İnsanlara hürriyət, millətlərə istiqlal!

64 ildir Avropanın qapısını aça bilməyən ölkə - Türkiyə yenə Vyanada “ilişdi”

Bu əsrin ilk illərində Türkiyənin futbol klubu “Qalatasaray” Avropada uğurlu çıxış edərək UEFA kubokunu qazananda Avropa qəzetlərindən bir neçəsi təxminən belə bir manşet vermişdi: “Türklər yenidən Vyana qapılarına dayanıblar, Avropanı fəth etmək istəyirlər”.

Qəribəydi, sıradan bir idman hadisəsi baş vermişdi, ispanların 11, ingilis və italyanların hərəyə 9, almanların 6, hollandların 4 dəfə qazandığı kuboku 52 ildə cəmi bir dəfə bir türk komandası qazanmışdı, amma idman qələbəsi sırf siyasətə və tarixə aid ifadələrlə təqdim olunurdu.

Avropalılar birdən-birə 1529-cu ilin sentyabrında sultan I Süleymanın komandanlığı altında Osmanlı ordusunun Avstriyanın paytaxtı Vyananı mühasirəyə almasını xatırlamışdılar.

O zaman əlverişsiz hava şəraiti və ordu təchizatının gecikməsi mane olmasa, Osmanlı ordusu Avropanı fəth edəcəkmiş – avropalılarda belə bir inam hələ də var. Və onlar bunu təkcə “Qalatasaray”ın 2000-ci ildə qazandığı kubok zamanı yox, hər zaman xatırlayırlar.

Türkiyə Avropa Birliyinin üzvü olmaq üçün müraciət edəndə də bu tarixi hadisə həmişə avropalıların operativ yaddaşında olub və hələ də aktualdır.

OETAVAWX3NJSXO3HHTPOGPAOMQ.jpg (4.92 MB)

Bu günlərdə Avstriya kansleri Karl Nehammerin Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların bərpasına qarşı çıxması həmin dərin yaddaşın göstəricisidir. Türkiyə 494 ildən sonra yenə də Vyana qapılarının arxasında qalır. Avropa onu heç cür öz qapısından içəri buraxmaq istəmir.

Avstriyadan əvvəl Türkiyənin həmin istəyinin qarşısına Çin səddi çəkən daha iki ölkə var – Fransa və Almaniya. Hələ Hollandiya da o sıradadır. Jarqonla desək, Avropada vəziyyətə bu dövlətlər nəzarət edir.

İndi Nehammer deyir: “Türkiyənin Aİ-yə tam üzv olması bizim üçün mümkün görünmür”; “Uzun illərdir dondurulmuş Aİ-yə üzvlük danışıqlarına rəsmi şəkildə son qoymaq lazımdır”.

Görünür, Türkiyə bu qədər qəti müqavimətdən sonra bu sevdadan əl çəkməli olacaq. Əgər 64 il ərzində avropalılar Türkiyəni “qoca qitə”nin ailəsinə, siyasi və iqtisadi birliyinə buraxmayıblarsa, indən belə də buraxmayacaqlar. Bundan ötrü qitədə elə bir siyasi, hərbi, təbii kataklizm baş verməlidir ki, Avropa dövlətləri xilas yolunu Türkiyəyə yalvarmaqda görsünlər. Prinsipcə, elə bir durum mümkündür (Bu dünyada siyasi planda mümkün olmayan şey yoxdur – imperiyalar dağılır, ayrılmaz müttəfiqlər müharibə edir, barışmaz düşmənlər dost olur və s.). Amma bu nə vaxt olacaq?

1958-ci ildə yaradılmış Avropa İqtisadi İttifaqına qoşulmaq istəyən Türkiyə 31 iyul 1959-cu ildə birliyə tərəfdaşlıq üçün müraciət edib.

30042015174633_ikv_ankara_anlasmasi_1963-4-644x364.jpg (40 KB)

Həmin vaxt Türkiyənin baş naziri Demokrat Partiyasının lideri Adnan Menderes olub. ABŞ-la, SSRİ ilə yaxşı əlaqələr qurmaq, bunu sayəsində ölkəsini böhranlı vəziyyətdən çıxarmaq istəyən Menderes Aİİ-yə (sonradan Aİ) müraciət etməklə Türkiyənin Avropaya doğru ilk addımını atdığını bildirib.

Aİİ-nin Nazirlər Şurası Türkiyənin müraciətini qəbul edib və üzvlük şərtləri yerinə yetirilənə qədər etibarlı olacaq assosiasiya sazişinin imzalanmasını təklif edib. Sözügedən saziş 12 sentyabr 1963-cü ildə imzalanıb və 1 dekabr 1964-cü ildə qüvvəyə minib.

Müqaviləni imzalayan baş nazir İsmət İnönü Avropa İttifaqını "bəşəriyyət tarixi boyunca insan zəkasının ən cəsur işi" olaraq xarakterizə edib.

Ankara sazişinə görə, Türkiyənin Aİ-yə inteqrasiyası üçün üç mərhələ nəzərdə tutulub: hazırlıq dövrü, keçid dövrü və yekun dövr. Birinci dövr sazişin qüvvəyə mindiyi 1 dekabr 1964-cü ildə başlayıb. Tərəflər arasında iqtisadi fərqləri azaltmaq üçün 'Hazırlıq dövrü' olaraq təyin olunan bu dövrdə Türkiyə heç bir öhdəlik götürməyib.

Bundan sonra uzun sürən danışıqlar prosesi başlayıb, Türkiyəyə qarşı şərtlər irəli sürülüb, boynuna öhdəliklər qoyulub, vaxtaşırı görüşlər keçirilib, yeni-yeni mərhələlər elan edilib.

evrenn.jpg (154 KB)

Türkiyə-Aİ münasibətləri 1970-ci illərin əvvəlindən 1980-ci illərin ikinci yarısına qədər siyasi və iqtisadi səbəblərə görə qeyri-sabit bir məcrada gedib. 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra münasibətlər rəsmi olaraq dayandırılıb.

1983-cü ildə Türkiyədə mülki idarəçiliyin yenidən qurulması ilə Türkiyənin xarici dünyaya açılma prosesi başlayıb. Beləliklə, 1980-ci il sentyabrın 12-dən dondurulmuş Türkiyə-Aİ münasibətlərinin canlandırılmasına start verilib.

Yenə yeni bir üzücü görüşlər, danışıqlar mərhələsi başlanıb. Türkiyə Ankara müqaviləsində nəzərdə tutulan müddətlərin tamamlanmasını gözləmədən 14 aprel 1987-ci ildə üzvlük üçün müraciət edib. Komissiya bu ərizə ilə bağlı öz rəyini 18 dekabr 1989-cu ildə elan edib və bildirib ki, icma daxili inteqrasiyasını başa çatdırmadan yeni üzv qəbul edə bilməz. O, həmçinin bildirib ki, Türkiyə Birliyə üzv olmaq hüququna malik olmaqla yanaşı, iqtisadi, sosial və siyasi sahələrdə inkişaf etməlidir.

merkel=erdo.jpg (6 KB)

Türkiyə-Aİ əlaqələrinin dönüş nöqtəsi 10-11 dekabr 1999-cu ildə Helsinkidə keçirilən dövlət və hökumət başçıları zirvəsi olub. Helsinki sammitində Türkiyənin namizədliyi rəsmən təsdiqlənib və digər namizəd ölkələrlə bərabər mövqedə olacağı açıq şəkildə ifadə edilib.

Türkiyə üçün hazırlanmış ilk “Qoşulma tərəfdaşlığı sənədi” 8 mart 2001-ci ildə Avropa Şurası tərəfindən təsdiq edilib.

Qoşulma tərəfdaşlığı 2003, 2005, 2006 və 2008-ci illərdə Avropa İttifaqı tərəfindən nəzərdən keçirilib. Milli proqram 2003, 2005 və 2008-ci illərdə yenilənib. Hər fürsətdə Avropa Birliyinə üzvlük yolunda qətiyyətini göstərən siyasi iradə islahatları da sürətləndirib. Danışıqların başlanması üçün ilkin şərt olan siyasi kriteriyalara cavab verən uyğunlaşdırma qanun paketləri TBMM tərəfindən intensiv şəkildə qəbul edilib. Əsas hüquq və azadlıqların əhatə dairəsini genişləndirən, demokratiya, qanunun aliliyi, fikir, ifadə və insan hüquqları kimi sahələrdə mövcud tənzimləmələri gücləndirən və təmin edən islahatlar davam etdirilib.

3 oktyabr 2005-ci ildə Lüksemburqda keçirilən hökumətlərarası konfransla Türkiyə rəsmi olaraq Aİ-yə üzvlük danışıqlarına başlayıb. Həmin gün mətbuat konfransı keçirilib və Türkiyə üçün çərçivə sənədi dərc olunub. Beləliklə, Türkiyə ilə Aİ arasında qeyri-sabit münasibətlər çox mühüm bir dönüş nöqtəsini keçərək tamamilə yeni bir mərhələyə keçib.

_102381943_gettyimages-531573930.jpg (49 KB)

Aİ-nin bəzi üzv dövlətləri siyasi maneə olaraq Kipr problemini qaldırıblar.

Türkiyə Avropa İttifaqının irəli sürdüyü tələb və şərtləri bir-birinin ardınca yerinə yetirsə də, ölkənin birliyə qəbul edilməsi yenə də müsbət həll edilməyib.

2015-ci ildə Türkiyənin Suriyadan bir neçə milyon qaçqın qəbul etməsi ölkənin humanitar siyasəti ilə yanaşı, Avropa İttifaqı ölkələrinin ağır durumda qalmaması üçün olub. Bu hadisə Türkiyə-Aİ münasibətlərini yaxşılaşdırıb.

Ancaq 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra Aİ-nin Türkiyə ilə həmrəylik nümayiş etdirməməsi, dolayısı ilə qiyamçıların tərəfini tutması əlaqələrə, danışıqlar prosesinə mənfi təsir göstərib. Belə çıxır ki, Türkiyədə hərbi qiyam qalib gəlsə, xunta rejimi yaransa, daha sonra Fətullah Gülən Amerikadan təyyarə ilə Ankaraya gələrək (1979-cu ildə Xomeyni Fransadan gəldiyi kimi) hakimiyyətə yiyələnsə, bu, Avropa üçün daha sərfəli variant olacaqmış.

ab-tur.jpg (18 KB)

Beləliklə, düz 64 ildir ki, Türkiyə Avropa qapılarını aralayıb içəri keçə bilmir. Bunun əsas səbəbi odur ki, Avropa ölkələri 85 milyon müsəlman əhalisi olan ölkəni öz ailələrinə qəbul edib qitənin demoqrafik tərkibini sarsıntıya məruz qoymaq istəmirlər. Qalan şeylər bəhanədir.

1959-cu ildə 7 yaşlı uşaq tv-dən, böyüklərin danışığından eşidərək, “ata, indi biz avropalı oluruqmu” deyə verdiyi suala hələ də cavab almayıb və yaşı 70-i keçmiş həmin kişi nəvələrinin müvafiq sualına da cavab verə bilmir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR