İnsanlara hürriyət, millətlərə istiqlal!

69-cu əfv hazırlığı - bu gün yeni qərarlar veriləcək

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün - aprelin 24-də növbəti dəfə geniş iclası keçiriləcək. Qeyd edək ki, Əfv  Komissiyanın iki iclası keçirilib və 200-dən artıq müraciətə baxılıb. Məlumdur ki, əfv Prezidentin səlahiyyətindədir. Qanun dövlət başçısına məhkumu cəzanın qalan hissəsindən azad etmək; cəza müddətini azaltmaq; cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzləmək hüquqları verir. Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası maksimum 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra qəti qərar qəbul edilməsi üçün Prezidentə təqdim olunur.

Bəs növbəti əfvdən hansı gözləntilər var?

Mövzu ilə bağlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb: “Hər dəfə əfv prosesi öncəsi Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri olaraq öz siyahımızı təqdim edirik. Bu dəfə də yeni siyahı təqdim etmişik. Siyahıda ömürlük həbs cəzasına məhkum olunanlar, dindarlar və bir çox məhkumların adları var. Həmçinin cəzasının 3/2-ni, yarısını çəkmiş insanların da adlarını qeyd etmişik. Hər halda, baxılıb dəyərləndiriləcək.

Novella Cəfəroğlu: “Bizim siyahıdan da əfvə düşənlər çoxdur”

Novella Cəfəroğlu: “Əfv Komissiyasına verdiyimiz siyahıda olan şəxslərin adları...”

Bir çox ömürlük həbs cəzasına məhkum olunan insanlar var ki, artıq 20 ildən çoxdur ki, məhbus həyatı yaşayırlar, bəziləri hətta Birinci Qarabağ müharibəsində iştirak ediblər, onların da adlarını qeyd etmişik. Blogerlər də var, istərdik ki, onlara da əfv düşsün.  Hesab edirəm ki, “Abzas Media”nın xüsusilə qadın jurnalistlərini ev dustaqlığına göndərsələr yaxşı olar. Həmçinin jurnalist Əvəz Zeynallının azadlığa çıxmasını arzulayıram.  Bu gün ölkəmizə qarşı “siyasi məhbus” məsələsi ilə bağlı xeyli qınaq gəlir. Demirəm ki, biz o qınaqlardan qorxuruq, sadəcə, çalışmaq lazımdır ki, digər dövlətlərin qarşısında Azərbaycan haqqında belə bir xoşagəlməz imic formalaşmasın. Bu baxımdan istərdim ki, hamısı azadlığa çıxsın. 

Azərbaycanı hazırda daxildən heç nə sarsıda bilməz. Xüsusilə bir neçə gün öncə Qazağın 4 kəndinin geri qaytarılması ölkəmizin necə güclü bir dövlət olduğunu bir daha sübut etdi. Yaxşı olardı ki, belə bir vəziyyətdə “siyasi məhbus” anlayışı da tamamilə aradan qalxsın". 

Çingiz Qənizadə: 2023-cü il Azərbaycan xalqının yaddaşında dövlət  suverenliyimizin bərpası kimi əbədi qalacaq - AZƏRTAC

Çingiz Qənizadə: “Ölkədə geniş amnistiya verilməsinə böyük ehtiyac var, çünki... ”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə dedi ki, hüquq müdafiəçiləri, cəmiyyətin müxtəlif aktiv təbəqəsi Əfv  Komissiyasının iclaslarını izləyir: “Hesab edirəm ki, qarşıdakı may ayında əfv fərmanı veriləcək. Çünki cənab prezident İlham Əliyevin bu humanist addımı hər il ardıcıl olaraq təkrarlanır və hər dəfə də yüzlərlə məhbus əfv fərmanı ilə azadlığa buraxılır və yaxud cəzasının çəkilməmiş hissəsi dəyişdirilir. Bu proses hər dəfə 300-500, hətta 600 məhbusa şamil edilsə də, onların ailə üzvləri, qohumları, yaxınları da bu sevinci yaşadıqlarına görə minlərlə insan bundan bəhrələnir. Beləliklə də, qarşıdakı may ayında da cənab Pprezidentin minlərə Azərbaycan vətəndaşını sevindirəcəyini düşünürəm”.

Hüquq müdafiəçisi hazırda cəzaçəkmə müəssisələrində böyük sıxlıq yaşandığını, buna görə ölkədə geniş amnistiya aktının imzalanmasına böyük ehtiyac olduğunu qeyd edib: “Bir sıra cəzaçəkmə müəssisələrində monitorinqlər keçirdik və müşahidə etdik ki, həddindən artıq sıxlıq yaşanır. Çox təəssüf ki, son vaxtlar xüsusilə narkotiklə bağlı həbs olunanların sayı durmadan artır. Beləliklə də, cəzaçəkmə müəssislərində sıxlıq yaranıb və buna görə ölkədə geniş amnistiya aktının verilməsinə ehtiyac var. Adətən amnistiya aktı təxminən 10 min və yaxud bundan da çox insana şamil edilir. May ayında veriləcək əfv sərəncamından sonra isə çalışacağıq ki, amnistiya məsələsinin gündəmə gətirilməsi istiqamətində müraciətlər edək, əsaslandıraq və geniş amnistiyanın verilməsinin şahidi ola bilək”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR