Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Musavat.com APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış iclası sentyabrın 7-nə təyin olunub.
İttihama görə, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini deyib. Mehman Xəlilov uşağın ölümündə günahkar olmadığını bildirilib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ