Onlayn ictimai-siyasi qəzet
2013-2024-cü illərdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru işləmiş və hazırda Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Musavat.com-a müsahibə verib.
- Bildiyiniz kimi, bu günlərdə Özbəkistanda keçirilən "O səs Özbəkistan" musiqi müsabiqəsində maraqlı anların şahidi olduq. Gənc özbək müğənnisi Dilnoza Akbarova "Bayatı-Şiraz" ifa edib və ifa həm münsiflər heyəti tərəfindən, həm də bütün ictimaiyyət arasında çox anşlaqla qarşılanıb. Biz Azərbaycan Mədəniyyət Mərkəzinin yutub səhifəsindən də izlədik ki, Dilnoza Akbarova bu ifanı 2016-cı ildə Mədəniyyət Mərkəzimizin layihəsi ilə təqdim olunan "Azərbaycan, Qarabağ, sülh və qələbə üçün oxu" adlı layihədə icra edib. Məsələyə dair sizin münasibətinizi öyrənmək istərdik.
- Həqiqətən də zaman hər şeyi öz yoluna qoyur, əsl zəhmət, istedad heç zaman cavabsız qalmır, gec də olsa öz həqiqi dəyərini tapır.
Gənc müğənni Dilnoza Akbarovanın bu çıxışını, Azərbaycan muğamını sevərək ifasını yüksək dəyərləndiririk, biz də bunu izləyərkən çox sevindik və təsirləndik.
"O səs Özbəkistan"ı ayağa qaldıran Dilnoza Akbarovanın Azərbaycan "Bayatı-Şiraz"ı
Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzi olaraq 2016-cı ildə başlatdığımız və 2017-ci ildə təqdimatını etdiyimiz "Azərbaycan, Qarabağ, sülh və qələbə üçün oxu" adlı musiqi klipi o zaman indiki kimi televiziyalarımıza yol tapa bilmədi. Amma sosial şəbəkələrdə olduqca populyarlaşdı, klipi milyonlarla insan izləyərək yüksək dəyərləndirdi. Bu layihəni özbək qardaşlarımızın Azərbaycana bir sevgisi, dəstəyi kimi qəbul etdilər. Azərbaycan Mədəniyyət Mərkəzi olaraq bu layihənin yaradılmasında xidmətlərimiz olduğu üçün özümüzü xoşbəxt və məmnun sayırdıq.
Belə düşündük ki, mətbuatda məqalələr, konfranslar və başqa təbliğati tədbirlərlə yanaşı, Azərbaycan torpaqlarının işğalı, Qarabağdakı bu vəhşiliyi dünyaya çatdırmaq üçün insanların daha yaxşı qəbul etdiyi musiqinin dilindən istifadə edək.
Musiqi klipinin ssenarisini bu cür müəyyənləşdirdik: Klipə 32 özbək gəncini cəlb edərək onları Azərbaycanın füsunkar diyarı, o zaman Ermənistan işğalı altında qalan doğma Qarabağımızın dağıdılmış bölgələri, viran qalmış şəhər və kəndlərini nümayiş etdirək, bununla yanaşı, musiqinin fonunda Qarabağın füsunkar təbiətini canlandıraq. Düzdür, o zaman Qarabağa dair keyfiyyətli videogörüntüləri əldə etmək bizim üçün çox çətin oldu, amma bu işi tamamlaya bildik.
Musiqi layihəsinin əsas məqsədi - özbək sənətçiləri Azərbaycan musiqilərini ifa edərək, qardaş Azərbaycanla həmrəylik nümayiş etdirir, torpaqlarımızın işğalı, Azərbaycan xalqının haqsız təcavüzə məruz qalması faktını bir daha aktuallaşdırır və işğala yox deyir, Qarabağı Azərbaycanın qədim və zəngin diyarı kimi dünyaya tanıdır.
Özbəkistanın əməkdar artistləri Yulduz Turdiyeva, Dilnoza Akbarova (hazırda "Bayatı Şiraz"ı ifa edən), İsroil Saidumarov, eləcə də "Özbək gəncləri", "Surxan" musiqi qrupları və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansamblı layihədə iştirak etdilər.
- Layihədə hansı Azərbaycan mahnılarını seçmişdiniz?
- Layihədə bu Azərbaycan mahnılarını seçmişdik: Klip "Bayatı-Şiraz" muğamı ilə başlayır, "Anadır arzulara Qarabağ", "Ay Laçın", "Sizə salam gətirmişəm" mahnıları ifa edilir və klipin sonunda o zaman Aprel zəfəri - böyük qayıdışı simvolizə edən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin görüntülərinə yer verilərək, azərbaycanlı müğənnilərin "Qarabağ şikəstəsi"nin ifası ilə başa çatır.
O zaman yaxşı xatırlayıram, çox çətinliklər oldu, öncə klipi Qarabağa aid deyil, "Dostluq riştələri" adlandırdıq və klipi çəkib hazır etdikdən sonra "Azərbaycan, Qarabağ, sülh və qələbə üçün oxu" adlandırdıq. Musiqiçilər və ifaçılarla mahnılarımızın ifasında, sözlərin tələffüzü və koordinasiyası üçün də çox iş aparıldı.
Layihə hazır oldu, onun Azərbaycanda və Özbəkistanda təqdimat mərasimlərini keçirdik. Musiqinin klipinə o zaman ən yüksək dəyəri isə sosial şəbəkələr verdi.
Təbii ki, Azərbaycan muğamının ifası çətin, məsuliyyətlidir və hər bir sənətçi onu ifa edə bilmir. Nəzərə alaq ki, ifaçı başqa bir dövlətin, millətin nümayəndəsidir və onun dili, musiqi janrı istənilən halda fərqlidir. Bu səbəbdən özbək qardaşlarımızın bizim musiqini sevərək oxumaları və həm də bu musiqimizi başqalarına sevdirmələrini yalnız və yalnız alqışlamaq lazımdır.
Şükür ki, torpaqlarımız şanlı Ordumuzun gücü, Ali Baş Komandanımız, Prezident İlham Əliyevin uğurlu siyasəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində azad olundu. Bu gün biz qürurla bu mahnıları azad Qarabağımızda, azad Şuşamızda və Laçınımızda dinləyə bilirik, dinlədikcə də əvvəlki əzab və iztirab hisslərini yaşamırıq.
Özbək qardaşlarımız, dostum, tarixçi alim Şöhrət Barlas ilk olaraq Dilnoza Akbarovanın bu ifasını mənə göndərərkən çox təsirləndim və o günləri bir daha xatırladım. Əsl dost dar gündə tanınar, mən bir daha özbək qardaşlarımıza bizim Vətən həsrəti çəkdiyimiz o günlərdə yanımızda olduqları üçün, sədaqətləri üçün təşəkkür edirəm.
Bizim bu əbədi qalacaq "Azərbaycan, Qarabağ, sülh və qələbə üçün oxu" musiqi layihəmizdə iştirakları üçün klipdə yer alan qardaş Özbəkistanın bütün həvəskar və sənətdə sözlərini demiş musiqiçələrinə bir daha minnətdarlığımı bildirirəm.
"Azərbaycan, Qarabağ, sülh və qələbə üçün oxu" musiqi layihəsinin videosu Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yutub səhifəsində yerləşdirilib.
- Azərbaycan mədəniyyəti, musiqisi təkrarsızdır, füsunkardır və bizim ən böyük sərvətimizdir. Siz də bizim üçün çox dəyərli və əzizsiniz, var olun, sizi çox sevirik, əziz özbək qardaşlarımız.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ