İnsanlara hürriyət, millətlərə istiqlal!

“70 yaşdan sonra da estetik əməliyyat etdirmək mümkündür, amma... “ – Həkimdən XƏBƏRDARLIQ

Artıq müasir dövrümüzdə plastik cərrahiyyə müraciət etmək bir dəb halını alıb. Əvvəllər daha çox şou-biznes nümayəndələri, aktyor və aktrisalar estetik əməliyyatlara müraciət edirdisə, indi sıravi insanlar arasında da plastik cərrahiyyə geniş yayılıb. Təbii ki, hər estetik əməliyyat da uğurlu olmur, bəzən ciddi təhlükələrə, hətta ölümə səbəb olur.

Təəssüf doğuran məqamlardan biri isə budur ki, son vaxtlar gənc qadınlar da üz gərmə və digər bu kimi estetik əməliyyatlara müraciət edir. Cərrahi müdaxilənin nəticəsi isə 8-10 il saxlanılır. Manipulyasiyaları 3 dəfədən artıq təkrarlamaq isə tövsiyə olunmur. Deməli, ilk üz gərməni 30 yaşda keçirmək rasional olar. Mütəxəssislər də qeyd edir ki, belə olan halda növbəti prosedurların nəticəliliyi azalır, çünki dərinin bərpası çətinləşir və sairə. Eləcə də 65-70 yaşdan sonra müraciət edilən estetik əməliyyatların o qədər də uğurlu olmadığı haqda iddialar var.

Xatırladaq ki, bir müddət əvvəl 74 yaşlı rusiyalı müəyyən Alla Puqaçova üz gərmə əməliyyatı keçirmişdi və mütəxəssislər onun sonuncu bu əməliyyatının uğursuz olduğunu bildirirdilər. Rusiyalı plastik cərrah İvan Volodçenkov qeyd etmişdi ki, cərrahi əməliyyatın uğursuz olmasının səbəbi müğənninin dəfələrlə əməliyyata girməsi olub:

“Sonuncu üzün dartılması proseduru zamanı ya üz sinirinin yanaq budaqları zədələnib, ya da üz sinirinin yanaq budaqlarında artıq atrofik dəyişikliklər başlayıb ki, bu da əzələlərin işini ləngidir və ya tamamilə pozur”.

Bəs xanımlar daha çox hansı yaşa qədər plastik cərraha müraciət edə bilər?

Mövzu ilə bağlı tanınmış plastik cərrah Elnur Mehrəli Musavat.com-a danışıb:

ELNUR-MEHRELI-PLASTIK-CERRAH-1MN32.jpg (43 KB)

“Təbii ki, hər bir xanım hər bir yaşda gözəl görünmək istəyir və arzulayır ki, yaşından daha gənc, daha enerjili qırışsız və formada olsun.

Amma hər bir yaş dövrünün özünün plastik cərrahi əməliyyatları var. Məsələn, 18-24 yaşlarında olan gənc xanımlar daha çox qaş-gözün vəziyyətinə uyğun dartılmış pozalı estetik görünüş istəyirlər. Qırışların yarandığı sonrakı etapda isə qırışsız üz cizgilərinə sahib olmaq üçün estetik əməliyyata müraciət edirlər.

Əlbəttə ki, təbii olaraq, yaş dövrü ilə əlaqədar qırışlar əməl gəlir və hətta bu qırışlar geri dönməz xarakter alır. Əgər erkən yaş dövründə bu qırışları botoksla aradan qaldırmaq mümkün idisə, sonradan geri dönməz xarakter aldığı üçün artıq uçub dərinin dartılması, üz gərmə, qaş dartmalar tipində estetik əməliyyatlara müraciət etmək zəruriyyəti yaranır.

Praktikamızda 65-70 yaşlı pasiyentlər də estetik əməliyyat üçün müraciət edib. Amma ən doğrusu budur ki, xanımlar istənilən yaş dövründə bədənin dərisinə qulluq etsinlər, istər qidalar, istər də xaricdən krem şəklində, hətta ineksiya formasında orqanizmi qidalandırıcı maddələrlə təmin etsinlər. Belə olan halda estetik əməliyyat da ediləndə bədənin özünün gücü üst-üstə düşür və daha uğurlu, gözəl görünür”.

Elnur Mehrəli qeyd edib ki, son dövrlərdə qadınların da siqaret çəkib, spirtli içkilərdən çox istifadə etməsi dərinin tez qırışmasına, qocalmasına gətirib çıxarır:

“Bu cür pis vərdişlər orqanizmə, dəriyə mənfi təsir göstərir. Belə ki, siqaret dəri elastikliyini öldürür, codlaşdırır, qurudur, təravətlililyini aşağı salır və daha tez qocaldır. Həmçinin spiritli içkilərin çox qəbulu orqanizmə çox pis təsir göstərir.

Bəzən gənc yaşlı pasiyentlərdə ciddi problemlər görürük. Məsələn, 30-35 yaşlarında pasiyentlərimiz olub ki, onların üz qırışları 60 yaşındakı pasiyentlərin üz qırışlarına bənzəyib. Halbuki 70 yaşlarında bir pasiyentimiz olub, üzü o qədər gözəl, təravətli idi ki, xeyli sorğu-sual etdik ki, bu cür dərisini necə qoruyub.

Əlbəttə ki, bu məsələdə genetik faktorlar da var. Amma həyat dövründə qazanılmış müxtəlif mənfi təsirli zərərli vərdişlər dərinin elastikliyinin itirilməsinə, qırışların artmasına səbəb olur”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR