Onlayn ictimai-siyasi qəzet
22 fevral tarixindən bu günədək etil spirtindən zəhərlənərək ölən şəxslərin sayı 18 nəfərə çatıb. Onlar əsasən tüfeyli həyat tərzi sürən şəxslərdir. Ölüm hadisələrinin əksəriyyəti Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.
Musavat.com xəbər verir ki, bunun səbəbi adı çəkilən qəsəbədə tüfeyli həyat tərzi sürən şəxslərin çoxluq təşkil etməsi və zəhərlənməyə səbəb olan “Starlyuks” markalı gigiyenik vasitə və etil spirtinin əsasən bu ərazilərdəki apteklərdə satılmasıdır.
Ölən şəxslərin əksəriyyətinin Sabunçuda toplaşdığı yerlərdən biri də dəmiyolu stansiyasının yaxınlığındakı tikilidir. Bu tikili dəmiryolu stansiyasının ərazisində yerləşir. Daha əvvəl bu evdə yaşayış olub. Ərazidə yeraltı tunel tikilən zaman bu fərdi yaşayış evi plana düşüb, sakinlər köçürülüb. Lakin tikili tam sökülməyib. Bundan sonra tufeyli həyat tərzi sürən şəxslər buranı özünə məskən etməyə başlayıblar. Bu hadisəyə qədər də bu tikilidə bir neçə ölüm hadisəsi baş verib.
Son olaraq ötən il səfil həyatı yaşayan şəxslərdən biri qızınmaq üçün yandırdığı ocağın tikilini alışdırması nəticəsində yanaraq ölmüşdü. Ondan əvvəl isə daha bir nəfər vəfat etmişdi. Son olaraq isə etil spirtindən zəhərlənən şəxslərdən birinin cansız bədəni burada aşkar edilib.
Tüfeyli həyat sürən şəxslərin məskəninə və ya “ölüm evi”nə çevrilmiş ərazidən görüntüləri təqdim edirik:
Qeyd edək ki, ölüm faktları ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Ölən şəxslər əsasən 40-60 yaşlarında olmaqla, spirtli içki alüdəçiləridir. Onlardan iki nəfəri qadındır.
Bildirək ki, “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Xanhüseynov Səbuhi Ehtibar oğlunun rəhbərliyi altında qablaşdırılmaqla istehsal olunub.
S.Xanhüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirili bilinərək həbs edilib.
İlkin Muradov
Musavat.com
28 Fevral 2025
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ