İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Azərbaycana qarşı “aprel tezisləri”

“Freedom House”un son hesabatı Qərbin qərəzli siyasətinin tərkib hissəsidir

Mərkəzi qərargahı ABŞ-da yerləşən “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı keçmiş SSRİ məkanı və Şərqi Avropa ölkələrini əhatə edən demokratiya hesabatı yayıb. Novator.az-ın məlumatına görə, Qırğızıstan (100 mümkün baldan 11 bal), Qazaxıstan (5 bal), Özbəkistan (3 bal), Belarus (2 bal), Azərbaycan, Rusiya, Tacikistan (1 bal), Türkmənistan (0 bal) qatı avtoritar ölkələr siyahısında gedir.

Hibrid rejimlər (yarıavtoritar, yarıdemokratik) belə sıralanır: Albaniya, Monteneqro, Şimali Makedoniya (46 bal), Macarıstan, Serbiya (43 bal), Ukrayna (40 bal), Kosovo (38 bal), Bosniya və Herseqovina, Moldova (36 bal), Ermənistan (35 bal), Gürcüstan (34) bal.

Bolqarıstan (59 bal), Polşa, Rumıniya (57 bal), Xorvatiya (54 bal) qismən demokratik ölkələr kimi göstərilir.

Estoniya (83 bal), Latviya, Sloveniya (80 bal), Litva (79 bal), Çexiya (74 bal), Slovakiya (70 bal) demokratik ölkələr qrupuna salınıb.

“Freedom House” Azərbaycan hökumətinin xüsusən ölkədə vətəndaş cəmiyyətinin və beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) sərbəst fəaliyyət göstərməsi üçün məkanı ciddi şəkildə məhdudlaşdırdığını qeyd edir.

Hesabatda Azərbaycandan qaz alan Avropa Birliyinə də ittiham var. İddia olunur ki, “demokratik siyasətçilər Avropanın qaz təchizatının Rusiyadan asılılığını azaltmaq səylərindəki ziddiyyətin ya fərqində olmayıblar, ya da bunu önəmli saymayıblar”. 

“Belə görünür bir çox Qərb ölkəsi bu qazı almaqdan məmnundur, eyni zamanda həmin ölkədə gördüyümüz insan hüquqları pozuntularına qarşı mübarizə aparmaq da istəmir”.

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının  dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC

Azər Badamov

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, “Freedom House” beynəlxalq hüquq təşkilatının hesabatları sifarişlər əsasında hazırlanır: “Qərb hansı ölkələrə müdaxilə etmək və daxili sabitliyini pozmaq istəyirsə, o ölkələrin bu hesabatda reytinqi çox aşağı olur. "Freedom House"un bu hesabatı keçmiş SSRİ və Şərqi Avropa ölkələrini əhatə edən demokratiya hesabatı adlanır. Yəni Qərbin fondlarının, demokratiya carçısı adlandırdıqları QHT-lərin və siyasi texnoloqların müdaxiləsi ilə məhdudlaşdırılmış ölkələr demokratiya olmayan ölkələr sırasına daxil edilir. Onlar demokratiya, söz azadlığı və insan hüquqları mövzularını müstəqil ölkələrin daxili işlərinə qarışması üçün alət kimi istifadə edirlər. Qərb hansı ölkələrdə “narıncı inqilab”lar törədərək daxili sabitliyini pozmağa nail olursa, o ölkələr demokratik ölkələr sayılır. Amma onların demokratik saydığı ölkələr uzun illərdir ki, düşdüyü çətin durumdan xilas ola bilmirlər. Məsələn, demokratiya, söz azadlığı və insan hüquqları adları ilə törətdikləri “ərəb baharları” və Ukraynada, Gürcüstanda, Moldovada və Ermənistanda nail olunduqları “narıncı inqilablar”la dövlət çevrilişlərindən sonra düşdükləri vəziyyəti hamı görür. “Freedom House” bu ölkələri yüksək demokratiyanın olduğu ölkələr sırasına daxil edir. Məsələn, Ermənistanda jurnalistlər, siyasi fəallar, müxalifətçilər həbsxanalara salınır. Qərb və onların təsis etdiyi beynəlxalq təşkilatlar onları görmür və bu ölkəni 35 balla dəyərləndirir. Amma ölkəsində siyasi sabitliyi təmin olunmuş, bütün vətəndaşların təhlükəsiz yaşayışını təmin etmiş və öz gücü ilə ərazilərində suverenliyini bərpa etmiş Azərbaycana isə 1 bal verilir. Çünki biz Qərb fondlarının maliyyələşməsini və ölkə daxilində siyasi sabitliyin pozulmasına xidmət edən və xaricdən maliyyələşən radikalların fəaliyyətini məhdudlaşdırmışıq. Onlar üçün maraqlı olan onların maliyyəsi və siyasi texnoloqların hesabına ölkədə siyasi sabitliyi pozmaq əsas məsələdir.

Hesabatda Azərbaycandan qaz aldığına görə Avropa Birliyi də ittiham olunur. Əvvəlcə qeyd etmək istəyirəm ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşularaq Rusiya qazından imtina etməsi nəticəsində Avropa Birliyi böyük iqtisadi çətinliklərlə üzləşib. ABŞ-ın əsas məqsədi Rusiya qazını Avropa bazarından çıxarmaq və ondan dəfələrlə bahalı olan özlərinin mayeləşdirilmiş qazını Avropaya satmaq olub. Bu gün Avropada enerji təhlükəsizliyinin yeganə təminatçısı Azərbaycandır. Ona görə də ABŞ-ın növbəti məqsədi demokratiya adı altında Avropa Birliyinin Azərbaycan qazından imtina etməsinə nail olmaq və bazarda alternativsiz təminatçı olaraq öz hegemonluğunu həyata keçirməkdir. Avropa Birliyi ABŞ-ın bu oyunlarını görür və ona görə də Azərbaycan qazını almaq istəyənlərin siyahısı hər gün artmaqdadır. İqtisadiyyat siyasi maraqlara qurban veriləndə tənəzzül yaranır. Avropa Birliyi bu tənəzzüllə üzləşdiyindən bir daha ABŞ-ın oyunlarının güdazına gedərək Azərbaycan qazından imtina etməyəcək". 

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycan tipli ölkələrə olan qərəzli münasibətdən söz açdı: “Artıq bu cür beynəlxalq qurumlar tam şəkildə öz obyektivliyini itiriblər. Misal üçün, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanın tolerantlıq əmsalında Ermənistandan aşağıda göstərilməsini yada sala bilərik. Azərbaycan tolerantlıq üzrə dünyanın bəlkə də bir nömrəli ölkəsidir, amma görürsünüz ki, lazım olanda necə qərəzli bir mövqe ölkəmizə qarşı göstərilir. Eyni sözü demokratik göstəricilər haqqında da söyləmək olar. Ərazi bütövlüyümüzü bərpa etməyimizi etnik təmizləmə kimi qələmə verən təşkilatdan nə gözləmək olar? Adama deyərlər ki, xristian Avropasının hansısa ölkəsi işğal altında olsaydı və sonra ərazi bütövlüyünü bərpa etsəydi, eyni mövqedən çıxış edərdinizmi? Fələstində baş verən  insanlıq faciəsinə görə İsrailə qarşı heç nə etməyən kollektiv Qərb dünya qarşısında obyektivlik, ədalət, dürüstlük əmsalını itirib. Fikir verin, Avropanın özündə də hansı ölkələri hədəfə alıblar? Məsələn, Macarıstan kimi müstəqil siyasət yürütməyə cəhd edən dövlətləri. Nə var, nə var, Orbanın siyasi tavrı bunların xoşuna gəlmir. Ona görə də kollektiv Qərb həm də nəzdində olan "Freedom House" kimi təşkilatların vasitəsilə müstəqil siyasət aparan ölkələrə təsir etmək mexanizmlərində bulunur. Bunların gözündə gərək marionet olasan ki, sənə yaxşı oğlan desinlər. Marionet olmaq istəməyənləri isə hədəfə alırlar. Azərbaycan, Macarıstan kimi dövlətlər kollektiv Qərbin yedəyində getmək istəmirlər, öz milli maraqlarını qoruyurlar deyə basqı altına salınırlar. Eyni münasibəti qardaş Türkiyəyə qarşı da görə bilərik. Lakin işğalçı İsrail bunların ən yaxın müttəfiqidir. Bundan sonra hansı ədalətdən danışmaq olar? Ona görə də güclü olmalıyıq və öz içimizdə ədalətli olmalıyıq ki, kənardan heç kəs bizə təsir, basqı edə bilməsin".

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

 Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı isə bildirdi ki, “Freedom House”un Azərbaycana qarşı fəaliyyəti aşkar məsələdir: “Qarabağ işğalda olanda bu təşkilat oradakı separatçı rejimin "demokratiyasını" Azərbaycandan üstün tuturdu. Bu hesabatında da Ermənistanın maraqları açıq şəkildə özünü büruzə verir, təkcə ona görə yox ki, Ermənistanın 35 balla qiymətləndirilməsi mübahisəlidir. Bu baxımdan, açıqlanan reytinqin heç bir mənası yoxdur. Lakin bu cür hesabatlarda Azərbaycanın ittiham edilməsi Qərbdə Bakıya qarşı siyasətin tərkib hissəsidir. Bununla Azərbaycana davamlı təzyiq etməyə çalışırlar. İndiyə qədər bu cür təzyiqlər Bakının müstəqil siyasətinə görə edilib, hazırda da Qərbin Cənubi Qafqazdakı planlarından qaynaqlanır. Bununla yanaşı, Qərbdə erməni diasporu/lobbisi həmişə bu kimi təşkilatlar üzərindən Azərbaycana qarşı siyasət aparıblar. İndi də dəyişən heç nə yoxdur".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR