İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Bakıya ardıcıl zənglər - Vaşinqton Paşinyan üçün narahatdır

Karen Donfrid növbəti dəfə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb;  Qərb Paşinyanı hakimiyyətdə saxlamaq istəyir və Bakıya qarşı addımlara bu kontekstdə baxmaq lazımdır

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid növbəti dəfə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb. “Yeni Müsavat” qeyd edir ki, bu ilin yayında regionda səfərdə olan Donfrid Bakıya tez-tez zəng edir və bundan əvvəl avqustun 1-də C.Bayramovla danışmışdı.

Azərbaycanlı nazir 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun qəbuledilməzliyini vurğulasa da, ABŞ bu istiqamətdə İrəvana hələ də hər hansı çağırış etməyib. Əksinə, son vaxtlar Azərbaycana münasibətdə ədalətsiz mövqe sərgiləməkdə davam edir. ABŞ səfirinin Şuşaya getməkdən imtinası, qondarma quruma 2 milyon dollar yardım ayırması, konqresmenlərin separatçılara “müstəqillik təbriki” azmış kimi, separatçı David Babayan adlı birisinin Konqresdə çıxışına icazə vermək buna misal ola bilər.

Daha bir mühüm məqam əlbəttə ki, Minsk Qrupu ilə bağlıdır, Donfrid bölgədə səfərdə olarkən Minsk Qrupunu bərpa etmək niyyətləri barədə açıqlamalar vermişdi. O bildirmişdi ki, ABŞ Qarabağ məsələsi ilə məşğul olan Minsk Qrupu həmsədrlərindən biridir: “Biz əvvəlki kimi bu prosesə sadiqik. Biz Avropa İttifaqının vacib rol oynadığını da görürük. Ona görə də hesab edirəm ki, bu, region üçün vacib məqamdır və biz sülhə nail olmaqda Ermənistana kömək üçün mümkün olanı edəcəyik”. Dövlət katibinin köməkçisi Vaşinqtonun Ukraynaya qarşı müharibə fonunda Minsk Qrupunun həmsədrlik formatının “cəhənnəmə getməsi” fikri ilə də razılaşmaq istəməyib. O, “Bu doğru deyil. ABŞ bəyan edir ki, Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləyir”, - deyə bildirib. K.Donfrid bu məsələni gündəmə gətirsə də Rusiyadan dəstək ala bilmədi, amma Minsk Qrupuna yeni həmsədr təyin edərək, ABŞ bu israrlarını davam etdirir. Məhz bu mövqe də İrəvanı “havalandırır”.

Təsadüfi deyil ki, Brüssel görüşündən sonra Ermənistanın xarici işlər naziri yenidən Azərbaycanı ittiham edib. Mirzoyana görə, sülh sazişinin hazırlanmasında Minsk Qrupunun iştirakı mütləqdir. Nazir bununla razılaşmayan Azərbaycanı pozuculuqda ittiham edib. Əlbəttə, ABŞ rəsmisi İrəvana zənglərində də bu mövqeyi daha açıq ifadə edir. Göründüyü kimi, ABŞ-dan edilən zənglərin sülh prosesinə xeyirdən çox, ziyanı var və onu əngəlləyir. Regionda ABŞ və Rusiya arasında çox güclü gizli geosiyasi savaş gedir ki, bu sülh danışıqlarına da aiddir. Bununla paralel, Qərb Paşinyanı da hakimiyyətdə  saxlamaq istəyir; bunun üçün İrəvanın bəzi arzularını ifadə edir ki, Bakıya qarşı yönəlik son addımlara da bu kontekstdə baxmaq lazımdır. Bəs Bakının Vaşinqtonun bu ritorikasına münasibəti necə olmalıdır? Amerikanın mövqeyində hansı halda dəyişiklik ola bilər?

Toğrul İsmayıl: “AŞ PA-nın qəbul etdiyi qətnamə Azərbaycanın maraqlarına  cavab verir” » davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA!

Toğrul İsmayıl

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, hakimiyyətdə olan Demokratlar Partiyası erməni lobbisi ilə işbirliyi içindədir. “Onların əlaqələrinin olduğunu çox yaxşı bilirik. Erməni diasporu böyük pullar xərcləyir. İkincisi, bu bir siyasətdir - Ermənistanı yanına çəkmək, nəzarətdə saxlamaq, bölgədə təsirini artırmaq. Yəni Rusiyaya yaxın olan, Amerikaya çox uzaq olan Ermənistanda indi Vaşinqtonun ən böyük diplomatik korpusu var. Amerikalılar yaxşı bilirlər ki, bölgənin ən güclü dövləti Azərbaycandır. Ermənistanın bu qədər nazı ilə oynamaqla Bakını incik saxlamaq heç bir perspektiv vəd etmir”, - deyə T.İsmayıl qeyd etdi. Professorun fikrincə, Rusiya və Amerika bölgədəki siyasətini beynəlxalq hüquqa uyğun deyil, imperial maraqlar üzərindən qurur: “ABŞ Ermənistanla yaxınlaşarkən düşünmürəm ki, demokratiya faktorunu prioritet hesab edir. Sadəcə, Azərbaycanla Ermənistan arasında problemin həlli, sülh müqaviləsi imzalanması bu güc dövlətlərinin maraqlarına uyğun gəlmir, çünki onların regionda təsirlərini zəiflətmiş olacaq. Hərçənd Azərbaycan daha neytral ölkədir, heç bir hərbi bloka qoşulmayıb, Rusiyanın Avrasiya İqtisadi Birliyinə üzv deyil, amma Ermənistan KTMT üzvüdür, Rusiyaya müttəfiqdir, bu baxımdan ABŞ məntiqlə bizi dəstəkləməlidir. Amma biz tam əksini görürük, Ermənistanın nazını çəkirlər. Burada əsas məsələ həm də bölgədə Türkiyə və Azərbaycanın regionda güclənməsini önləməkdir. Bu da yanlış siyasətdir. ABŞ eyni siyasəti Yunanıstanla bağlı edir: Afinanı silahlanlandırır, Türkiyəyə qarşı Suriyada terrorçulara silah verir, halbuki ikisi də NATO ölkələridir”.

Politoloq Elxan Şahinoğlunun fikrincə, əslində Ermənistan hakimiyyəti iki böyük gücün - Rusiya və ABŞ-ın arasında qalıb. Ekspert hesab edir ki, bunu Ermənistan rəsmilərinin səfər trayektoriyasından da müəyyənləşdirmək olar: “Deməli, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya gedib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarını hüzuruna çağırıb. Görünür, Lavrov Mirzoyandan liderlərin Brüssel görüşünün detallı hesabatını istəyib. Ermənistanın müdafiə naziri Suren Papkiyan isə ABŞ-a gedib. Onu da Pentaqona çağırıblar. Görünür, amerikalılar da İrəvanın Rusiya ilə hərbi əməkdaşlığın səviyyəsini öyrənmək istəyirlər”. Politoloq yada salır ki, üstəgəl Qarabağ separatçılarının “xarici işlər naziri” David Babayanı da Konqresdə gözləyirlər: “Nikol Paşinyan isə Putinlə birgə iqtisadi forumda iştirak edir. Beləliklə, İrəvan həm Moskvaya, həm də onun qatı düşməni Vaşinqtona hesabat verir. Aydındır ki, Paşinyan və hökuməti Rusiyanın ağalığından imtina edə bilmirlər, asılıdırlar, ancaq Vaşinqtonun da şirnikləndirici təkliflərindən vaz keçmirlər. Vaşinqton Ermənistanın Rusiyadan tam imtina edə bilməyəcəyini anlayışla qarşılayır, Kremlin isə bu məsələdə mövqeyi qətidir: ”Mənim yanımda olmalısan".

Zaur Məmmədov: 'Regionla bağlı vasitəçiliyə, hansısa güclərə ehtiyac yoxdur'

Zaur Məmmədov

Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun dediyinə görə, 30 ildir bu Demokratlar qrupu Azərbaycana qarşı ən çirkin qərarların başında durublar: “1980-ci illərin sonunda Bayden, Kerri, Pelosi və qrupun digər üzvləri düşmənləri olan SSR xarici işlər nazirliyinə, Şevardnadzeyə və digərlərinə məktublar yazaraq - ermənilərin Azərbaycan SSR-nin tərkibində yaşaya bilmədiklərinin, onlara qayğının artırılmasının vacibliyinə toxunur, Qarabağ ermənilərinin Azərbaycanın tərkibindən çıxarılaraq müstəqil respublika olmasının vacibliyini qeyd edirdilər. Bu həyasızlığın ən bariz nümunəsi idi. İndi, 44 günlük müharibədən sonra Qarabağın müstəqil deyil, məhz Azərbaycanın tərkib hissəsi olması ilə necə barışa bilərlər? Axı 30 il əvvəl elə özləri ”Qarabağ Azərbaycanın tərkibində qala bilməz “!şüarları ilə aləmə car çəkirdilər. Ümid edək ki, payızda ara parlament seçkilərində Respublikaçılar revanş alarlar. Əks təqdirdə bu qrupun Qafqazdakı sülhə xələl gətirmə ehtimalı kifayət qədərdir. Baydendən söz düşmüşkən, bu həmin Demokratlardır ki, Ukraynada müharibədə Rusiyaya dəstəyə görə Belarusa sanksiya tətbiq etdi, amma Ermənistanla bağlı susqunluq nümayiş etdirdi. Azərbaycan-ABŞ münasibətlərində 16 minlik Qarabağ erməniləri faktorunun gündəmə gətirilməsi gülüncdür”.

Qeyd edək ki, bütün bunlara baxmayaraq, Paşinyan Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı Azərbaycan və Türkiyə ilə normallaşma prosesindən danışıb. Hökumət başçısı bildirib ki, Ermənistan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır və bu problemi Rusiyanın köməyi ilə yaxın gələcəkdə həll etməyə ümid edir: “Mövqe ümumilikdə aydındır - yollar keçdiyi ölkələrin tam suverenliyi altında işləməlidir. Bu layihənin ideyası ondan ibarətdir ki, Ermənistan Azərbaycan ərazisindən, Azərbaycan isə Ermənistan ərazisindən nəqliyyat marşrutları alacaq. Biz bunda çox maraqlıyıq və ümid edirik ki, Rusiya Federasiyasının dəstəyi ilə bu məsələni həll edəcəyik”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR