İnsanlara hürriyət, millətlərə istiqlal!

3 liderin Tehran görüşü nə ilə yadda qaldı, qarşıda nələr olacaq...

Qardaş ölkə prezidenti tərəfindən Azərbaycanın da maraqlarının qorunduğu toplantı ilə bağlı ekspertlərdən ilginc açıqlamalar

Tehranda Astana prosesinin qarant ölkələrinin - İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüş dünyanın kifayət qədər nəzər-diqqətini cəlb etdi.

Görüşdə çıxış edən İran prezidenti İbrahim Rəisi Suriyada 11 ildir qanlı münaqişənin davam etdiyini bildirib: “Bunun qarşısını almaq üçün daxili qüvvələrin siyasi dialoqa cəlb edilməsi vacibdir. Rəsmi Tehran Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır. Suriyanın müstəqilliyi toxunulmazdır. Bu məsələdə rəsmi Tehran hər zaman Suriyanı dəstəkləyəcək”. (AZƏRTAC) Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edərək bəyan edib ki, Türkiyə heç nəyə baxmayaraq Suriyada məskən salan terror təşkilatlarını tamamilə məhv etməkdə qərarlıdır və bu istiqamətdə həyata keçirdiyi işləri davam etdirəcək. “Mən hesab edirəm ki, regionda terrora yer olmamalıdır”, - deyən Türkiyə prezidenti bildirib ki, Suriyanın Tel Rifat və Münbiç vilayətləri terror yuvasına çevrilib. Rəcəb Tayyib Ərdoğan beynəlxalq terrora qarşı birgə mübarizənin aparılmasını təklif edib.

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, onun ölkəsinin silahlı qüvvələri Suriya hökumətinin dəvəti ilə bu ölkəyə gəlib və hazırkı dövlət başçısının legitimliyini tanıyır. Onun sözlərinə görə, Suriyada qanuni hökuməti devirib, onun yerində ələ baxan hakimiyyət qurmaq istəyində olanlar var və rəsmi Moskva bunun əleyhinədir.

Bundan əlavə, liderlər ayrı-ayrılıqda aktual məsələlərə də münasibət bildiriblər. “ABŞ Fərat çayının şərq hissəsini tərk etməlidir. Bu, Astana prosesindən çıxan nəticədir. Çünki oradakı terror təşkilatlarını bəsləyən Amerikadır”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərinə dair açıqlamasında bildirib. O qeyd edib ki, Türkiyənin milli təhlükəsizlik problemləri həll olunmadığı müddətcə Suriyanın şimalında yeni bir əməliyyat gündəmdə qalmaqda davam edəcək.

Qardaş ölkənin prezidenti Azərbaycan-Ermənistan münasibətlərindən də bəhs edib. “Bildiyiniz kimi, Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Aldığım bilgilərə görə, istiqamət üzrə hərəkət edilir”, - Ərdoğan qeyd edib. Cənab Ərdoğan yaxın vaxtlarda Zəngilan hava limanının açılışının olacağını diqqətə çatdırmaqla da mühüm mesaj vermiş olub. Ümumilikdə bölgənin üç böyük ölkəsinin liderinin toplantısının nə ilə yadda qaldığı, perspektivdə nələrin baş verəcəyi barədə ekspertlərin fərqli yanaşmaları var.

“Hazırda dünyada, o cümlədən yaxın regionumuzda baş verən mürəkkəb proseslər fonunda Rusiya, İran və Türkiyə liderinin görüşü beynəlxalq birliyin diqqət mərkəzində idi. Hətta bəzi ekspertlər bu görüşü ”Tehran-43" görüşü ilə də müqayisə edirdilər".

Politoloq İlyas Hüseynov bu fikirləri Tehranda baş tutan Türkiyə, Rusiya və İran liderlərinin görüşünü şərh edərkən bildirdi. Şərhçi xatırlatdı ki, 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində Tehranda antifaşist koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Vinston Çörçillin (Böyük Britaniya) iştirakı ilə konfrans keçirilib. “Xüsusilə vurğulamaq lazımdır ki, İkinci Dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tutdu. Bütövlükdə, Tehran konfransı müttəfiq dövlətlərin müharibənin tezliklə qurtarmasına yönəldilən birgə səylərini nümayiş etdirdi. Konfransın böyük tarixi əhəmiyyəti oldu, faşist blokunun böhranının dərinləşdirilməsində mühüm rol oynadı”- İ.Hüseynov bildirdi.

Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə uğurlu nəticələr  əldə olunub” - İlyas Hüseynov | 1news.az | Xəbərlər

İlyas Hüseynov

Ekspert qeyd etdi ki, əlbəttə, 1943-cü ildə keçirilmiş Tehran konfransı ilə indiki sammitin müzakirə predmeti tamamilə fərqli idi: “Lakin nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi fonunda dünyada geosiyasi vəziyyət daha da mürəkkəbləşib, belə olan halda Türkiyə, Rusiya və İran kimi regionun böyük dövlətlərinin liderlərinin görüşü təbii olaraq aktuallıq kəsb edir. Bu müharibənin iki tərəfi olsa da, Qərb dövlətləri birbaşa deyil, dolayısı ilə savaşda iştirak edir, Ukraynaya siyasi, iqtisadi və hərbi dəstək nümayiş etdirir. Həm Ukraynanın silahla təmin edilməsi, həm də Rusiyaya qarşı sanksiyaların tətbiq olunması bunu deməyə əsas verir. Tehran sammitində Qərbin, Avropa dövlətlərinin ciddi sanksiyaları ilə üzləşən Rusiyanın bu sanksiyaların təsirini  maksimum dərəcədə azaltmaq istəyi ilə yanaşı, Yaxın Şərqdə və Cənubi Qafqazdakı vəziyyət də diqqət mərkəzində oldu. Cənubi Qafqazda Vətən müharibəsindən sonra yeni yaranan geosiyasi konfiqurasiyada Türkiyənin yeri və rolu bir qədər də güclənməklə yanaşı, rəsmi Bakı və Ankara arasında imzalanan Şuşa Bəyannaməsi dostluq və qardaşlıq münasibətlərini hərbi müttəfiqlik müstəvisinə qaldırıb. Ərdoğanın Putini gözlətməsindən, Suriya probleminin həllinə və Cənubi Qafqazla bağlı məsələlərin müzakirəsinə qədər bir sıra amillər sammiti yaddaqalan etdi". O ki qaldı İranın ali liderinin bəyanatına, politoloq bildirdi ki, əslində bu bəyanat yeni deyil: “İran tərəfi bu barədə ötən ilin ortalarından danışır. Bu xüsusda qeyd edək ki, əgər Ermənistanın müstəqil dövlət kimi mövcud olduğu 30 il ərzində İranın Rusiya sərhədçilərinin İran-Ermənistan sərhədinə yerləşdirilməsinə dair heç bir problemi və iradı yaranmırdısa, bundan sonra da üçtərəfli birgə bəyanata görə Zəngəzur dəhlizinin təhlükəsizliyini məhz Rusiya tərəfinin təmin etməli olduğunu nəzərə alsaq, bu, İranda heç bir narahatlıq yaratmamalıdır. Buna görə də bütün suallar Ermənistan tərəfinə və 2020-ci ilin 10 noyabr bəyanatını imzalayan Nikol Paşinyana ünvanlanmalıdır. Əgər regionda sülh, sabitlik və təhlükəsizlik, eləcə də regional əməkdaşlıq əsas prioritetdirsə, onda Ermənistan da Azərbaycanın irəli sürdüyü 5 maddəlik baza prinsipi əsasında münasibətlərin qurulmasına maraqlı olmalı və digər şərtlər irəli sürməməlidir”.

Akif Nağı: “Rusiya Ukraynanı itirdi”

 Akif Nağı

QAT sədri Akif Nağı bildirdi ki, Tehran toplantısı üç dövlət arasında “Astana prosesi” çərçivəsində növbəti görüş idi: “Amma dünyada gedən gərgin proseslər fonunda diqqəti ciddi şəkildə cəlb etdi. Orada əsas məsələ kimi ”Astana prosesi"nə uyğun olaraq Suriya məsələsi müzakirə olundu. Bu məsələ ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışdılar, amma deyəsən, tam nail ola bilmədilər. Bir məsələdə anlaşa bildilər ki, ABŞ Suriyadan çıxmalıdır, bu yöndə birgə çalışacaqlarına dair razılıq əldə etdilər. Ən vacib məsələ bu üç ölkənin Suriyada təsir dairələrinin müəyyənləşdirilməsi, terror mənbələrinin zərərsizləşdirilməsi, üç qonşu ölkənin ərazi bütovlüyünün qorunub saxlanması idi".

A.Nağı bildirdi ki, bu məsələlərlə bağlı fikir ayrılıqları qaldı: “Xüsusilə də Türkiyə terror təhlükələrinin aradan qaldırılması üçün orada lokal hərbi əməliyyatlar keçirməkdə israrlıdır. Orada Ukrayna məsələsinin də müzakirə olunduğu açıqlandı. Oradan taxıl idxalına dair vahid mövqedə olduqları bildirildi. Ehtimal ki, digər məsələlər də müzakirə olunub. Bizim üçün daha vacib olan Qarabağ və regionda vəziyyət məsələsidir. Bu məsələnin ikitərəfli görüşlərdə, o cümlədən İranın dini lideri Seyid Əli Xameneyi ilə görüşlərdə müzakirə olunduğu bildirilib”. QAT sədri dedi ki, bu görüşlərdə Qarabağın işğaldan azad edilməsi, orada gedən bərpa işləri ilə bağlı xoş niyyətlər ifadə edilib: “Zəngəzur dəhlizi ilə bağlı İran öz maraqlarına uyğun mövqe sərgiləyib, amma bunu ermənipərəst mövqe kimi hallandırmağa ehtiyac yoxdur. İran bir çox məsələlərdə Azərbaycanla geniş əməkdaşlıq edir, Zəngəzur dəhlizi ilə bağlı isə proseslərə mane olmaq iqtidarında deyil”.

A.Nağı hesab edir ki, oradakı danışıqlarda Azərbaycan fiziki cəhətdən olmasa da, mənən iştirak edirdi: “Türkiyə prezidenti Ərdoğanın ən yaxın dost ölkə ilə bağlı jurnalistin sualına ”Azərbaycan" cavabı bütün danışıqlara öz möhrünü vurdu".

Soçi Bəyanatı diplomatik qələbələrimizin davamıdır”- Tural İsmayılov

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov da bu fikirdədir ki, Tehran görüşü bir çox məsələlər baxımından tarixi əhəmiyyətə malikdir: “Belə ki, İranda gerçəkləşdirilən görüşdə regional əhəmiyyətli mühüm siyasi hadisələr baş verdi. Əvvəla, nəzərə almaq lazımdır ki, pandemiyadan sonra 3 ölkə lideri belə geniş tərkibdə demək olar ki, ilk dəfədir bir araya gəlirdi. Nəticədə, hər üç ölkənin iqtisadi-siyasi imkanları genişləndirilir. Bilirik ki, Suriya siyasətində İran və Rusiyanın bir-birinə yaxın münasibətləri olsa da, Türkiyə hər iki ölkədən bir qədər fərqli mövqe nümayiş etdirir. Türkiyə lideri dəfələrlə vurğulayıb ki, Suriyada insanlıq fəlakətinin yaşanmağına Türkiyə göz yuman deyil”. Ekspert qeyd etdi ki, Tehran görüşündə Suriya ilə bağlı mühüm mövqe ortaqlığı müəyyən edildi: “Yekunda hər üç ölkənin Suriyanın taleyi ilə bağlı bir-birinə yaxın qərarlar verdiyi aydın oldu. Bundan başqa, aydın oldu ki, Turkiyə Rusiya kimi İranla da Suriyada nizam-intizam üçün ortaq məntəqələr formalaşdıra bilər hansısa məqamda. Hesab edirəm ki, bu baxımdan kifayət qədər vacib və əhəmiyyətli qərarlar alınır. Görüşün digər ən mühüm əhəmiyyəti həm də ondan ibarətdir ki, 3+3 platformasının ideya müəlliflərindən olan Türkiyənin arzuladığı ssenari formalaşıb. Regionun 3 önəmli ölkəsi bir araya gələrək bir çox məsələlərdə ortaq həll yolları axtarırlar”. T.İsmayılovun sözlərinə görə, bu gün NATO üzvü kimi Türkiyə yeganə ölkədir ki, Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlıq edir: “Eyni zamanda İranın bütün ideoloji fərqləri önə sürərək Türkiyə ilə münasibətlərdə dürüst görünməməyinə baxmayaraq Türkiyə və İranın da əməkdaşlıq imkanları genişdir. Cənubi Qafqazla bağlı məsələlərin də müzakirə olunduğu görüşdə Azərbaycanın regional əhəmiyyətindən də bəhs edilib”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR