İnsanlara hürriyət, millətlərə istiqlal!

“27 gün həyatımın ən ağır günlərini yaşadım, oğlum travma aldı” – Rəşad Atakişiyevin xanımı danışdı

Yanvar 7-si Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.

Şəhid pilotun xanımı Könül Atakişiyeva Musavat.com-a danışıb, həyat yoldaşı ilə bağlı fikirlərini bölüşüb.

“Hərb Tarixi Muzeyinə gəlmişik. Rəşadın xatirələrini andıq, əşyalarını ziyarət etdik. Ondan öncə də Fəxri Xiyabanda olduq. Hərbi Hava Qüvvələri Komandalığı tərəfindən əklillər gətirildi, ailəsi olaraq onu andıq, dualar oxuduq. Hər il Rəşadın xatirəsini müxtəlif formalarda anmağa çalışırıq.

Onun xanımı və övladlarının anası olaraq adını hər zaman uca tutacağam. Kiçik oğlum Qabil həmin hadisə olanda 2 yaşında idi. İndi isə 8 yaşı var. Onun yaşının az olduğunu nəzərə alaraq həmin vaxt atasının elə faciəli şəkildə həlak olduğunu demədik. Uzun müddət onun fikrini yayındırdıq, dedik ki, atası uzaqdadır, hərb sahəsində çalışır. Böyük oğlum isə həmin hadisəni böyük travma ilə qarşıladı. Onun xatirələrində atasının bu dünyadan gedişi çox pis formada, gərginliklərlə qaldı.

İndi Turqut Rəşadın faciəli ölümünü qəbul edib, Qabil isə hələ də bu barədə heç nə bilmir. O, atasının şücaəti ilə hər zaman qürur duyan bir övladdır. Dərslərində də uğurlu uşaqdır. Vətənə layiqli şəkildə şəxsiyyət kimi yetişəcək.

Rəşad mehriban və qayğıkeş bir insan idi. Övladlarını dəlicəsinə sevən bir ailə başçısı idi. Onun bütün arzularını həyata keçirməyə, ideyalarını davam etdirməyə çalışıram. Övladlarına qarşı göstərdiyi qayğını, sevgini və tələbkarlığı bu gün mən həyata keçirirəm. Ailəmdə mehribanlığı və bir-birimizə olan hörməti qorumağa çalışırıq. Çünki Rəşad bizi belə görmək istəyirdi”.

K. Atakişiyevə Qazaxıstanda baş verən təyyarə qəzasından da söz açıb:

“27 gün Rəşadın axtarışları gedən zaman həyatımızın ən acı günləri idi. İlk günlərdə sağ olduğuna ümid var idi. Sonrakı günlər nəşinin tapılmasını böyük səbirsizliklə gözləyirdik. Çox ağır günlər yaşadıq. Aktauda baş verən təyyarə qəzası zamanı həmin ağır günlərimi yenidən xatırladım. Həmin təyyarənin istər sərnişinlərinin, istərsə də pilotlarının ailəsinin nələr yaşadığını bilirdim. Mən pilotların məzarlarını ziyarət etdim. Çox acı və kədərli hadisə idi. Ümid edirəm ki, xalqımızın başına bir də belə acı hadisələr gəlməyəcək”.

2019-cu il iyulun 24-ü saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.

Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssislər cəlb olunublar, avadanlıqlar gətirilib. Azərbaycan Müdafiə Nazirliyinin həmin il avqustun 19-da verdiyi məlumata görə, təyyarənin qara qutusu, bir gün sonra isə pilotun nəşi tapılıb. 2019-cu il 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi İkinci Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib. Ailəli olub. Vətənə yadigar iki övladı qalıb. Yaşasaydı, 40 yaşını qeyd edəcəkdi.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR