İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Azərbaycana məntiqsiz hərbi təlim iradı - reaksiya

Ekspertlər Dövlət Departamentinin hesabatındakı hiylələrdən danışdılar: “Bakı 30 il ərzində keçirdiyi hərbi təlimlərin heç birində üzərinə götürdüyü heç bir beynəlxalq prinsipləri pozmayıb”

“ABŞ Dövlət Departamenti hesab edir ki, həm Azərbaycan, həm də Ermənistan hərbi təlimlərə dair beynəlxalq sazişi pozur”.

Bu barədə Konqresə təqdim olunan dünya ölkələri tərəfindən silahlara nəzarətin pozulmasına dair illik hesabatda bildirilir (Turan). Departament Azərbaycan və Ermənistanı 2023-cü ildə böyük hərbi təlimlər və ya tədbirlər barədə məlumat verməməkdə ittiham edib: “Ölkələr bunu inam haqqında Vyana sənədinə (VD11 kimi tanınır) uyğun olaraq etməlidirlər”. 

Hesabata görə, 17 noyabr 2022-ci ildə Azərbaycan bildirib ki, 2023-cü təqvim ili üçün VD11 bəndinə əsasən hər hansı hərbi əməliyyat təşkil etməyi planlaşdırmır: “Lakin Azərbaycan Müdafiə Nazirliyinin saytında 2023-cü ilin oktyabrında ”Mustafa Kamal Atatürk 2023" adlı təlim haqqında məlumat verilib. Hətta Azərbaycan hesab edirsə ki, bu təlimlər barədə xəbərdarlıq edilməməlidir, Bakı bu təlim barədə məlumat verməli idi". 

Daha sonra bildirilir ki, Azərbaycan və Ermənistan arasında davam edən münaqişə səbəbindən VD11 ilə bağlı birbaşa diplomatik qarşılıqlı əlaqə məhdudlaşdırılıb. “2023-cü ilin dekabrında ABŞ-ın Bakıdakı səfirliyinin hərbi attaşesi Azərbaycan Müdafiə Nazirliyini VD11 üzrə öhdəliklərini tam yerinə yetirməyə çağırıb. Bundan sonra Bakı 2023-cü il hərbi təlimləri keçirildikdən sonra ATƏT-ə üzv dövlətləri xəbərdar edib. Ermənistana gəlincə, İrəvan da keçən il VD11 üzrə öhdəliklərini yerinə yetirməyib. Əsasən Ermənistan öz silahlı qüvvələri haqqında illik məlumatları, eləcə də digər zəruri məlumatları təqdim etməyib. Ermənistan 2023-cü ildə keçirilmiş heç bir böyük hərbi təlim və ya fəaliyyət barədə məlumat verməyib. 2020, 2021 və 2022-ci illərdə Ermənistan Azərbaycanla davam edən münaqişəyə istinad edərək VD11 üzrə məlumatları, 15 dekabr 2023-cü ildə isə illik məlumatları təqdim etməyib. Bu yaxınlardakı diplomatik əlaqələr belə güman etməyə əsas verir ki, Ermənistan 2024-cü ildə VD11-in tam reallaşmasını bərpa etmək niyyətində deyil, ancaq tərəfdaşlarla ikitərəfli iş üçün  açıq ola bilər”, - sənəddə vurğulanır. 

ABŞ-ın hərbi təlimlərlə bağlı konkret olaraq Azərbaycana iradları nədən qaynaqlanır, nə dərəcədə əsaslıdır? Vaşinqton nədən narahatdır? Bakı doğrudanmı hərbi təlimlərlə bağlı beynəlxalq sazişi pozub?

Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI

Elçin Mirzəbəyli

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası sədrinin müavini, politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı iddialarının heç biri istinad olunan VD11 üzrə öhdəliklərin pozulduğunu deməyə əsas vermir: “Qeyd edim ki, Etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri üzrə 2011-ci il Vyana Sənədi (VD-2011) Avropada etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri və tərksilah üzrə 1986-cı il Stokholm Konfransının Sənədinə və Vyana Sənədinin əvvəlki 1990, 1999-cu il nümunələrinə əsaslanır. ATƏT-ə üzv dövlətlər tərəfindən 2011-ci il noyabrın 30-da Vyanada qəbul edilib və dekabrın 1-də qüvvəyə minib. Sənəd ATƏT-ə üzv dövlətlərin hərbi fəaliyyətlərinin şəffaflığını və proqnozlaşdırıla bilinməsini təmin edən, onlar arasında etimadın möhkəmlənməsinə səbəb olan və etimad və təhlükəsizlik tədbirləri sahəsində silahlı münaqişələrin baş vermə ehtimalını azaldan bir sıra siyasi və hərbi meyarları ifadə edir. Sənəd iştirakçı dövlətlər tərəfindən siyasi öhdəliklər əsasında həyata keçirilən bir sıra müddəaları özündə əks etdirir, həmçinin onların bu müddəalara əməl olunmasına nəzarət etmək hüquqlarını müəyyən edir. Bura aşağıdakı öhdəliklər daxildir: - illik hərbi məlumat mübadiləsi; - təhlükələri azaltmaq üçün tədbirlər; - hərbi xətt üzrə təmasların həyata keçirilməsi; - müəyyən hərbi fəaliyyət növləri haqqında ilkin məlumatlandırma və onların həyata keçirilməsinə nəzarət; - məlumatlandırılmalı hərbi fəaliyyətlər üçün illik planların mübadiləsi və onun həyata keçirilməsi üçün məhdudlaşdırıcı müddəalar; - razılaşdırılmış etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinə riayət edilməsi və onların yoxlanılması; - razılaşdırılmış etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsini qiymətləndirmək üçün illik iclasın keçirilməsi. İştirakçı dövlətlərin qoşunlarının (qüvvələrinin) təlim fəaliyyətlərində iştirakı, onun parametrləri aşağıdakı göstəricilərdən ən azı birinə bərabər olduqda və ya ondan artıq olduqda, müəyyən hərbi fəaliyyət növləri haqqında əvvəlcədən xəbərdar edilməlidir: - Şəxsi heyət - 9000 nəfər - Döyüş tankı - 250 - Zirehli döyüş maşını - 500, - özüyeriyən və yedəyə alınan artilleriya qurğusu - 250 - minaatan və 100 mm çaplı reaktiv yaylım atəş sistemləri - 250. Məlum olduğu kimi, Azərbaycan ABŞ Dövlət Departamentinin hesabatında yer alan zaman kəsiyində qeyd olunan göstəriciləri aşan hərbi təlimlər keçirməyib və buna görə də kimsəni xəbərdar etməməlidir. Bir qayda olaraq, hərbi təlimlərlə bağlı xəbərdarlıq və məlumatlandırma təlimlərin keçirildiyi ərazilərlə həmsərhəd olan dövlətlərlə bağlı olur ki, bu da ölkəmiz tərəfindən hər zaman diqqətə alınır. Qeyd edim ki, bütün bu proses Avropada Adi Silahlı Qüvvələr haqqında Cinah Sazişinə əsasən həyata keçirilir. Birləşmiş Ştatlar 2023-cü il dekabrın 7-dən etibarən sözügedən müqavilə üzrə öhdəliklərinin icrasını dayandırıb. Bu o deməkdir ki, ABŞ ötən ilin sonlarından etibarən Departamentin hesabatında başqalarına qarşı irəli sürdüyü iddiaları əsaslandıran öhdəliklərdən imtina edib. Bu, məntqisizliyin və siyasi həyasızlığın ən son həddidir. Görünür, Ağ Evdə təkcə hərəkət koordinasiyaları deyil, başlarını da itiriblər”.

Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti  yaxşılaşacaq”

Sona Əliyeva

Siyasi təhlilçi, keçmiş deputat Sona Əliyevanın fikrincə, Amerika Birləşmiş Ştatları bu hesabatı ilə özünü balanslı tərəf kimi göstərməyə çalışır: “Əslində bu hesabatda Azərbaycan daha açıq hədəf kimi götürülür. Burada Vaşinqtonu narahat edən əsas səbəb hər iki ölkənin Rusiyanın təsir dairəsində olmasıdır. Birləşmiş Ştatlar və Pentaqon Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Ona görə də, bu cür hesabatlarda ölkələri hədəf alır. Ermənistandan fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi hər zaman keçirdiyi hərbi təlimlərlə bağlı ictimaiyyəti məlumatlandırır. Üstəlik, iki-üç ölkənin birgə keçirdiyi təlimlərlə bağlı da mütəmadi rəsmi məlumatları aidiyyəti qurumlarımız dərc edirlər. Söhbət “Mustafa Kamal Atatürk 2023” təlimlərindən gedirsə, deməli, Amerika NATO ölkəsi olan Türkiyənin Azərbaycanla hərbi sahədə bu qədər yaxınlığından narahatdır. Bu isə çox qəribədir. Çünki Türkiyə bir NATO ölkəsidir. Azərbaycan Ordusunun NATO standartlarına sürətli keçidi Vaşinqtonu niyə bu qədər narahat edir? Cavabı sadədir, Ermənistan bu keçid prosesini çox ləng keçir. Belə olan halda Cənubi Qafqazdakı orduların güc və peşəkarlıq balansı pozulur. Bu isə Ermənistanı və onun havadarlarını narahat edir. Ermənistanın Türkiyə kimi müttəfiqi yoxdur, keçid prosesinin ləngliyi bununla əlaqədardır. Ona görə də ABŞ və Avropa ölkələri Ermənistan ordusunun inkişafı üçün hərəkətə keçirlər. Artıq bu istiqamətdə müəyyən işlər də görülür. Fikrimcə, ABŞ Departamentinin hazırladığı hesabatdakı narahatlıq da məhz bununla əlaqədardır. Bakı 30 il ərzində keçirdiyi hərbi təlimlərin heç birində üzərinə götürdüyü heç bir beynəlxalq prinsipləri pozmayıb”.

Səxavət Məmməd – Yeni Çağ Media

 Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd Azərbaycanı ittiham etməyin heç bir halda doğru olmadığını söylədi: “Azərbaycanda da bəziləri elə düşünür ki, hərbi təlimlərə qəfil qərar verilir və icra edilir. Məsələ ondadır ki, hərbi təlimlər planı əvvəlcədən hazırlanılır, Azərbaycan prezidentinə təqdim edilir və təsdiqlənir. Yəni, 2024-cü ildə keçirilən hərbi təlimlərin planı 2023-cü ilin sonunda təsdiq edilir. Azərbaycan bu məsələlərdə bütün konvensiyalara riayət edir. Azərbaycan həm silahlanmasını, həm də hərbi təlimlərini təkcə konvensiyalara uyğun yox, həm də hərbi doktirinasına uyğun həyata keçirir. Hesab edirəm ki, rəsmi Bakı hesabat verməməkdə haqlıdır. Çünki dünyada heç bir ölkə artıq silahlanma və hərbi təlimlərlə bağlı məsələləri konvensiyalara uyğun aparmır. ABŞ özü belə bu məsələdə konvensiyaları pozur. Əgər ABŞ özü bu məsələdə dəqiq deyilsə, Azərbaycan və Ermənistan niyə hesabat verməlidir? Azərbaycan hərbi təlimləri əvvəlcədən elan edir, təlimlərin xarakterini rəsmi olaraq açıqlayır. Bu cür ittihamlar o zaman gerçəkci olardı ki, gizli şəkildə fəaliyyət həyata keçirilərdi. ABŞ-ın bu tip illik hesabatları standart olaraq siyasi təzyiq kimi istifadə edilir. Məsələ ondadır ki, yaşadığımız zamanda bütün konvensiyalar, beynəlxalq hüquqa heç bir ölkə əməl etmir. Bu tip konvensiyaları pozanlar məhz böyük dövlətlərdir. İşlək olmayan bir konvensiyaya görə Azərbaycanı ittiham etmək, hesab edirəm ki, doğru yanaşma deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR