İnsanlara hürriyət, millətlərə istiqlal!

3 alman deputat Putinin ad günü ŞƏNLİYİNDƏ - SENSASİYA

Saksoniya-Anhalt əyalət parlamentinin ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan 3 üzvü Rusiyanın Berlindəki səfirliyində prezident Vladimir Putinin ad günü münasibətilə keçirilən qapalı tədbirdə iştirak edib.

Musavat.com xəbər verir ki, Almaniyanın MDR telekanalının məlumatına görə, şənliyi əvvəllər konstitusiyaya zidd materialların yayılmasına görə fəaliyyəti məhdudlaşdırılmış rusiyayönlü ifrat sağçı “Compact” jurnalı təşkil edib.

Tədbirdə jurnalın baş redaktoru Yurgen Elzesser Putini “Qərb solçuluğuna qarşı Qərb dəyərlərini müdafiə edən dövlət xadimi və vətənpərvər” adlandırıb və Rusiya liderinə “uzun ömür” arzulayıb.

Qonaqlar arasında AfD partiyasının deputatları Hans-Thomas Tilşnayder, Florian Şreder və Frank-Otto Lizurek də olub.

Xüsusilə Tilşnayder daha əvvəl Rusiyayönlü açıqlamaları və 2022-ci ildə işğal olunmuş şərqi Ukraynaya mübahisəli səfəri ilə tanınıb.

Saksoniya-Anhalt əyalətindəki AfD fraksiyasının həmsədri Oliver Kirxner tədbirə dəvət edilməsə də, həmkarlarının iştirakından xəbərdar olduğunu təsdiqləyib. Onun sözlərinə görə, “parlament üzvləri bütün tərəflərlə əlaqə saxlamalıdırlar”.

Hadisə Almaniyada siyasi dairələrdə kəskin reaksiyaya səbəb olub. Rəqib partiyalar AfD nümayəndələrinin bu addımını partiyanın rusiyayönlü xəttinin daha bir sübutu kimi qiymətləndiriblər.

CDU fraksiyasının rəhbəri Guido Hoyer bildirib ki, AfD-nin bəzi üzvləri “azad demokratiyanın əsasları ilə əlaqəni itiriblər”. Liberal FDP partiyasının nümayəndəsi Andreas Silbersack isə AfD-ni “kiminlə eyni cəbhədə olduqlarına – Putinlə, yoxsa Trampla” qərar verməyə çağırıb.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR