Onlayn ictimai-siyasi qəzet
1988-ci ilin yayında BDU-ya sənədlərimi verib ancaq Ağdama kimi gələ bildim. Milçəyi belə az olan şəhərdən gəlmiş “rayon uşağını” Bakının istisi və ağcaqanadı iki gündə elə günə qoymuşdu ki...Cəhənnəmdən qaçmış kimiydim..
Ağdam-Şuşa yolu artıq təhlükəli olmağa başlamışdı. Yolda ermənilər hətta azərbaycanlı maşınlarının qarşısını kəsir, adamları girov götürürdülər, ya da daşlayıb maşınlarının şüşələrini qırırdılar.
Ağdamda cibimi eşələdim, 10 manatdan bir az artıq pulum vardı. Şuşaya getməyə əvvəlki zamanlarda kifayət idi, amma indi...
Şuşaya gedən taksilərinin dayandığı yerə getdim. Çatan kimi də uca səslə “Şuşaya kim məni aparır” soruşdum. Kimsədən səs çıxmadı. Şuşalı olasan, bu məqamda ağdamlıya söz toxumayasan? “Nə oldu, bəs bir neçə ay əvvəl burda bekarçılıqdan və istidən darıxanda gedək Şuşada “Mikayılın xəngəlxanası”nda xəngəl yeyib qayıdaq deyərdiniz?” Ağdamlı olasan, bu sözün “altında” qalasan? “Kimdən qorxacağıq, mən apararam” deyib orta yaşlı, tipik ağdamlı(ancaq şuşalı bilər o sözün mənasını) sürücü qabağa durdu. “Amma 25 manat verəcəksən” dedi. Fikirləşdim ki, evə çatan kimi pulu düzəldib verərəm.
Yola düşdük. İkimiz də hiss etdirməsək də, Ağa körpüsünə kimi gərgin idik, arada oradan-burdan danışdıq, amma ağdamlı qohumlarımın olduğunu demədim ki, mütləq tanıyacaq, “25-liyi” almayacaq. Xatasız-bəlasız gəldik Şuşaya çatdıq. Yuxarı Gövhər Ağa məscidinin yanından üzüaşağı gedəndə çönüb mənə nədənsə diqqətlə baxdı, qapının yanında saxlayanda isə “bura Sabir müəllimin evi deyilmi” soruşdu. “Hə” deyib, “10-luğu” tez ortaya qoydum, bir dəqiqə gözləməsini istədim, söhbəti yanıltmaq üçün “o biri qapı da “taksi Surxay”ın evidir” dedim. “Bilirəm...”dedi. Həyətə girəndə anam armud ağacının altında oturmuşdu, heç görüşməmiş, “15 manat pul gətir, maşını yola salım” dedim. Taksi xoddanmışdı, düşündüm ki, maşını döndərir. Anam dəsmalını açıb pulu verən kimi arxasınca çıxdım, artıq məscidindən yanından burulub getdiyini gördüm...
Tələbə olandan sonra bəlkə də o yolu 5-6 dəfə getdim, o da rus “OMON”un müşahidəsi ilə...Sonra birdəfəlik bağlandı. Ən azı 33 ildir o yoldan keçməz olduq, düşmən bizə yaşatdığının yanında bu “heç nə” kimi görünə bilər. Amma o yolun bağlanması əslində sonrakı işğalların-Xocalının mühasirəsinin, Şuşanın təklənməsinin başlanğıcı idi. Məndən soruşsanız, “Qarabağın işğalı o yolun bağlanması ilə başladı” deyərəm.
İndi o yol heç vaxt olmadığı qədər təhlükəsizdir, Şuşaya o yollada gedəcəyik inşallah. Amma illər keçsə də, ağdamlı kişinin bu jestini həmişə xatırlayıram.
17 noyabr günü başqa bir kişini də xatırladacağam. Topxana meşəsində kəsilən ağaçalar sadəcə, bəhanə idi. Universitet qaynayırdı, mitinq üçün hazırlıqlar vardı, əsas “mətə” BDU-nun yataqxanası, Milli Elmlər Akademiyası idi. Mənim əsas “xəbər təminatçım” vətənpərvər şair Abbas Abdullanın özü kimi vətən istəkli oğlu, qrup yoldaşım Ayxan (Acalov) idi. O deyirdi nə hazırlıq var, nə etmək lazımdır və sair...
17 noyabrda BDU-nun qarşısından çıxanda 100-200 adam olardıq, prospektə çıxanda İnşaat Mühəndislər, Politexniki institutları da dəstəyə qoşuldu. İlk qarşıdurma “Narxoz”un yanında oldu, dəmir lövhələri burdan aşdıq. İndiki Konstitusiya Məhkəməsinin qarşısında isə artıq izdihamı sıxışdırdılar. Biz Ayxanla orta sıralarda idik. Burda xeyli dayanası olduq. İrəli getməyə qoymurdular. Bu vaxt ən qarşıda BDU-nun rektoru Yəhya Məmmədovu gördük, indi deyə bilmərəm, haradan bu dəstəyə qoşulmuşdu, amma orada əsas söhbəti məhz onunla aparırdılar. Biz lap yaxınlaşmışdıq. Yəhya müəllimi bir neçə ay əvvəl- ədəbiyyatdan qəbul imtahanı verən gün ilk dəfə görmüşdüm. “5” qiymət almasaydım, konkursa düşə bilərdim. O vaxt beləydi ki, imtahan komissiyasının sədri özü yüksək qiyməti razılaşmalı idi. Yəhya müəllim riyaziyyatçı idi və ədəbiyyatdan bizə nə sual verə bilərdi ki? Məndən də Azərbaycan ədəbiyyatında “Durnalar” şeirini kimlərin yazdığını soruşdu. Bir az qımışdım, dərhal da cavab verdim.
Yəhya müəllimin söhbət etdiyi yerə çatar-çatmaz alqış sədaları qopdu. Demək, Bakı milisinin rəisi və şəhər rəhbərliyi BDU-nun rektoruna belə bir ultimatum veriblərmiş: “Universitetini də götür, buradan get!” Rektor da ona “mən Patris Lumumba küçəsində(BDU o küçədə yerləşirdi) onların rektoruyam, burada isə onlardan biriyəm” deyibmiş. Sonrası məlum, Azadlıq meydanına gedən yolu açmağa məcbur oldular, Kuka Teatrının yanından keçib meydana girdik. Dərslər də dayadırıldı...
Meydandan sonrakı günlərdə(5 dekabrdan sonra) Yəhya müəllimə yenə də çox basqılar olduğu haqda eşidirdik. Xüsusilə fəalları BDU-dan qovmaq kimi tələblər vardı. Yəhya müəllim isə sonadək tələbələrə qarşı o cür sərt tədbir görülməsini önlədi. Kiməsə töhmət, kimisə xəbərdarlıq etməklə...
SSRİ tarixini tədris edən müəlliməmiz vardı, Çimnaz Qafarova. Yaxşı adam idi, amma onun dərslərini boykot edirdik. O da mənim və Ayxanın adını yazmışdı, guya “xalq cəbhəsi”nin fəalları kimi. Yəhya müəllim auditoriyaya gəldi, bir az sərt danışdı, dedi ki, Azərbaycan tarixini də (Boran Əziz o dərsi deyirdi) tədris edirlər, boykot etmək doğru yanaşma deyil. Sonra Azərbaycan tarixi fənlərini artırdılar. Yəhya müəllim cəmi iki il rektor oldu, şübhə etmirəm ki, 1988-ci ildəki “sözəbaxmazlığına” görə onu belə tez dəyişdilər.
Yəhya müəllimi 17 noyabrın gizli qəhrəmanlarından biri kimi xatırlayıram hər zaman. 2000-ci ildə vəfat edib, bu gün ruhu şaddır. Çünki o Şuşa-Ağdam yolu da açıqdır, Qarabağ da azaddır.
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ