Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı cinayət işi üzrə araşdırmalar davam edir.
Musavat.com-un xəbərinə görə, hakim qarşısına Mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli çıxarılıblar.
Prosesdə müttəhim Elnur Əhmədli sərbəst ifadə verib.
O, ibtidai istintaqa verdiyi ifadənin bir qismini təsdiqlədiyini və özünü təqsirli hesab etmədiyini bildirib:
"İşlədiyim vaxt tibbi avadanlıqlara görə məsuliyyət daşımırdım. Mənə tibbi panellərin üzərində elektrik yuvalarının qapaqlarının olmaması barədə məlumat verilmişdi, amma buna görə də məsuliyyət daşımırdım. Bu barədə elektrik Asif Dadaşova məlumat vermişdim. Yanğın təhlükəsizliyinə təkcə mən yox, hər şöbə və bölmə rəhbəri cavabdeh idi".
Müttəhimin ifadəsindən sonra zərərçəkmişin hüquqi varisi Emil Abbasəliyev ifadə verib. Deyib ki, yoldaşı ilə digər xəstəxanaya müraciət ediblər:
"Oradan da bizi "Respublika Perinatal Mərkəzi" xəstəxanasına yönləndirdilər. Orada doğumun riskli olduğunu dedilər. Razılıq verdikdən sonra yoldaşımı əməliyyat etdilər. Sonra 2 gün uşağın orada qalacağını bildirdilər. Uşağı çıxarmaq istədim, lakin onun şəkərinin aşağı düşdüyünü dedilər. Hər 3 təqsirləndirilən şəxsi məhkəmə başlayana qədər tanımamışam. Məhkəmədən bu işdə təqsiri olanların qanun çərçivəsində ağır cəzalandırılmasını xahiş edirəm".
Emil Abbasəliyev bildirib ki, yanğından sonra direktor Mehriban Abasquliyeva uşağın yaxşı olduğunu deyib:
"Ona görə də uşağımı "Semaşko" xəstəxanasına göndərdilər. Bunu mənə Mehriban xanım özü demişdi. Hadisə vaxtı Mehriban xanım özü də orada idi, amma onun direktor olduğunu bilmirdim. Elə bilirdim ki, həkimdir. Hadisə zamanı körpələrin üzündəki hisi silirdim".
Qeyd edək ki, ötən il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi”"PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.
Növbəti məhkəmə prosesi aprelin 14-nə təyin edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ