Onlayn ictimai-siyasi qəzet
12 ildir evsiz qalan Xalq artisti Şeyx Əbdül Mahmudov məmurları qanunu tapdalamaqda, özünü isə “Karlson” kimi damda yaşamağa məcbur edilməkdə ittiham edir.
Musavat.com-a danışan Şeyx Əbdül 12 ildir hüquqi cəhətdən ona məxsus olan mənzildən məhrum edildiyini, üç instansiya məhkəməsinin onun xeyrinə çıxardığı qərarların icra olunmadığını bəyan edib.
Xalq artisti bununla bağlı ölkə rəhbərliyinə rəsmi müraciət etdiyini də deyib:
“Ruhunda, canında, qanında, qəlbində və həyat tərzində xalqımıza, vətənimizə, müstəqil dövlətimizə və dövlətçilik ənənələrimizə istisnasız sevgi bəsləyən, bütün ömrü boyu heç bir şəxsi maraq, imtiyaz və ya təmənna güdmədən yalnız kino yaradıcılığı ilə deyil, eyni zamanda xalqımızın qədim və zəngin tarixini, milli-mənəvi dəyərlərini dünyaya tanıtmaq üçün canla-başla çalışan bir xalq sənətkarı olaraq 81 yaşımda, ömrümün bu çağında məhz bir qrup məmurun özbaşınalığı, sayğısızlığı, qərəzçiliyi və açıq şəkildə qanuna zidd olan əməlləri nəticəsində qanuni və halal haqqım tapdanaraq, ailəmlə birlikdə “Karlson” kimi damda-bacada yaşamağa məcbur edilmişəm. Bəli, damda! Öz doğma yurdumda, dövlətimin və xalqımın gözü qarşısında!
Üç ayrı məhkəmə instansiyasının (Nəsimi Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə) mənim xeyrimə çıxardığı qərarların bu günədək icra olunmaması başadüşülməzdir. Niyə? Hansı səbəbdən bir xalq sənətkarının halal mülkiyyəti ilə bağlı məhkəmə qərarları illərdir yerinə yetirilmir? Hansı qanun, hansı vicdan bu haqsızlığı əsaslandıra bilər?
Ən acınacaqlısı isə odur ki, bu gün bizə “yaşayış üçün” təqdim olunan həmin “damda-baca” heç də dövlətin müvafiq orqanı BŞİH tərəfindən deyil, vaxtilə bizi vədlərlə aldadaraq bu vəziyyətə salan bir özəl tikinti şirkəti tərəfindən müvəqqəti olaraq verilib. Bu isə hər şeydən əvvəl həm vətəndaş olaraq hüquqlarımın, həm də bir sənətkar olaraq ləyaqətimin alçaldılmasıdır.
Əgər bu gün xalq sənətkarı öz ölkəsində, öz evində deyil, damda yaşamağa məcburdursa, bu, artıq təkcə fərdi faciə deyil, bu, cəmiyyətin və dövlətin öz mədəniyyət daşıyıcılarına münasibəti ilə bağlı çox ciddi suallar doğurur. Mən, 81 yaşlı bir ağsaqqal olaraq, ömrümün qalan illərini damda deyil, öz halal evimdə – dövlətimin mənə tanıdığı haqqım olan məkanda yaşamaq və oradan da axirət dünyasına yola salınmaq istəyirəm.
İnanıram ki, ölkə rəhbərliyi bu məsələyə laqeyd yanaşmayacaq və hüququmuzun, ləyaqətimizin bərpası üçün zəruri addımlar atılacaq. Mən bu ölkənin, bu xalqın sənətkarıyam, xalq üçün yaratmışam, dövlət üçün çalışmışam. Bu xalqın, bu dövlətin məni yenidən ayağa qaldıracağına, qanunu və ədaləti bərpa edəcəyinə inanıram”.
Xalidə Gəray
Musavat.com
23 Iyul 2025
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ