibəyə həsr edib. Volodimir Zelenski ilə aralarında yaranan gərginlikdən sonra bu məsələ daha cəlbedici sayılır.

Tramp bildirib ki, müharibəni bitirmək üçün yorulmadan çalışır. O, Ukraynaya təminatsız milyardlarla dollar göndərildiyini vurğulayaraq Konqresə sual verib: “Bunun daha beş ilə davam etməsini istəyirsiniz?”. Tramp bununla həm də ali qanunverici orqanı başladığı işə ortaq etməyə cəhd edib. Bununla yanaşı o, Zelenskidən sülh danışıqlarına mümkün qədər tez başlamağa hazır olduğuna dair məktub aldığını bildirib. Tramp ukraynalı həmkarının faydalı qazıntılar üzrə ABŞ ilə saziş imzalamağa hazır olduğunu da qeyd edib.

İMZAL.jpg (156 KB)

Tramp Rusiyanın da danışıqlara hazır olması ilə bağlı “güclü siqnallar” aldığını söyləyib.

O, bununla Ukrayna Prezidenti ilə münasibətlərin normallaşacağı ismarışını verib.

Zelenski də məlum mübahisənin “ayıb” olduğunu söyləyərək atəşkəslə bağlı mərhələli plan təklif edib.

Yeri gəlmişkən, Tramp Ukraynadan danışanda Demokratlar Partiyasının bir qrupu üzv zalı tərk edib.

ABŞ lideri deyib ki, Qrenlandiya xalqı belə bir istək ifadə edərsə, adanı ölkəsinin tərkibinə qəbul etməyə hazırdır. O, adanı bu və ya başqa şəkildə alacaqlarını vurğulayıb. Bu isə yaxın beş ildə Qrenlandiya ilə bağlı ABŞ-Danımarka qarıdurmasının mümkünlüyünü ehtimal etməyə əsas verir.

Bir müddət əvvəl Tramp İsraildə olduğu kimi ştatların da hava məkanında “Qızıl qübbə” raketdən müdafiə sisteminin yaradılması üçün maliyyə ayırmağa da çağırıb. Bu, ABŞ-nin Rusiyanın “Oreşnik” və başqa yeni raketlərinə, silahlarına qarşı Hava Hücumundan Müdafiə sistemi olacaq. Başqa sözlə ABŞ rəqiblərindən qorunmaq üçün bu qübbəni reallaşdırmaqda maraqlı görünür.

MARAQLİ.jpg (628 KB)

Çünki son illər müxtəlif bölgələrdə baş verən silahlı qarşıdurmalar, özəlliklə Rusiyanın Ukraynada tətbiq etdiyi yeni silahlar hava hücumundan müdafiə sisteminin güclü olmasını aktuallaşdırır.

Tramp Bayden administrasiyasını da çıxışında tez-tez tənqid edib. Bildirib ki, komandasının bir ay yarımda gördüyü iş sələfinin hakimiyyəti dövründə etdiklərindən çoxdur. O, Baydeni ABŞ tarixinin “ən pis prezidenti” adlandırıb.

Prezident Bayden hakimiyyətinin dövlət vəsaitinin israf etməsindən dən bəhs edib. Moldovoda “solçu” dəyərlərin təbliğatı üçün 32 milyon dollar, Mozambikdə “sünnətə” 10 milyon dollar, Yaxın Şərq üçün 20 milyon dollar ayrılmasının əhəmiyyətsizliyindən danışıb.

Bununla belə Ukrayna hərbi və maliyyə yardımın kəsiləcəyinə dair bir cümlə belə işlətməyib.

Tramp Çin, Kanada, Meksika və Avropa İttifaqından idxal olunan mallara rüsumu da 20-25 faiz artırıb. Bu isə ABŞ iqtisadiyyatına təsirsiz ötüşməyib. Bildirilib ki, ABŞ səhmləri 3,4 trilyon dollar ucuzlaşıb, Fond bazarında ABŞ-ın son ən yüksək göstəricidən artıq 5,9 faiz aşağı düşüb, “Nvidia” texnoloji şirkəti 800 milyard dollar kapital itirib, “Tesla”nın səhmlərin qiyməti bütün zamanların zirvəsində 40 faiz aşağı düşüb, habelə bitkoin və səhmlər sərbəst şəkildə düşməkdədir.

TİCAR.jpg (62 KB)

Bunları Trampın “ticarət müharibəsi”nin başlanğıcının nəticələri kimi dəyərləndirmək olar. Çünki perspektivdə qarşı tərəfin də adekvat addımlar atacağı istisna edilmir. Hər halda ABŞ liderinin çıxışı və atdığı addımlar Bayden administrasiyası və rəqiblərinə qarşı atılmış addımların məcmusudur. Çıxışında Rusiyaya qarşı sanksiyalardan bəhs edilməməsi də diqqətdən yayınmayıb.

Hələlik isə Trampın Zelenski ilə görüşünə hazırlıq işləri görülür. Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti gələn həftə ABŞ lideri ilə görüşmək üçün Vaşinqtona gedəcəklər.

Bununla Britaniya və Avropa İttifaqının timsalında Fransa ABŞ ilə rəqabətdən yayınmağa səy göstərir. Onun mövqeyini açıq müdafiə etməkdən çəkindiklərindən dolayı yolla özlərinin vasitəçi rolunda görürlər. Tramp hələ Rusiyanın incidəcək, onu qıcıqlandıracaq addımlar atmır. Əksinə, 44 gündə atdığı addımlar daha çox Moskva üçün sərfəli sayılır. Bu oyunda onun əsas rəqibi kimi Çin görünür. Ağ evin Kanada və Meksikaya təzyiqləri ÇXR ilə müqayisədə fərqli məsələdir. Ottava-Pekin münasibətləri normal olmadığı üçün onun Çinə yaxınlaşması ehtimalı azdır. Meksika da hələ ki Çinin müttəfiqi sayılmır.

Odur ki, Tramp ölkəsinin rəqibini sıradan çıxarmaq istiqamətində təzyiqlərini davam etdirir. Ancaq qarşı tərəfin də uyğun cavablar verəcəyi istisna edilmir. Donald Tramp çıxışında həm də görüləcək işlərin də anonsunu verib. Bu baxımdan qarşıdan gələn illərdə güclərin ticarət, nüfuz uğrunda mübarizəsinin güclənəcəyi istisna edilmir. ABŞ zirvədə tək qalmağa, rəqiblər isə ona alternativ formalaşdırmağa cəhd edəcəyi gözlənilir.

Sədrəddin İsmayılov,
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR