İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan erməni bəyanatı - “Sülh sazişini tanımayacağıq...”

Paşinyan qeyd edib ki, ilin sonunadək sülh müqaviləsinin imzalanması üçün hər şey ediləcək, Amerikada olan Babayan isə sayıqlayır ki, “artsax”ın yerinə heç kim qərar verə bilməz; separatçılar İrəvanın əngəlləyə bilmədiyi prosesi nə qədər ləngidə bilər ki?!

Brüsseldən qayıdan Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının toplantısında qeyd edib ki, ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hər şey ediləcək. “Yeni Müsavat” xatırladır ki, Brüsseldə dövlət başçıları arasında keçirilən son görüşdə sülh müqaviləsinin hazırlanmasıyla bağlı ortaq məxrəcə gəlinib.

Belə ki, tərəflər 1 ay müddətində sülh müqaviləsinin mətninin hazırlanması üçün xarici işlər nazirləri arasında görüşün keçirilməsinə razılıq veriblər, işçi qrupları yaradılacaq. Əgər hər şey normal getsə, sülh müqaviləsi imzalansa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq və “status” mövzusuna sənədlə birdəfəlik son qoyacaq. Müzakirə edilən sülh müqaviləsi Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur. Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, Belçika görüşündəki yeni sənəddə Qarabağ mövzusu, ATƏT-in Minsk Qrupu barədə heç nə yoxdur. Avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Dövlət Televiziyasına müsahibəsində də Prezident İlham Əliyev qəti olaraq bildirmişdi ki, “Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur... Ermənistanın buna nə dəxli var? Bu, bizim daxili işimizdir”.

Amma Qarabağdakı qondarma qurumun hazırda ABŞ-da səfərdə olan “xarici işlər naziri” David Babayan erməni mediasına müsahibəsində deyib ki, “Qarabağın yerinə heç kim qərar verə bilməz”. O, Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsini şərh edib. “Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük, ”artsax"ın yerinə heç kim qərar verə bilməz və qəbul olunarsa, müvafiq reaksiya da olacaq. Bizim aydın şəkildə formalaşdırılmış qırmızı xəttimiz var, onun haqqında daim danışırıq. Biz daim bəyan etməliyik ki, baxışımız dəyişməyib: Qarabağ Azərbaycanın bir hissəsi ola bilməz, bundan söhbət gedə bilməz", - deyə Babayan sərsəmləyib.

Beləliklə, Qarabağ erməniləri sanki özlərini “təklənmiş” kimi hiss edərək, Ermənistana qarşı çıxırlar və ya guya “müstəqil” olduqları rəyi yaratmağa çalışırlar. Halbuki İrəvanın maddi dəstəyi olmasa, acından ölərlər. Hakim “Mülki müqavilə” fraksiyasının deputatı Arsen Torosyan isə bildirib ki, azərbaycanlılarla uzunmüddətli düşmənçiliyin qızışdırılması Ermənistan və ümumiyyətlə bütün erməni xalqı üçün bir tələdir: “Biz düşmənçiliyi qızışdırmamalıyıq. Biz illərdir ”artsax" ideyası ilə yaşadıq. Bunu bizim beynimizə soxdular. Amma 30 il ərzində “artsax”ın müstəqilliyinə nail olunmamış, əvvəlki illərdə uğursuzluğa düçar olmuşuq. Bu fikir özünüaldatma idi. Ermənistanın “dqr”in müstəqilliyini tanımaq şansı yoxdur və heç vaxt olmayıb. Biz yavaşlamış minanın üzərində durmuşuq... İndi bizə şans verilib - ya böyük partlayışın qurbanı oluruq, ya da münaqişəni həll edirik. Bunun üçün müharibə və hərbi münaqişə içində 30 il yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını müalicə etmək lazımdır. Artıq ağıllanmaq vaxtıdır..."

Paşinyanın partiyasından deputat bu etirafı etdiyi halda, hər mümkün tribunada baş nazir və komandası qondarma “status” mövzusunu yeniləyir. O halda, “biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük, ”artsax"ın yerinə heç kim qərar verə bilməz və qəbul olunarsa, müvafiq reaksiya da olacaq" deyərək, ABŞ-dan İrəvanı təhdid etmək, sadəcə bir oyundurmu, yoxsa Paşinyan hakimiyyətinin səmimiyyətinə inanmırlar? Yəni Qarabağ erməniləri Ermənistanın belə əngəlləyə bilmədiyi prosesi nə qədər ləngidə bilər ki?! Ümumən bu planın arxasında Qərb, yoxsa Rusiya dayanır? 

Çingiz Qənizadə seçicilərlə arasında baş verən qalmaqaldan DANIŞDI - VİDEO


 Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, Brüssel görüşündən sonra hər iki dövlət üçün razılaşdırılmış anlaşma oldu: “Xarici işlər nazirləri səviyyəsində sülh mətni üzərində işlərin aparılması bir ay içində hazırlanmalıdır. Bu, Brüsseldə ən uğurlu nəticələrdən biridir. Azərbaycan da üzərinə düşən humanizmi göstərdi, Ali Məhkəmənin kasasiya qaydasında baxdığı işdə 5 erməni diversantı azad edildi. Bu da Brüssel görüşündə Ermənistanın xahişinin nəticəsidir. Azərbaycan sülh sazişi üçün hər şey edir. Amma son erməni təxribatları bizi düşünməyə vadar edir. Düzdür, Paşinyan hökumətin iclasında və partiya toplantısında qeyd edib ki, ilin sonuna qədər sülh müqaviləsi bağlanacaq, biz də buna ümid edirik. Amma separatçılar Azərbaycan ərazisində sülh sazişi ilə razılaşmırlar. Çünki sülh müqaviləsi Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanımasıdır. Ona görə terrorçu-separatçı rejim çox narahatdır. Onlar düşünür ki, Ermənistan sülh müqaviləsi imzalasa, bizə hansı dəstək verəcəklər?”

Ç.Qənizadə hesab edir ki, Babayan kimilərin çıxışları, milyarder Vardanyanın “zühur” etməsi, sərsəm bəyanatlar verməsi separatizmi qidalandırmaq istəyən dövlətlərin təşəbbüsü ilə reallaşır: “Ona görə Vardanyan Fransaya səfər edir, Babayan Konqresdə çıxışa hazırlaşır. Amma Ermənistanın Minsk qrupunu diriltmək cəhdləri də baş tutmur. Bununla ümid edirdilər ki, ”Madrid prinsipləri"ni gündəliyə çıxaracaqlar, xalqların öz müqəddəratını təyin etmək hüququnu masaya daşıyacaqlar, bu da alınmadı. Amma Laçına alternativ yolda nəzarəti gücləndirəcəyik, bölgəyə silah-sursat daşınmasının qarşısı alınacaq, daha sonra separatçıların təmizlənməsi istiqamətində əməliyyat keçirməli olacağıq. Bizə antiterror əməliyyatı üçün bir sutka kifayətdir. Hələlik buna getmirik, Vardanyan, Babayanlar son akkordlarını çalırlar, sonra deməyə sözləri olmayacaq".

Asif Nərimanlı:"Biz deyirik Ankara, bunlar deyir ...."

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Azərbaycan 5 ermənini Ermənistana təhvil verdi, Bakı bununla Brüssel görüşündəki razılaşmanın praktiki mərhələdə icrası addımını atdı: “İrəvan razılaşmanın humanitar punktuna uyğun olaraq, itkin düşmüş azərbaycanlılar haqda məlumat verəcəkmi, yaxud sülh sazişi mətni üzərində işləyəcək işçi qrupunun bir ay müddətində yaradılması ilə bağlı addım atacaqmı?! Təcrübə müsbət cavab gözləntisini azaldır, hərçənd Bakı praktiki addımla İrəvana hərəkət etməsi üçün ”pas ötürdü" və bu, bir ay müddətində razılaşma icra edilməyəcəyi təqdirdə atıla biləcək mümkün addımlara zəmini gücləndirdi. Paşinyan Moskva üzərindən Brüsselə qarşı manevrlər etdiyi vaxt Əliyev Mişelin bir addım önə çıxmasına şərait yaratdı və bununla ruslara da “alternativ masada praktiki irəliləyişlər mümkündür” mesajını verdi. Bu, Putinin Paşinyanla görüşündən sonra erməni maraqlarının önə çıxması riskinə qarşı gediş hesab edilə bilər".

Təhlilçi bununla belə düşünür ki, Ermənistan dövlət sərhədində Azərbaycan mövqelərinə qarşı təxribatları yenidən artırıb: “Bunun Brüssel görüşündən sonra baş verməsi İrəvanın nail olmaq istədiyi iki mümkün hədəfinə diqqət çəkir. Birincisi, Azərbaycanı qarşıdurmaya sövq etmək, Brüsseldə sülh sazişinin mətni üzrə razılaşmanın praktiki mərhələdə icrasını uzatmaq istəyir. İkincisi, Paşinyan ”beynəlxalq müşahidəçi" təklifini yenidən aktuallaşdırmaq niyyətindədir və gərginlik bu məsələnin gündəmə gəlməsinə əsas yarada bilər".

Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə  müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi - AZƏRTAC

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov yada salır ki, Paşinyanın partiyasının üzvü Arman Yeqoyan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Qarabağ mövzusunun müzakirə edilmədiyini və mümkün sazişə bu mövzunun aid olmadığını qeyd edib: “O bu məlumatı Paşinyanın öz fraksiyası ilə görüşdə verdiyinə istinad edir. Erməni tərəfi həmişəki kimi daxili auditoriyanı aldatmaqla məşğuldur. Bəli, doğrudan da Azərbaycan - Ermənistan arasında açılım prosesində Qarabağ müzakirə olunmur, çünki bu məsələ ölkəmizin daxili işidir. Bakı nə ATƏT-lə, nə də Ermənistanla Qarabağı müzakirə etmək fikrindədir. Cənab prezidentin qeyd etdiyi kimi Qarabağa heç bir status verilməyəcək. Əlbəttə ki, indiki halda danışıqların əsl məqsədi Ermənistanın Qarabağdan imtinası, Azərbaycana qarşı ərazi iddialarına son qoymasıdır. Əks təqdirdə, müzakirə edilən sülh müqaviləsi Azərbaycanın nəyinə lazımdır? Azərbaycan o şərtlə danışıqlarda iştirak edir ki, İrəvan keçmişə deyil, gələcəyə baxsın. Əgər belə olmazsa, Azərbaycan rəsmi şəkildə Qərbi Zəngəzura və Göyçəyə iddialarını qaldıra bilər”.

EMİL SALAMOĞLU
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR