İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan sonra Fransa da Bakıya bu jesti etdi – Rusiya isə...

Avqustun 8-də Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə heç şübhəsiz, zaman keçdikcə öz geosiyasi və digər təsirlərini daha qabarıq büruzə verəcək - Güney Qafqazda, ikitərəfli münasibətlərdə, hətta qlobal miqyasda. Niyə?

Ona görə ki, bu, sıradan bir anlaşma deyil. Dünyanın ən qüdrətli dövlətinin başçısının da imzası duran ciddi bir sənəd, konkret öhdəliklər toplusudur. O öhdəliklər ki, Bakının və ələlxüsus İrəvanın Moskva və Tehranla əlaqələrində bənzərsiz korrektələrə gətirəcək.

Başqa yandan, bəyannamə Azərbaycan və Ermənistan arasında müharibə riskini faktiki sıfra endirir. Qısası, bu, təxminən 10 noyabr 2020-ci il üçtərəfli (kapitulyasiya) anlaşması qədər mühüm, konkret bir mərhələnin bitdiyini təsdiqləyən sənəddir və ən azından yaxın illər üçün öz sözünü mütləq deyəcək...

Məlumdur ki, ötən həftəsonu Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni Ağ Evdə, Prezident Donald Trampın şahidliyi ilə paraflanıb. Bunu iki ölkənin XİN başçıları – Ceyhun Bayramov və Ararat Mirzəyan edib. Nazirlər sülh müqaviləsinin imzalanmasına əngəl olan iki şərtdən biri – ATƏT-in Minsk Qrupunun (MQ) buraxılması haqda ATƏT-in baş katibinə ortaq müraciəti də imzalayıb.

Birgə Bəyannamədə də eyni müraciət əksini tapır. Lakin bu dəfə artıq həm də MQ-nin keçmiş üç həmsədrindın biri olan ABŞ dövlətinin adından. Yeri gəlmişkən, ATƏT baş katibi Firudin Sinirlioğlu Bəyannamədə “ATƏT-ə aid məsələni reallaşdırmağa hazır olduğunu” söyləyib. Söhbət əlbəttə ki, Minsk Qrupunun de-yure ləğvi prosedurana başlamaqdan gedir...

Ancaq məlumdur ki, ATƏT-də qərarlar konsensus prinsipi əsasında verilir. Bu xüsusda diqqətçəkicidir ki, digər keçmiş həmsədr ölkə, “böyük bacı” Fransa da (XİN) Ağ Evdəki üçlü anlaşmadan dərhal sonra Minsk Qrupunun de-yure buraxılmasına çağırış edib. Qalır Rusiya.

Hələ ki, Moskvadan, onun XİN-indən səs-soraq yoxdur. Görəsən, susqunluğun arxasındakı motiv nədir? Axı Rusiya XİN-i, özəlliklə onun sözçüsü Mariya Zaxarova Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi saymasını və Ukraynaya görə həmsədr dövlətlər arasında yaranmış soyuqluğu əsas götürərək, MQ-yə gərək olmadığını deyib. Zaxarova üstəlik, qurumun və ona bağlı təsisatların (ATƏT-in şəxsi nümayəndəsi və s.) rəsmi ləğvi üçün Bakı və İrəvana ATƏT-ə birgə müraciət etməyi məsləhət görmüşdü...

Gerçək belədir ki, “artsax” artıq cəhənnəmlik olub. Heç avqustun 8-də, Ağ Evdə Qarabağa ermənilərin qayıdışı haqda Trampa verilən sual da ciddiyə alınmadı.

Məsələ həmçinin ondadır ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul elədiyi qətnamələrdə Qarabağ erməniləri üçün status məsələsi də yer alıb. Bunu da unutmaq olmaz. Təsadüfi deyil ki, uzun illər həmsədrlər Bakı və İrəvanla yanası, Xankəndiyə də baş çəkirdi. Bu isə separatçıları özlərini münaqişənin müstəqil tərəfi kimi hiss etmək kimi yanlış və maksimalist ovqata kökləmişdi.

Bu və digər səbəbdən Azərbaycandan ötrü MQ-nin rəsmi ləğvi əhəmiyyətsiz sayılmaz və prinsipial önəm kəsb edir. Çünki bu ləğv özündə həm də status ideyasının “dəfni”ni ehtiva edir. Revanşist-separatçıları və havadarlarına onları Azərbaycana qarşı yeni avantüraya şirnikləndirəcək kiçicik ümid yeri, balaca bir şans belə saxlamaq olmaz. Əsla olmaz!..

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR